Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin bombardmançı təyyarələrinin İranın nüvə müəssisələrinə endirdiyi zərbəyə dair dünya mediasındə yer alan açıqlamalar belədir:
ABŞ prezidenti Donald Tramp: “Son dərəcə uğurlu hərbi əməliyyat keçirdik. İranın nüvə proqramını məhv etdik”;
İsrailin baş naziri Benyamin Netanyahu: “"Təbrik edirəm, prezident Tramp. İranın nüvə obyektlərini ABŞ-nin möhtəşəm və haqlı gücü ilə hədəfə almaq barədə cəsarətli qərarınız tarixi dəyişəcək”;
Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds: "Əmin edim ki, Böyük Britaniya bu hücumlarda iştirak etməyib";
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak : “Sülh güc vasitəsilə mümkündür – bu doğru sözdür. Rusiya da yalnız güc dili ilə sülhü anlayır”;
Pakistan parlamentinin Müdafiə Komitəsinin sədri: “ABŞ-nin bu hərəkətini təkcə siyasi məsuliyyətsizlik kimi deyil, həm də bəşəriyyətə qarşı yönəlmiş hərbi cinayət kimi dəyərləndiririk”;
Almaniya federal kansleri Fridrix Merts: “Federal hökumət hesab edir ki, ABŞ-ın aviazərbələri nəticəsində İranın nüvə proqramının mühüm hissələri zərər görüb. İndi əsas məsələ böhranın daha da dərinləşməsinin qarşısını almaqdır”;
Rusiya Xarici İşlər Nazirliyi: “Suveren dövlətin ərazisinin raket və bomba zərbələrinə məruz qalması ilə bağlı məsuliyyətsiz qərar, buna haqq qazandırmaq üçün hansı arqumentlərdən istifadə olunmasından asılı olmayaraq, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
İranın xarici işlər naziri Əbbas Əraqçi: “Hazırda İranın danışıqlara başlamaq niyyəti yoxdur. Lakin diplomatik çıxış yolları ümumiyyətlə bağlı olmamalıdır. Bu qapı tam qapanmamalıdır”;
İran Radio və Televiziya Korporasiyası baş direktorunun müavini Həsən Abedini:”Üç nüvə obyektindən strateji materiallar əvvəlcədən çıxarılıb. Obyektlərdəki zənginləşdirilmiş uran ehtiyatları təhlükəsizlik məqsədilə başqa yerə daşınıb”.
Beləliklə, Tramp və Netanyahu “uğurlu əməliyyata görə” bir-birini təbrik edir, Merts İranın nüvə proqramının zərər gördüyünü deyir, Rusiya və Pakistan bombardmana etriaz bildirir, Böyük Britaniya bu hadisəyə qarışmadığını söyləyir, İranın rəsmi şəxsləri isə zəngimləşdirilmiş uranın başqa yerə daşındığını açıqlayır.
Bundan başqa, digər İran yetkililəri Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin ABŞ-nin bombardmanından ciddi zərər görmədiyini, yeraltı bunkerlərə xətər toxunmadığını bəyan edirlər.
İndi bunların hansı daha inandırıcıdır? Trampın dilinə etibar yoxdur, o, hüy-küyçüdür və ard-arda, necə deyərlər, bir ayağı üstə yalan popurrisi irad etməyə qadir şəxsdir.
Ancaq münaqişə tərəflərindən biri və birincisi olan İsrailin baş nazirinin əlində bombardmanın effektiv olmasına dair bilgilər olmasa, elə deməzdi. Əksinə, nüvə təsisləri ciddi zərər görməsə, Netanyahu “İrana zərbə vurmaqda davam edəcəyik, işimiz yarımçıq qalıb” deyərdi.
Almaniya kansleri Mertsin açıqlaması da İranın nüvə obyektlərinə ciddi zərbə vurulması barədə onda səhih məlumat olmasının əlamətidir.
Bütün bunlardan sonra İran rəsmilərinin “ciddi bir şey olmayıb, zənginləşdirilmiş uran əvvəlcədən başqa yerə daşınmışdı, nüvə proqramımıza davam edəcəyik, qisas alacağıq” kimi açıqlamalar vermələri isə, görünür, daxili auditoriyaya hesablanıb, xalqa təskinlik vermək məqsədi daşıyır.
Əslində İran rəhbərləri “nüvə obyektlərimiz tam məhv oldu, proqramı dayandırırıq” deyə açıqlama versəydilər, bu raket hücumu və bombardmanların dayandırılmalı olmasının siqnalı olar, artıq ABŞ və İsrailin hücuma davam etmələri lazımsız görünərdi.
“Zənginləşdirilmiş uran öncədən başqa yerə daşınmışdı” demək isə ABŞ və İsraili, xüsusilə də ikincini həmin o “başqa yeri” axtarmaq və bombalamaq üçün bəhanə verir.
İranda Fordo, Natanz və İsfahandan başqa, nüvə obyektlərinin yerləşdiyi daha 12 şəhər var: Tehran, Ramsar, Parçin, Əraq, Ərdakan, Bonab, Karun, Buşehr, Yezd, Sagand, Narigan və Qaçin.
İndi belə çıxır ki, İsrail və ABŞ zənginləşdirilmiş uranın gizlədilmiş olduğu ehtimal edilən bu şəhərləri də bombalamalıdır.
Halbuki İran dövlətini idarə edənlər sonrakı dağıntı və tələfatlara məruz qalmamaq üçün hələ 7-8 gün öncə nüvə silahı əldə etmək istiqamətində çalışmaların dayandırıldığını bəyan etsələr, ziyanın yarısından qayıtmış olardılar.
Belə məsələlərdə emosional davranışlar və açıqlamalar, qisas çağırışları yalnız ziyan gətirir. İran xalqının ora-bura daşınmaması üçün dövlətin nüvə silahı əldə etmək fikrindən daşınması ən doğru qərar olardı.
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ