Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir.
Məlumata görə, Azərbaycanın bort nömrəsi 4K-ASG olan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Gulfstream G650” tipli təyyarə oktyabrın 21-də Bakıdan İrəvana uçub. Uçuş Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:00-da həyata keçirilib və təyyarə yerli vaxtla saat 16:01-də “Zvartnots” hava limanına enib. Uçuş planlaşdırılan vaxtdan cüzi fərqlə baş tutub.
İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib. Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova ("1news.az" saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin “Qadınlar Sülh və Əmin-amanlıq” Mərkəzinin rəhbəri) təmsil ediblər.
Erməni tərəfdən müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.
İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa erməni ictimai təşkilatı “Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzi” tərəfindən təşkil olunub. Görüşdə sülh gündəliyi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda davamlı əməkdaşlıq imkanları və uzunmüddətli əlaqələrin qurulması məsələləri müzakirə edilib.
Tədbir 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə xidmət edib və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin bu formatda ilk birbaşa görüşü kimi tarixə düşüb.
Musavat.com görüşdə iştirak edən Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva ilə həmsöhbət olub.
- Görüş barədə təəssüratlarınızı bilmək istərdik.
Dilarə Əfəndiyeva:
-Görüş çox yaxşı, işgüzar və pozitiv atmosferdə keçdi. Erməni nümayəndələr özlərini sülhə yönlü göstərirdilər. Hiss olunurdu ki, sülh prosesi onlar üçün olduqca vacibdir. Onlar bu prosesə çox ciddi yanaşırlar. Səfər zamanı müxtəlif mövzularda müzakirələr oldu. Doğrudur, çətin mövzular haqqında da danışıldı. Ən çox isə humanitar məsələlər müzakirə olundu ki, vətəndaş cəmiyyəti bir-biri ilə necə ünsiyyət qura bilərlər və onlar üçün hansı şəraitlər yaradılacaq. Daha sonra sülh sazişi imzalanandan sonrakı vəziyyətdən danışdıq. Vaxt az idi, amma vacib olan məsələləri danışa bildik. Onu da qeyd edim ki, prezident İlham Əliyevin yüklərin Azərbaycan ərazisindən keçərək Ermənistana aparılmasına icazə verməsi erməniləri çox sevindirib. Bu, onların blokadadan çıxmasında ilkin addım idi. Bizim orada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşümüz oldu. Onun dövlət başçısı İlham Əliyevə necə hörmətlə yanaşdığını gördük. Bütün söhbətimiz boyu vurğuladı ki, onun təşəbbüs və mövqeyinə hörmət göstərir. Bizə dedi ki, proses Ermənistan hökuməti tərəfindən davam edəcək və dəstəklənəcək.
Kəmalə Məmmədova: -Görüş səmimi və konstruktiv baş tutdu. Həm erməni nümayəndələr, həm də Armen Qriqoryanla görüş zamanı gördük ki, hər iki tərəf sülhün vacibliyini anlayır və təşəbbüs irəli sürür.
- Ermənistanda nə qədər müddət oldunuz? İrəvanı gəzmək imkanınız oldumu?
Dilarə Əfəndiyeva: -Orada bir gün qaldıq. Şəhərin mərkəzində gəzdik. Çox maraqlı idi. Biz azərbaycanlı olduğumuzu elan etmirdik, yəqin ki, sadə erməni vətəndaşları kim olduğumuzu başa düşürdülər. Çünki bizi Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları qoruyurdular. Artıq söz-söhbət olmadı, təzyiqlə qarşılaşmadıq.
Kəmalə Məmmədova: -İrəvana getdik. Orada bir muzeyi ziyarət etdik, əlyazmalarla tanış olduq. Yüksək səviyyədə qorunma var idi. Hansısa neqativ hal ilə qarşılaşmadıq. Şəhərə axşam çıxmışdıq. Sadə insanlar Azərbaycandan gəldiyimizi bilmirdilər. Sadəcə olaraq mühafizə ilə əhatə olunmağımız maraq çəkirdi.
Təyyarəmiz İrəvana enəndə orada Azərbaycan yazısını görüb hər kəs təəccüblə baxırdı. Çünki səfər haqqında rəsmi məlumat əvvəlcədən verilməmişdi və Ermənistan tərəfində də geniş yayılmamışdı, ictimaiyyətin xəbəri yox idi. Lakin nə nəzarət keçidində, nə də oteldə problemlə qarşılaşmadıq.
Erməni cəmiyyəti sülhə hazırdımı?
Dilarə Əfəndiyeva: -Hiss etdim ki, Ermənistanın müəyyən dairələri sülhə hazırdılar və buna böyük ehtiyacları var. Sülhlə bağlı böyük ümidləri var. Onların da cəmiyyəti artıq müharibədən bezib. Müəyyən addımlar atılır, sülh olacaq.
Kəmalə Məmmədova: - Bu formatda ilk görüş idi və üçüncü tərəfin nümayəndələri orada təmsil olunmurdu. Hər iki tərəf dərk edir ki, üçüncü tərəf olmadan daha yaxşı başa düşür və anlayır ki, bizdən başqa heç kim dialoqun necə qurulacağını bilməz. Bu, hələ başlanğıcdır və ümidvarıq ki, davamlı olacaq, daha çox insan prosesə qoşulacaq. Erməni tərəfi də sülhə hazırlığını bildirdi. Tarixdən, yaşadıqlarımızdan bir nəticə çıxararaq, iki dövlətin gələcəyini elə qurmalıyıq ki, daha müharibələr olmasın. Ermənistan da anlayır ki, cəmiyyəti sülhə hazırlamalıdır.
Yeri gəlmişkən, bizim mətbəximizdə bəzi yeməklər bənzəyir. Hoteldə olarkən sizə hansı yeməklər verildi?
Kəmalə Məmmədova: - Bizə toxunan bir məqam olmadı. Yəni bizi qıcıqlandıran, mətbəximizə aid olan yeməklər verilmədi.
Şahanə Rəhimli
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ