İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya XİN-dən ABŞ dövlət katibinə etiraz: Bu, demokratiyadır

Almaniya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Marko Rubionun Almaniya əks-kəşfiyyat idarəsinin Almaniya üçün Alternativ (AfD) partiyasını sağçı ekstremist təşkilat kimi tanıması qərarını tənqid etməsi ilə razılaşmır.

Musavat.com xəbər verir ki, bu mövqe nazirliyin X hesabında yerləşdirilən bəyanatında əksini tapıb.

Bəyanatda bildirilir: "Bu, demokratiyadır. Bu qərar konstitusiyamızı və qanunun aliliyini qorumaq üçün həyata keçirilən hərtərəfli və müstəqil araşdırmanın nəticəsidir".
Xatırladaq ki, mayın 2-də Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi “Almaniya üçün Alternativ”i ideologiyası demokratik azadlıqlarla bir araya sığmayan sağçı ekstremist təşkilat kimi təsnif edib. Qərar hakimiyyət orqanlarının partiya üzvlərini, o cümlədən onların telefonlarını dinləmək imkanı yaradır. Təşkilat hələ qadağan edilməyib - bunu yalnız Federal Konstitusiya Məhkəməsi edə bilər. Qadağan edilsə, AfD 1952-ci ildə keçmiş nasistləri birləşdirən Sosialist İmperiya Partiyası və 1956-cı ildə Almaniya Kommunist Partiyasından sonra Almaniya tarixində qadağan edilən üçüncü partiya olacaq.

ABŞ dövlət katibi Marko Rubio Tramp və İlon Maskın “sevimli” partiyası ilə bağlı bu qərarı şərh edərkən onu demokratiya deyil, "maskalı tiranlıq" kimi qiymətləndirib.
Almaniya XİN isə Rubionun bu mövqeyindən narazıdır: "Son söz müstəqil məhkəmələrə məxsusdur. Biz öz tariximizdən öyrənmişik ki, sağçı ekstremizmə son qoyulmalıdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR