Onlayn ictimai-siyasi qəzet
ABŞ və İran arasında son günlər baş verən raket mübadiləsi və 24 iyun atəşkəsindən sonra tərəflər arasında diplomatik dialoq bərpa olunmağa başlayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, gələn həftə hər iki ölkənin nümayəndələri İranın nüvə proqramı ilə bağlı danışıqlar üçün görüşəcəklər.
ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsi çərçivəsində Hollandiya Krallığının Haaqa şəhərində verdiyi açıqlamada bildirmişdir ki, ABŞ və İran rəsmiləri yaxın günlərdə bir araya gələcək. Tramp İranın nüvə obyektlərinin ABŞ-ın hava zərbələri nəticəsində ciddi şəkildə sıradan çıxarıldığını vurğulayaraq, danışıqlarda İranın nüvə proqramına məhdudiyyət qoyulması ilə bağlı razılaşma əldə olunacağına ümid etdiyini bildirib.
Eyni gün ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof CNBC-yə verdiyi müsahibədə qeyd edib ki, İranın uran zənginləşdirmə və nüvə silahı istehsalı sahəsindəki addımları ABŞ üçün “qırmızı xətt” sayılır. O əlavə edib ki, bu danışıqların qısa zamanda genişmiqyaslı sülh sazişinə yol açacağına inanır.
Xatırladaq ki, ABŞ və İran arasında gərginliklər ötən həftə hər iki tərəfin bir-birinə raket zərbələri endirməsindən sonra pik həddə çatmışdı. Lakin atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq tərəflər arasında sülh və nüvə təhlükəsizliyi ilə bağlı müsbət siqnallar gəlməyə başlayıb.
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ