Onlayn ictimai-siyasi qəzet
Azərbaycan uzun illərdən sonra kazinolara dair siyasətini dəyişməyə başlayır. 1998-ci ildən tamamilə qadağan edilmiş bu fəaliyyət növü artıq müəyyən şərtlərlə yenidən leqallaşdırılır.
Milli Məclis “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahəsində kazino oyunlarının təşkili və keçirilməsi” ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.
Layihəyə əsasən, yalnız fiziki formada və xüsusi lisenziyalar əsasında kazino fəaliyyəti mümkün olacaq. Virtual kazinolar isə qəti şəkildə qadağan edilir.
Bəs bu dəyişikliklər Azərbaycanın turizm və qeyri-neft iqtisadiyyatına necə təsir edə bilər? Kazinonun leqallaşdırılması xarici turistləri ölkəyə cəlb etməyə, iqtisadi canlanmaya və ya beynəlxalq investor marağının artmasına səbəb olacaqmı? Yoxsa bu, sadəcə simvolik bir qərardır və real nəticələr verməyəcək?
Mövzunu iqtisadçı Xalid Kərimli Musavat.com-a şərh edərək bildirib ki, kazino bir əyləncə növüdür və onu turizmin inkişafında həlledici faktor kimi qiymətləndirmək doğru olmaz.
Onun sözlərinə görə, turistlər səyahət etdikləri ölkədə azadlıq və əyləncə axtarırlar. Əksinə, sərt dini və sosial qaydaların tətbiq olunduğu ölkələr turistlər üçün daha az cəlbedici olur.
“Biz özümüz də hansı ölkədə qiymətlər münasibdirsə, təbiəti gözəldirsə və əyləncə imkanları genişdirsə, ora üstünlük veririk. Bu baxımdan, kazino əyləncə infrastrukturunun bir hissəsi kimi turistləri cəlb edən amillərdən biridir. Bu tip imkanların yaradılması ölkəyə marağın artmasına müsbət təsir edə bilər. Amma turist axınının artıb-artmayacağı zamanla bəlli olacaq. Çünki kazino əsas faktor deyil, sadəcə turizmi stimullaşdıran əlavə amildir”, - deyə iqtisadçı bildirib.
Xalid Kərimli əlavə edib ki, ölkəmizdə yalnız kazinoların deyil, əyləncənin digər formalarının da azad edilməsi vacibdir:
“Məsələn, Gürcüstan ərazi baxımından Azərbaycandan kiçikdir. Nə təbiət gözəlliklərində, nə də turizm komplekslərinin səviyyəsində bizdən üstündür. Buna baxmayaraq, Gürcüstana gələn turistlərin sayı Azərbaycandan 3-4 dəfə çoxdur. Bu, əsasən Gürcüstanın həyata keçirdiyi ağıllı turizm siyasətinin nəticəsidir. Onlar ölkəyə giriş-çıxışı sadələşdiriblər, turistlərə azadlıq hissi verirlər. Bu da ölkəni daha cəlbedici edir”.
Afaq MİRAYİQ,
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ