Onlayn ictimai-siyasi qəzet
Finlandiya 2026-cı ildə səyahət üçün dünyanın 25 ən yaxşı istiqaməti siyahısına daxil edilib. Bundan əlavə, “World Happiness Report” 2025 hesabatına görə, ölkə səkkizinci il ardıcıl olaraq dünyanın ən xoşbəxt dövləti elan olunub.
Musavat.com xəbər verir ki, bu barədə “Express” nəşri “Lonely Planet”ə istinadən məlumat yayıb.
“Xoşbəxtlik təkcə var-dövlət və ya iqtisadi artım deyil, həm də etimad, bağlılıq və insanların bir-birinə dəstək olacağına inamdır. Daha güclü cəmiyyət və iqtisadiyyat istəyiriksə, ən vacib olan şeyə, bir-birimizə sərmayə qoymalıyıq”, - deyə “Gallup” şirkətinin icraçı direktoru Con Klifton bildirib.
Finlandiya cəmiyyətinin əsas dayağı etimad sayılır. Ölkədə uşaqlar qışın sərt keçdiyi şimal bölgələrində belə “meşə məktəblərinə” gedir, açıq havada oynayır, dırmaşır, qaçır, səhvlərindən öyrənirlər. Müəllimlər hesab edirlər ki, uşaqlar sərbəst böyüməli, həyat təcrübəsini özləri qazanmalıdır.
Bundan başqa, finlər ölkələrinə dərin qürur hissi ilə bağlıdırlar. Dünyada ən yüksək hərbi xidmət göstəricilərindən birinə sahib olan Finlandiyada hər il təxminən 27 min çağırışçı xidmətə başlayır. Ümumilikdə fin kişilərinin 80 faizi hərbi xidmətdən keçir, qadınlar arasında isə könüllülərin sayı hər il 1500 nəfəri ötür.
Finlandiyanın xoşbəxtliyini artıran əsas amillərdən biri də ölkənin təbiət gözəlliyidir. “Min göllər ölkəsi” adlanan bu diyarın ərazisində 200 minə yaxın göl var, ölkənin təxminən dörddə üç hissəsi meşələrlə örtülüdür.
Ölkə həm də şimali qütb işıqlarını (aurora borealis) seyr etmək üçün ideal məkandır, xüsusən də Laplandiyada demək olar ki, hər gecə bu ecazkar mənzərəni izləmək mümkündür.
“İstər yay axşamının qızılı işığında Finlandiya göllərində avarçəkən kimi gəzin, istər İnaridə maral otararkən Saami mədəniyyətinin nəbzini hiss edin, istərsə də Şimal İşıqları görünəndə xizəklə Laplandiyanın acı soyuğundan həzz alın, Finlandiyanın xoşbəxtliyinin təbiətlə harmoniyada başa düşəcəksiniz”, - deyə “Lonely Planet” yazır.
Finlandiya həm də Avropanın ən az əhalisi olan dövlətlərindən biridir. Burada hər kvadrat kilometrə cəmi 17 nəfər düşür. Müqayisə üçün, Böyük Britaniyada bu göstərici 227 nəfərdir.
“Lonely Planet” eksperti Kerri Uoker isə səyahətçilərə Laplandiyada yaşayan saam xalqının mədəniyyəti ilə tanış olmadan Finlandiyadan getməməyi tövsiyə edib:
“Santa Klausu axtarmağa tələsməyin. İnariyə və ya daha şimala, Utsyoki bölgəsinə yollanın. Burada maralların dartdığı xizəklərlə gəzə, tonqal başında oxunan qədim yoik (ritmik poeziya) nəğmələrini dinləyə, haskilərlə yarışlara, buz balıqçılığına və qütb işıqlarını izləməyə qatıla bilərsiniz”, – deyə o bildirib.
Qeyd edək ki, saamlar bu gün də ənənəvi maralçılıqla məşğul olurlar, lakin artıq dronlar və qar motosikletləri kimi müasir texnologiyalardan da istifadə edirlər.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ