İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Yaxın Şərqdə sülhün bərpasında hansı rolu oynayacaq?

"Beynəlxalq aləm ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülh yaratmaq təşəbbüsünü dəstəkləyib. Tramp administrasiyasının hazırladığı 20 maddəlik planın ilk bəndləri yerinə yetirilmək üzrədir, Qəzzada atəşkəs rejiminə start verilib, humanitar yardımlar fələstinlilərə çatdırılıb və əsirlər dəyişdirilib. Ancaq bu azdır, növbədə münaqişə ocağının birdəfəlik yatırılması və bölgədə sülh quruculuğuna başlanılmasıdır".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Tramp administrasiyasının Misirin Şarm əl-Şeyx şəhərində təşkil etdiyi Yaxın Şərq Sülh Sammitində daha çox dövlətin liderinin iştirakını təmin etməsinin bir neçə səbəbi var:

"Birincisi, Vaşinqton Yaxın Şərqdəki sülh prosesində daha çox dövlətin məsuliyyət daşımasını istəyir. Dövlət liderləri Misirdəki toplantıda iştirak etməklə Trampın Qəzza planını dəstəkləmiş oldular. İkincisi, Qəzza yenidən qurulmalıdır. Bunun üçün yüz milyardlarla dollar vəsait lazım gələcək, binalar inşa edilməli, xəstəxana və məktəbləri tikilməli, dağıdılan infrastruktur bərpa edilməlidir. Üçüncüsü, Vaşinqtonun Qəzzayla bağlı böyük koalisiya toplaması bir növ İsrail hökumətinə və HƏMAS təşkilatına da təzyiq vasitəsidir. İsrail hökuməti və HƏMAS atəşkəsi pozarsa, qarşılarında böyük koalisiyanı görəcəklər.

Bəzi dövlətlərin liderləri Misirdəki toplantıda iştirak etməsələr də, onlar da Trampın təşəbbüsünü dəstəkləyiblər. Misal üçün, Misirdəki toplantıda iştirak etməyən Hindistanın baş naziri Narendra Modi Donald Trampın Yaxın Şərqdə sülh səylərini dəstəklədiyini bildirib. Modini sammitdə xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinq təmsil edib. Rusiya və Çinin Misirdəki toplantıya dəvət olunmaması böyük əks-səda doğurmayıb.

Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə, o cümlədən ABŞ-la Çin arasında ticarət müharibəsinin davamı Moskva və Pekinin Qəzzadakı sülh prosesindən kənar qalmasıyla nəticələnib. Buna görə də Rusiya mətbuatı Trampın təşəbbüslərinin reallaşacağına şübhəylə yanaşıb".

Elxan Şahinoğlu bildirib ki, Donald Trampın Prezident İlham Əliyevi Misirə dəvət etməsi Azərbaycanın da Yaxın Şərq sülh prosesində rolunun artacağına işarədir:

"Azərbaycan Suriyaya humanitar yardımlar göndərdiyi kimi Qəzzaya da humanitar yardımların çatdırılmasında iştirak edəcək. Azərbaycan hərbçilərinin Qəzzada formalaşması planlaşdırılan sülhməramlı kontingentin tərkibində iştirakı istisna deyil. Azərbaycan hərbçilərinin Kosovo, İraq və Əqfanıstanda sülhməramlı qüvvələrin tərkibində iştirak təcrübəsi var. Azərbaycan Qəzzanın yenidən qurulmasında da iştirak edəcək, məktəb və xəstəxanaların tikintisinə maliyyə ayıracaq".

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR