Onlayn ictimai-siyasi qəzet
2025-ci il Azərbaycan ictimaiyyəti üçün ağır itkilərlə yadda qaldı. İl ərzində ölkənin mədəniyyət, ədəbiyyat, kino, siyasət və biznes həyatında mühüm iz qoymuş bir sıra tanınmış şəxslər dünyasını dəyişdi.
Musavat.com bu il ərzində vəfat edən məşhurların siyahısını təqdim edir.
Azər Baxşəliyev
İlin əvvəlində sevilən aktyor Azər Baxşəliyevin vəfat xəbəri yayıldı. O, “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı. Aktyor uzun sürən xəstəlikdən sonra 2 yanvar 2025-ci ildə dünyasını dəyişdi.
Çimnaz Sultanova
Tanınmış aktrisa və müğənni Çimnaz Sultanova 15 yanvar 2025-ci ildə vəfat etdi. O, “Vicdan haqqı” serialındakı Larisa obrazı və bir çox teatr tamaşalarındakı çıxışları ilə xatırlanır. Sənətçi uzun müddət ağır xəstəliklə mübarizə aparırdı.
Abdolbari Gözəl
Azərbaycanın tanınmış iş adamı, “Azərsun Holdinq”in qurucusu Abdolbari Gözəl 18 yanvar 2025-ci ildə Dubayda dünyasını dəyişib. O, ölkədə özəl sektorun formalaşması və sahibkarlığın inkişafında mühüm rol oynamışdı. “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunmuşdu.
Vidadi Babanlı
98 yaşlı yazıçı, tərcüməçi, “Şərəf” ordenli ədəbiyyat xadimi Vidadi Babanlı avqust ayında dünyasını dəyişdi. O, Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri idi və çoxsaylı əsərləri ilə oxucuların sevimlisinə çevrilmişdi.
Elçin Əfəndiyev
Xalq yazıçısı, tanınmış ictimai-siyasi xadim Elçin Əfəndiyev 3 avqust 2025-ci ildə vəfat edib. Yazıçı “Ağ dəvə”, “Mahmud və Məryəm”, “Baş” kimi əsərləri ilə ədəbi prosesə dərin təsir göstərmişdi. O, həmçinin Azərbaycan Respublikasının sabiq Baş nazir müavini kimi də uzun illər dövlət xidmətində çalışıb.
Xanhüseyn Kazımlı
Sabiq millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı 24 iyul 2025-ci ildə dünyasını dəyişib. Uzun illər parlamentin aktiv üzvü olmuş, sosial rifah və ailə siyasəti mövzularında çıxışları ilə tanınmışdı.
Hacı Murad Yagizarov
Azərbaycan teatr və kino aktyoru, xalq artisti Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.
"Gizir Xanı"
Əfsanəvi kəşfiyyatçı, "Gizir Xanı" ləqəbi ilə tanınan Səyyaf Əhmədov bu ilin sentyabrında Ağdamın Mirəşelli kəndində minaya düşərək həlak olub. O, Ağdam rayonunun Üçoğlan kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.
Cabir İmanov
Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci ildə qəfil ürək tutmasından vəfat etdi. O, “Parni iz Baku” KVN komandasının üzvü, həmçinin televiziya tamaşaçılarının sevimlisi idi.
Oktyabr ayı isə bir-birinin ardınca gələn ağır xəbərlərlə yadda qaldı.
Oqtay Şirəliyev
Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev 3 oktyabr 2025-ci ildə 75 yaşında dünyasını dəyişib. Onun rəhbərliyi dövründə səhiyyə sistemində bir sıra islahatlar həyata keçirilmiş, yeni tibb müəssisələri istifadəyə verilmişdi.
Əminə Yusifqızı
Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı 9 oktyabr 2025-ci ildə 89 yaşında vəfat edib. Onun səsi və səhnə çıxışları bir neçə nəsil tamaşaçının yaddaşında qalacaq. O, həm teatr, həm kino, həm də televiziya sahəsində zəngin irs qoyub.
Əli Səmid Kür
2025-ci ilin oktyabr ayının 13-də vəfat edən Əli Səmid Kür Azərbaycan ədəbi və elmi mühitində tanınan simalardan idi. O, 71 yaşında dünyasını dəyişib və ədəbi fəaliyyətinə görə mədəni ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.
Şəhanə Rəhimli
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ