İnsanlara hürriyət, millətlərə istiqlal!

6 aya 2 milyard dollar - Gürcüstanın turizm uğurunun sirri

Natiq Cəfərli: “Azərbaycanda turizmin inkişafı üçün müxtəlif proqramlar qəbul edilsə də, təməl problemlər hələ də həllini tapmayıb”

Gürcüstan Milli Bankının saytında yerləşdirilmiş materiallara əsasən, 2025-ci il yanvarın 1-dən iyunun 30-dək Gürcüstanın beynəlxalq səyahətçilərdən əldə etdiyi gəlir təxminən 2 milyard dollar təşkil edib.

2025-ci il yanvarın 1-dən iyunun 30-dək olan müddətdə ən böyük məbləği Rusiyadan olan ziyarətçilər xərcləyib - 280,8 milyon dollar. Lakin bu ilin ilk altı ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə Rusiya vətəndaşlarından gələn gəlirlər 26,1% azalıb, Aİ vətəndaşlarından gələn gəlirlər isə əksinə, 12,5% artıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən BMT Turizm Təşkilatının Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında bildirmişdi ki, COVİD-19 pandemiyasından sonra yaxşı bərpa olunmuş və xüsusilə Avropada genişləndirilmiş marketinq səyləri sayəsində ölkəyə turist axını artıb.

“2024-cü ildə beynəlxalq ziyarətçilərin sayı 2023-cü illə müqayisədə 26% artıb, turist xərcləri 5.1 milyard ABŞ dollarına çatıb. Turizm sektoru 2024-cü ildə Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) 4.5% töhfə verib və bu müsbət dinamikanın 2025-ci ildə də davam edəcəyi gözlənilir", - agentlik rəhbəri demişdi.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 9,2 faiz artaraq 290 milyon manat təşkil edib. Gəlirlərin 60,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4 faiz olub (2024-cü ilin yanvar-iyun aylarında 21,1 faiz).

2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,4 faiz artaraq 1970,7 min olub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə  müqayisədə 10,3 faiz artaraq 1192,6 min olub ki, bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faizi Hindistan, 12,8 faizi Rusiya Federasiyası, 9,1 faizi Türkiyə, 6,7 faizi Səudiyyə Ərəbistanı, 5,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,1 faizi İsrail, 3,3 faizi ABŞ, 2,8 faizi Çin, 2,8 faizi Pakistan, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Özbəkistan, 2,4 faizi Küveyt, 2,0 faizi Böyük Britaniya, 1,1 faizi Almaniya, 0,9 faizi İtaliya,   0,7 faizi Gürcüstan, 0,6 faizi Bəhreyn, 0,6 faizi İran, 20,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,8 faizi Bakıda, 7,2 faizi Qusarda, 4,1 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,1 faizi Qubada, 0,5 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,9 faiz artaraq 778,1 min olub ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir.

Natiq Cəfərli atasını itirdi — Yenilənib

Natiq Cəfərli 

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli hesab edir ki, Azərbaycanda turizmin inkişafı üçün müxtəlif proqramlar qəbul edilsə də, təməl problemlər hələ də həllini tapmayıb. N.Cəfərli “Yeni Müsavat”a şərhində bildirdi ki, turizmin inkişafına mane olan ən böyük təməl problemlərdən biri quru sərhədlərin bağlı olmasıdır: “Quru sərhədlərin bağlı olması turizmə çox böyük ziyan vurur. İkinci problem aviabiletlərin çox baha olmasıdır. Məsələn, Gürcüstanın Kutaisi şəhərindən Avropa ölkələrinə aşağıbüdcəli və çarter reysləri təşkil olunur. Təxminən, 200 manata Avropadan Gürcüstana gediş-dönüş biletləri almaq mümkündür. Üçüncü amil isə infrastruktur və hekayə quruculuğudur. Azərbaycanda hotellərin sayı çox azdır, üstəlik, gecələmə qiymətləri də bahadır. Turizmin təməllərindən biri də hekayə quruculuğudur. Bu o deməkdir ki, hekayə qurub onu satmağı bacarmaq lazımdır. Gürcüstanda bir neçə əfsanəni az qala reallaşdırıblar. Məsələn, qədim Kolxida  dastanında qızıl dəri haqqında bölmə var. Onu sanki olmuş hadisə kimi təqdim etməyə, hekayələşdirməyə nail olublar. Ehtimal olunan Kolxida dərisinin olduğu bölgəyə yüz minlərlə turist gəlir. Yaxud dünyada ən qədim daşdan ovulmuş şərab düzəltmək üçün oyuqlar var.  Gürcülər bunu çox yaxşı təqdim edə bildilər ki, təqribən 5-6 min il əvvəl orada şərab istehsal olunub. Çox sayda kilsə, tarixi abidə var ki, təqdimatları yaxşı qurulub. Bu səbəblərə görə təəssüf ki,  Azərbaycanda turizmin nəzərəçarpacaq inkişafını görə bilmirik”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR