Onlayn ictimai-siyasi qəzet
İraqdakı Nəcəf dini hövzəsinin rəhbəri Ayətullah Seyyid Əli Sistani İran ali dini lideri Ayətullah Xameneyini dəstəkləyən bəyanatla çıxış edib. Ayətullah Sistaninin ofisindən yayılan açıqlamada Ayətullah Əli Xameneyi və İran siyasi rəhbərliyinə qarşı sui-qəsd çağırışı ilə bağlı xəbərdarlıq edərək belə bir cəhdin bütün regionu xaosa sürükləyəcəyini bildirərək qınayıb.
Bəyanatda Ayətullah Seyid Əli Sistani beynəlxalq ictimaiyyətə və müsəlman ölkələrinə müraciət edərək İrana qarşı hücumları dayandırmaq və İranın nüvə fəaliyyəti ilə bağlı danışıqları bərpa etməyə çağırıb.
Qeyd edək ki, müctəhidin bu bəyanatının ardınca elan olunub ki, İraqda “İran tək deyil” şüarı ilə etiraz aksiyası keçiriləcəyi elan olunub. Ayətullah Seyyid Əli Sistani əslən İranın Sistan vilayətindən olsa da artıq uzun illərdir ki, Nəcəfdə yaşayır və hazırda Nəcəf elmi hövzəsinin faktiki lideri və mərcəyi-təqlid mütləqdir. İraqda və dünyanın müxtəlif ölkələrində müqəllidləri olan Ayətullah Sistani eyni zamanda Nəcəf elmi-dini mərkəzinin rəhbəri hesab olunur. Ondan əvvəl bu vəzifəni 1992-ci ilə qədər azərbaycanlı böyük islam alimi Ayətullah Seyyid Əbülqasim Xoyi tutub.
Ayətullah Sistani bir qayda olaraq ictimai-siyasi proseslərə nadir hallarda, taleyüklü məsələlərdə münasibət bildirir. Onun 2014-cü ildə İŞİD-in Mosulu almasından sonra verdiyi fətvadan sonra 3 gün ərzində 100 mindən çox iraqlı orduya yazılmış və nəticədə İŞİD-ə qarşı Xalq Özünümüdafiə Birlikləri – Həşd-Şabi – yaranmışdı.
Ayətullah Sistaninin bəyanatı konkret olaraq İsrail müdafiə naziri və daha sonra baş naziri, habelə ABŞ prezidentinin İran dini lideri Ayətullah Əli Xameneyiyə sui-qəsd edilə biləcəyi ilə bağlı təhdidindən sonra verilib. Burda əlbəttə. İraqın qonşu və dost ölkə olaraq İran liderinə hücumu pisləməklə yanaşı, dini baxımdan müctəhidə qarşı qəsdə görə narahatlıq var.
Ayətullah Əli Xameneyi həm də müctəhiddir, mərcəyi-təqliddir. Onun açıq şəkildə qətllə hədələnməsi Nəcəf elmi-dini hövzəsi tərəfindən pislənməlidir. Çünki müctəhid islam elmləri, ən əsası fiqh (İslam hüququ) sahəsində ali dərəcəyə, yəni ictihad dərəcəsinə nail olmuş alimdir. Onun qətlinə çağırış şiə üləması tərəfindən narahatlıqla qarşılanır və müctəhidlərin toxunulmazlığı ilə bağlı uzun illərə söykənən ənənəni pozmuş olar. Bu mənada Nəcəf hövzəsi və digər dini mərkəzlər tərəfindən qınanması təbiidir. Eyni zamanda gözlənildiyi kimi, bu çağırış müsəlman aləmində ciddi təsir doğuracaq.
Kənan Rövşənoğlu, Musavat.com üçün
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ