Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun ailəsi onun anım günü münasibəti ilə Azərbaycanda olublar.
Bu barədə Musavat.com-a Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov məlumat verib.
O bildirib ki, Albert Aqarunovun adını daşıyan qardaşı oğlu Şuşaya gedib, əmisinin şəhid olduğu yeri ziyarət edib:
"Mən, bacım oğlu, Albert və onun anası Bakıya gəlmişdik. Şəhidlər xiyabanına getdik və qardaşımın məzarını ziyarət etdik. Daha sonra Albert əmisinin şəhid olduğu yeri görmək üçün Şuşaya səfər etdi. Hazırda İsrailə geri dönmüşük, biz vaxtaşırı Azərbaycana gəlirik".
Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, hələ erkən yaşlarından musiqi ilə maraqlanıb və musiqi məktəbində nəfəs aləti - truba sinfini bitirib.
Albert Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər ailəsinə kömək etmək üçün işləyib.
1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb, Suraxanıda maşınqayırma zavodunda işləyib.
Qarabağ müharibəsi başlayarkən o, könüllü cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb.
Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Aqarunov 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.
Şahanə Rəhimli
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ