Onlayn ictimai-siyasi qəzet
İnternet artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Xüsusilə “Google” axtarış sistemi Azərbaycan cəmiyyətinin gündəlik suallarını, maraq dairələrini, qorxularını və hətta arzularını ortaya çıxaran güclü bir vasitədir.
Bəs azərbaycanlılar ən çox nəyi axtarır? Hər gün milyonlarla istifadəçinin daxil olduğu “Google”da hansı suallar, hansı mövzular populyarlıq qazanır?
Azərbaycanlılar üçün hava şəraiti gündəlik planların qurulmasında önəmli yer tutur. Xüsusilə Bakıda güclü küləklər, bölgələrdə isə dəyişkən iqlim şəraiti hava proqnozlarına olan marağı artırır. “Sabah yağış yağacaq?”, “Bakıda bu gün külək olacaqmı?” kimi suallar “Google”da hər gün yüzlərlə dəfə axtarılır. Xəbər saytları bu mövzuda ciddi trafik əldə edə bilirlər. “Hava ilə bağlı xəbərdarlıq” başlığı ilə onlayn mediada son 1 ildə 1200-dən çox məlumat dərc edilib.
İqtisadi qeyri-sabitlik və alıcılıq qabiliyyətinə olan təsirlər səbəbilə azərbaycanlıların ən çox axtardığı mövzulardan biri də dollar və digər valyutaların məzənnəsidir. “Dollar bu gün neçəyədir?”, “Manatın məzənnəsi Mərkəzi Bankda” kimi suallar “Google” axtarışında ön sıralardadır. Bu mövzu xəbər saytlarının da əsas oxucu toplama üsullarından biridir. Hər gün xəbər saytlarında “Dollar bu gün neçəyə oldu?” başlıqlı xəbər tapmaq mümkündür. Məzənnə dəyişməsə də, hər kəs bu xəbərləri izləyir, oxuyur
Özəlliklə pandemiyadan sonra sağlamlıq mövzuları az qala hər evdə əsas müzakirə mövzusuna çevrildi. “Koronavirus əlamətləri”, “qrip və soyuqdəymə fərqi”, “mədə ağrısının səbəbləri” kimi suallar “Google”da sıx-sıx axtarılır. Özünü həkimə getmədən müayinə etmək istəyənlərin sayı xeyli çoxdur. Bu axtarış demək olar ki, dünyanın hər yerində edilir. İnsanlar həkimə getmədən problemin səbəbini internetdə axtarır. Bu axtarışlar bəzən faydalı nəticə versə də, bəzən insanları çaşdıran, qorxudan və ya səhv nəticə çıxararaq vaxtında müdaxilə edilməli olan xəstəliyin daha da böyüməsinə səbəb ola bilir.
Son illər işsizlik, iqtisadi çətinliklər və sosial media platformalarının yüksəlişi ilə birlikdə insanlar internetdən gəlir əldə etməyin yollarını axtarır. “Evdə oturaraq necə pul qazanmaq olar?”, “YouTube”dan necə pul çıxartmaq olar?”, “TikTok-la qazanc” kimi açar sözlər trenddədir. Azərbaycanlı istifadəçilərin çok kiçik hissəsi bu yolla pul qazana bilir. Məsələn, “YouTube”un reklamdan gəlir alqoritmi ölkələrə görə dəyişir. İstifadəçi sayı, reklam büdcələri, region, ölkə reytinqi və s.
Azərbaycanlı istifadəçi bu məsələdə uduzur. Mələsən, onun Azərbaycanda və ya azərbaycanlı istifadəçilər üçün ərsəyə gətirdiyi videoya 1 milyon baxılsa, 2000 dollar əldə edəcək. Amma qonşu Türkiyədə başqa birinin ərsəyə gətirdiyi və eyni sayda baxılan videoya görə gəlir 4 min dollar olacaq. Detallı desəm, qeyd etdiyim kimi, “YouTube” reklam gəliri bir çox amillərdən asılıdır: izləyici coğrafiyası, CPM (1000 görüntüləməyə görə ödəniş), video uzunluğu, reklam formatları və izləyici dəvət davranışı. Türkiyə və Azərbaycan üçün təxmini gəlir belə hesablana bilər: CPM (1000 görüntüləmə başına qazanc) Türkiyə üçün: 3-4 dollar, Azərbaycan üçün: 1.5-2 dollardır.
Xaricə köçmək istəyənlərin sayı az deyil. “Almaniyaya necə köçmək olar?”, “Kanada miqrasiya şərtləri”, “Türkiyədə yaşamaq üçün nə etmək lazımdır?” kimi suallar təkcə gənclər deyil, müxtəlif yaş qruplarından olan insanlar tərəfindən axtarılır. Bu da yaşam standartları, sosial vəziyyətin hansı səviyyədə olmasından asılıdır
Azərbaycanda dini və rəsmi bayramlarla bağlı axtarışlar da önəmli yer tutur. “Ramazan bayramı nə vaxtdır?”, “Novruzda neçə gün tətil olacaq?”, “Qurban kəsilmə qaydaları” kimi suallar bayram ərəfəsində kəskin şəkildə artır. Xalqın böyük hissəsinin dini inanclı olması, adətlərə əməl etməsi axtarış sistemlərində də öz əksini tapır.
Azərbaycanlılar siyasətlə yaxından maraqlanırlar. Məşhur şəxslərin həbsi, məmur qalmaqalları və siyasi proseslərə dair xəbərlər axtarışları artırır. “Nazir niyə həbs olundu?”, “Bu adamın günahı nə idi?”, “Cinayət işi necə başladı?” sualları “Google”da trend olur.
Toy mövsümündə insanlar “ən yaxşı toy mahnıları”, “rəqs musiqiləri”, “yeni mahnılar 2025” kimi axtarışlar edirlər. Eyni zamanda məşhur ifaçıların adları, sözləri və musiqi yükləmə ilə bağlı suallar da artmaqdadır. Bu mövzuda axtarış hər zaman ilk 10-a daxil olub və olur.
Xüsusilə Türkiyə serialları və yerli layihələr izləyicilərin böyük marağına səbəb olur. ““Kızılcık Şerbeti” harada çəkilib?”, “Yalı Çapkını”, “Kuruluş Osman”, “Gelsin Hayat Bildiği Gibi” Türkiyənin serialları çox axtarılanlar sırasındadır. “Azərbaycanda çəkilən seriallar 2025”, “Hansı aktyor hansı rolu oynayır?” kimi suallar axtarışlarda yüksək yer tutur.
Yeni çıxan məşhurlar, TikTok fenomenləri, siyasətçilər və jurnalistlər – insanlar daim “o kimdir?”, “neçə yaşı var?”, “hardandır?” kimi suallarla tanınmış şəxslərin kimliyini axtarırlar. Bu sualların ardında həm maraq, həm də bəzən tənqid dayanır.
“Google” – Cəmiyyətin güzgüsüdür
Azərbaycanlıların “Google”da ən çox axtardığı suallar, əslində, cəmiyyətin gündəmini, problemlərini və ümidlərini bir növ ortaya qoyur. Bu sorğular sadəcə texniki maraq deyil, həm də psixoloji və sosial əks-səda daşıyır.
“Google” axtarışları sayəsində xalqın nə düşündüyünü, nə istədiyini və nə üçün narahat olduğunu anlamaq mümkündür.
Siz bu gün “Google”da nə axtarmısınız?
Məhəmməd Türkmən
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ