Onlayn ictimai-siyasi qəzet
Bakıdan Ağdama yola düşən sürət qatarı yoluna davam edir.
Musavat.com xəbər verir ki, qatarda maraqlı anlar yaşanır. Ağdamdan olan tanınmışlar xatirələrini bölüşür, təsirli çıxışlar edirlər.
Yolda xanəndə, Əməkdar artist Cabir Abdullayev "Ağdam" mahnısı ilə könülləri feyzyab etdi.
Milli Qəhrəman Allahverdi Bağırovun qızları da Musavat.com-a təsərrüatlarını bölüşdülər. Milli qəhrəmanın qızı Aynur Bağırova bizimlə söhbətdə dedi ki, 32 ildən sonra ağdamlılarla bərabər, hamılıqla Ağdamı ziyarət etmək böyük qürurdur:
"Bizim üçün sevincli bir gündür. Ağdama tez-tez getməyimiz üçün daha yaxşı şərait yarandı. Bizim üçün ən vacib olan məqam atamızın qəbrini ziyarət etməkdir. Qatarın fəaliyyətinin bərpa edilməsi də buna mühüm şərait yaratdı. Ağdam atamızın canından çox sevdiyi yerdir. Buna görə, bizə çox əzizdir. Atamız orada uyuyur. Uşaq vaxtı bizə nəyi arzulayırdısa, onu gerçəkləşdirməyə çalışmışıq. O istəyirdi ki, mən həkim, bacım Zümrüd isə hüquqşünas olsun. Biz onu yerinə yetirdik. Atamın ruhu şaddır, bizi görüb sevinir”.
Allahverdi Bağırovun digər qızı Zümrüd Bağırova da Musavat.com-a hislərini bölüşdü:
"Ağdamın ziyarəti bizim üçün əvəzolunmaz, xoş hissdir. Ağdamda yaşayan insanlarla birlikdə öz torpağımızı yenidən ziyarət edirik. İllər öncə ailə üzvlərimizlə qatarla səfər etmişdik. 30 ildən sonra yenidən təkrarlanır, Bakıdan Ağdama gedirik. Əvvəllər evimiz var idi, doğmalarımız var idi. İndi sadəcə atamızın məzarını ziyarət etməyə gedirik. Bu, özü də qürurverici bir hissdir. İllərlə biz atamın məzarını ziyarət edə bilmirdik. Düzdür, Ağdam alınandan sonra getmişdik. Amma Ağdam camaatı ilə getmək əvəzolunmaz bir hissdir. Onun tanıdıqları, yaxınları- hər kəs ona doğma olan insanlardır. Allah torpaq uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət etsin. Onların sayəsində biz yenidən o torpaqlara qayıdırıq".
Afaq Mirayiq,
Video müəllifindir
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ