Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun növbəti hədəfinin Odessa olduğunu bəyan edib. Dövlət başçısı bu fikri iyunun 11-də Odessada keçirilən “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində çıxışı zamanı bildirib.
Musavat.com xəbər verir ki, Zelenski Rusiya hərbi strategiyasının Odessanı məhv etmək və daha sonra Moldovanın, eləcə də Rumıniyanın sərhədlərinə qədər irəliləmək planı üzərində qurulduğunu deyib.
“Yenidən gözəl şəhərimiz Odessadayıq. Bu şəhər Rusiya üçün hədəfdir. Onlar Odessanı da məhv etmək istəyirlər – necə ki, işğal etdikləri ərazilərdə saysız-hesabsız şəhərləri və kəndləri yerlə bir etdilər. Rusiya hərbi planları bu bölgəyə – Odessaya, daha sonra Moldova və Rumıniya sərhədlərinə istiqamətlənib”, – deyə Zelenski çıxışında vurğulayıb.
Prezident əlavə edib ki, bu təhlükənin qarşısının alınması üçün Ukraynaya yalnız indiki müdafiə deyil, həm də uzunmüddətli təhlükəsizlik zəmanətləri lazımdır:
“Bizi qorumağa bu gün ehtiyacımız var. Amma daha önəmlisi – sabah üçün, gələcək üçün uzunmüddətli təminatlara ehtiyacımız var. Bu, sadəcə arzular deyil, praktiki bir zərurətdir. Hava hücumundan müdafiədən tutmuş kibertəhdidlərə qədər – Ukraynaya real çəkindirici sistemlər və operativ cavab mexanizmləri lazımdır”, – deyə Ukrayna Prezidenti bildirib.
Qeyd edək ki, Zelenskinin bu bəyanatı birbaşa olaraq Rusiyanın Qara dəniz regionundakı mövqelərini genişləndirmək niyyətini ortaya qoyur. Odessa Ukraynanın mühüm strateji liman şəhəridir və onun ələ keçirilməsi ölkənin dənizə çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırar. Bundan əlavə, bu istiqamətdə irəliləyiş Rusiyanı NATO sərhədlərinə – Rumıniyaya bir addım daha yaxınlaşdırmış olar.
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ