Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçirilən görüşlə bağlı yeni detallar açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, “Fox News”a bildirib.
Uitkoffun sözlərinə görə, Rusiya rəsmiləri ilk görüşdən etibarən geri addım atmağa hazır olduqlarını nümayiş etdiriblər:
“Ruslar Alyaskadakı ilk görüşdə demək olar ki, dərhal güzəştə getdilər. Bu, onların daha mülayim mövqe tutmağa meylli olduqlarının göstəricisi idi”.
Onun sözlərinə görə, Tramp və komandası Ankoricdəki görüşdə yalnız müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh sazişinə fokuslanıblar:
“Biz orada çox vaxt keçirdik, çünki sülh razılaşmasının əldə olunmasında əhəmiyyətli irəliləyiş vardı. Prezident Tramp başa düşdü ki, ilkin şərtlərimiz mövcuddur, niyə bunları tam sülh sazişinə çevirməyək?” – Uitkoff əlavə edib.
Diplomat həmçinin qeyd edib ki, ümumilikdə Vladimir Putin və onun yaxın çevrəsi ilə görüşlərə 24-25 saat sərf edib. Onun sözlərinə görə, bu danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov da iştirak ediblər.
Uitkoff bir neçə dəfə Rusiyaya səfər etdiyini, əsas mövzunun isə Rusiya-Ukrayna müharibəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, xüsusi nümayəndə sonuncu dəfə Moskvaya avqustun 6-da səfər edib. O, Vladimir Putinlə təxminən 3 saatlıq görüş keçirib. Bu ilin əvvəlindən etibarən Uitkoff Rusiyaya ümumilikdə 5 dəfə gedib.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ