İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni pandemiya gəlir - əlamətləri quduzluq kimi...

Dünyanın hər yerində bu virus baş qaldırır; həkim deyir ki, tam qurtuluş mümkün deyil

Quş qripi (H5N1) insanlar üçün əvvəl düşünüldüyündən daha böyük təhlükə yarada bilər. Bu barədə Merilend Universitetinin İctimai Sağlamlıq Məktəbinin alimlərinin araşdırmasında bildirilir. Onlar 20 illik qlobal məlumatları nəzərdən keçirərək virusun mutasiyaya uğradığı və quşlardan pişiklərə, inəklərdən pişiklərə, pişiklərdən insanlara yayıldığı barədə xəbərdarlıq ediblər. Tədqiqat işi “Open Forum Infectious Diseases” jurnalında dərc olunub.

Musavat.com xəbər verir ki, müəlliflərə görə, pişiklər quş qripinə qarşı son dərəcə həssasdır. Təhlildə daha sonra deyilir ki, 18 ölkədə heyvanlarda qeydə alınan 607 infeksiyanın yarısı ölümlə nəticələnib. Virus orqanizmə ya birbaşa - yoluxmuş quşlar və ya çiy ət yeməklə, ya da dolayı yolla - yoluxmuş inəklərin südü və digər məməlilərlə təmas yolu ilə daxil ola bilər. Bununla belə, pişiklərdə diaqnostika olduqca nadir hallarda və çox vaxt yalnız ölüm faktından sonra aparılır.

Virus quduzluğa bənzər kəskin nevroloji simptomlara səbəb olur. Tədqiqatçıların fikrincə, yüksək ölüm nisbəti və infeksiyanın məişət və kənd təsərrüfatı şəraitində yayılması xüsusilə narahatedicidir. Alimlər qorxur ki, epidemiyalar heyvan sığınacaqlarına çata və sonrakı mutasiyalarla hava-damcı yolu ilə insanlar arasında yayıla bilər.

H5N1 virusuna yoluxan insanlarda əlamətlər adətən klassik qrip simptomları ilə başlayır. Yoluxma yüksək hərarət, öskürək, boğaz ağrısı, baş və əzələ ağrıları, ümumi zəiflik kimi əlamətlərlə müşahidə oluna bilər. Lakin bəzi hallarda bu əlamətlər sürətlə ağırlaşaraq tənəffüs çatışmazlığı, ağciyər iltihabı (pnevmoniya), diareya, qusma və hətta orqan çatışmazlığına qədər irəliləyə bilər. Bəzi hallarda nevroloji pozğunluqlar da qeydə alınır. Xəstəlik vaxtında aşkarlanmasa və müalicə edilməzsə, ölüm riski yüksək olur.

Heyvanlarda, xüsusilə də pişiklərdə quş qripinə yoluxma hallarında daha fərqli və təhlükəli simptomlar müşahidə olunur. Alimlər pişiklərdə quduzluğa bənzər davranışların - yəni aqressivlik, hərəkət koordinasiyasının pozulması, iflic, qızdırma və iştahasızlıq kimi simptomların yarandığını bildirirlər. Çox vaxt bu əlamətlər aşkar edildikdən sonra heyvanlar qısa müddətdə tələf olur. Bu isə virusun heyvanlar arasında nə qədər sürətlə və ağır nəticələrlə yayıla biləcəyini göstərir.

Ümumiyyətlə, 2025-ci ilin may ayına olan vəziyyət göstərir ki, dünya bir sıra yoluxucu virusların yayılması ilə üz-üzədir. Bu virusların bir qismi yeni mutasiyalarla ortaya çıxaraq ciddi narahatlıqlar doğurur, digərləri isə əvvəllər məlum olsa da, yenidən güclü şəkildə yayılmağa başlayıb. Hazırda H5N1 virusu həm Amerika, həm də Avropa qitəsində ciddi şəkildə yayılıb. Braziliyada Rio Grande do Sul ştatında yerləşən Montenegro şəhərindəki bir toyuq fermasında yüksək patogenli quş qripi aşkarlanıb. Bu hadisə Braziliyanın iri toyuq ixracatçısı kimi fəaliyyətinə mənfi təsir göstərib. Çin, Yaponiya, Avropa İttifaqı və digər ölkələr Braziliyadan toyuq məhsullarının idxalını müvəqqəti dayandırıblar.

ABŞ-da isə 2024-cü ilin mart ayından bəri 17 ştatda 1,000-dən artıq süd inəyi sürüsündə H5N1 virusuna rast gəlinib. Virus həm vəhşi quşlarda, həm də ev quşlarında geniş yayılıb. Avropa qitəsində də vəziyyət narahatedicidir - yalnız 2024-cü ilin dekabrı ilə 2025-ci ilin mart ayı arasında 31 ölkədə 743 quş qripi hadisəsi qeydə alınıb.

Pandemiyanın zəifləməsinə baxmayaraq, bəzi ölkələrdə COVİD-19 virusunun yeni variantları yenidən yayılmağa başlayıb. Sinqapur və Honq Konqda yoluxma hallarının artdığı müşahidə edilir. Səhiyyə qurumları əhalini maska istifadəsinə və sosial məsafəyə əməl etməyə çağırır. Yeni variantın nə dərəcədə təhlükəli olduğu hələ də araşdırma mərhələsindədir.

Hindistanın Madhya Pradesh ştatında 2025-ci ilin ilk rübündə 113 chikungunya və 122 dengue virusuna yoluxma qeydə alınıb. Mütəxəssislər bu artımı profilaktik tədbirlərin zəif olması ilə izah edirlər. Braziliyada isə 2025-ci ilin mart ayına qədər 71,000-dən artıq chikungunya virusuna yoluxma təsdiqlənib. Bu tropik viruslar əsasən ağcaqanadlar vasitəsilə yayılır və ciddi qızdırma, oynaq ağrıları və halsızlıqla müşayiət olunur.

Sarı qızdırma virusu da yenidən aktiv fazaya keçib. 2025-ci ildə Braziliyanın Sao Paulo ştatında və Kolumbiyanın Tolima bölgəsində bu virusa yoluxma halları qeydə alınıb. Maraqlısı odur ki, bu yoluxmalar Amazon bölgəsi xaricində baş verib. Bu da virusun coğrafi əhatəsinin genişləndiyini göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bu artımı ciddi siqnal kimi qiymətləndirir.

Braziliyada az tanınan, lakin sürətlə yayılan viruslardan biri də Oropouche virusudur.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Biz vaxtaşırı bu məsələlərə qayıdırıq. Viral infeksiyalar hər zaman gündəmdə olub. Əslində dünyanın müxtəlif bölgələrində endemik ocaqlar mövcud olub və virus infeksiyaları ilə daim qarşılaşmışıq. Lakin COVİD-19 pandemiyasına qədər bu proseslərə bugünkü qədər ciddi yanaşılmırdı. Pandemiyanın nəticələri bu gün bütün dünyanı və tibbi ictimaiyyətini bu məsələlərə daha həssas yanaşmağa vadar edib.

Ayrı-ayrı ölkələrdən vaxtaşırı müxtəlif viruslarla bağlı siqnallar gəlir, hansısa virusun yayıldığı barədə məlumatlar verilir. Nə qədər ki, insanlar yaşayır, viruslardan tamamilə qurtulmaq mümkün olmayacaq. Təbii ki, bu virusların təhlükəlilik dərəcəsi var və onlardan qorunma mexanizmləri üzərində düşünmək vacibdir. Hər bir yeni siqnal insan sağlamlığı üçün təhdid ola bilər, amma məsələlərə təşviş içində yanaşmağa ehtiyac yoxdur. Çünki COVİD-19 pandemiyası səhiyyə müəssisələrinə böyük təcrübə qazandırdı.

Bu gün dünyada birgə əməkdaşlığın uğurlu nümunələri mövcuddur. İnsanlar maskadan istifadə, sosial məsafənin qorunması, şəxsi gigiyena tədbirlərinə əməl etməlidirlər. Qida məhsullarının təmiz yuyulması, bişirilərək istehlak edilməsi, hava-damcı infeksiyası riski olan yerlərdə maskalardan istifadə olunması xüsusilə vacibdir. Bundan əlavə, insanların orqanizmini güclü saxlamaq üçün sağlam həyat tərzi çox önəmlidir. İdmanla məşğul olmaq, sağlam və balanslı qidalanmaq, düzgün yuxu rejiminə riayət etmək - bütün bunlar immun sisteminin gücləndirilməsi üçün əsas şərtlərdəndir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR