Onlayn ictimai-siyasi qəzet
“Bakı bulvarına gəlib qağayıları yemləməyi xoşlayanlar bu günlərdə ilanları da yemləmək məcburiyyətində qalırlar”.
Musavat.com xəbər verir ki, şair-jurnalist Bəradər Səməndərli belə deyir.
Onu sözlərindən aydın olur ki, ölməz aktyor Yaşar Nurinin məşhur tamaşada dediyi “İlanları yemləmək vaxtdıdır” zarafatı dənizkənarı parkdakıların gündəlik həyat tərzinə çevrilməkdədir.
Qışda hiyləgər tülkü, yayda panika yaradan ilanlar
Şair-jurnalistin təqdim etdiyi videodan da görünür ki, Bakıda dəniz kənarında ilanlar məskən salmaqdadır.
Xəzərin geriləməsi ilə səhralaşan dənizsahili əraziləri ilanlar özlərinə yuva seçib.
Əhmədlidə həyətə girən ağ ilanı kim tutsun?
Təkcə dəniz kənarında deyil, Əhmədli qəsəbəsində də ilanlar nəzərə çarpmaqdadır.
Bir neçə gün əvvəl Əhmədlidəki həyət evlərindən birinə girən ağ rəngli, təxminən 1 metr uzunluğunda olan ilan sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. Yayılan videolardan, həyəcanlı statuslardan, qonşularla paylaşılan xoflu xəbərlərdən sonra hər addımda sürünən kabus hiss olunur.
“Biz ağaclara baxırıq, ilanlara yox”
Həyətinə ilan girmiş ailənin bildirdiyinə görə, onlar dəfələrlə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etsələr də, telefonlarına “Xətti məşğul etməyin” cavabı verilib və kömək göstərilməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə vətəndaşlara bu məsələnin onların səlahiyyətinə aid olmadığını bildirib:
“Biz ağaclara baxırıq, ilanlara yox”.
“Bura icra hakimiyyətidir, ilanın bizə nə aidiyyəti var?”
Ümidlərini rəsmi qurumlardan kəsən ailə daha sonra özəl bir xidmətlə əlaqə saxlayıb. Xidmət müəssisəsindən bildirilib ki, ilanı tutmaq üçün 250 manat ödəniş edilməlidir.
Bu məbləğin yüksək olduğunu deyən ailə üzvləri özəl xidmətdən imtina ediblər.
Ərazinin aid olduğu bələdiyyə orqanları ilə də əlaqə saxlanılıb. Bələdiyyədən yalnız təskinlik verilib:
“Qorxmayın, kömək etməyə çalışarıq”.
Xətai Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət belə olub:
“Bura icra hakimiyyətidir, ilanın bizə nə aidiyyəti var?”
Rəsmi qurumlardan heç biri məsələyə yaxın durmadığına görə sakinlər daha da əlacsız qalır.
“İlanlar çoxalıb, Allah, İnsan azalıb, Allah…”
Bu yerdə Ramiz Rövşənin “İlanlar çoxalıb, Allah, İnsan azalıb, Allah…” misralarını da xatırlayıb “Dəniz kənarında, Əhmədlidə və şəhərin digər ərazilərində peyda olan ilanlarla hansı qurum məşğul olmalıdır” sualına aydınlıq gətirmək üçün Zoologiya İnstitutu ilə əlaqə saxladıq.
İnstitutun Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Musavat.com-a deyib ki, Abşeronda 10 ilan növü var. Onlardan yalnız biri - Levante gürzəsi zəhərlidir.
Abşeronda hansı ilanlar yaşayır və hansılardan qorxmaq lazımdır?
Təvəkkül İsgəndərov bildirib ki, Levante gürzəsi xaric, digər sürünənlər insanlar üçün birbaşa ölümcül təhlükə daşımır, amma sancması, aqressiv davranışı xüsusilə uşaq və yaşlılar üçün təhlükə yarada bilər:
“Boz ilan zərərsizdir, amma qorxunc görünüşü ilə panika yarada bilər. İlanbalığı da zərərsizdir. İlanbaşlı kərtənkələ adında “ilan” olsa da, əslində kərtənkələdir. Kolluq ilanı aqressiv ola bilər, lakin zəhərsizdir”.
İlanlar yem axtarır, qorxmayın!
T. İsgəndərov deyib ki, hazırda ilanlar yemlənmək, bioloji ehtiyaclarını ödəmək üçün axtarışdadırlar:
“May ayı ilanların aktiv şəkildə hərəkətdə olan zamanıdır. Hazırda ilanların fəallaşması qızmar hava, qida ehtiyacları və gizlənəcək yer axtarışı ilə bağlıdır. Yəni onlar bizim həyətimizə düşmənçilik üçün yox, yaşamaq üçün gəlirlər”.
Dövlətin ilanları tutmağa heç bir mexanizmi yoxdur!
Dosent vurğulayıb ki, Azərbaycanda ilanları tutmaqla məşğul olan dövlət qurumu yoxdur:
“İnsanların yaşadığı, istirahət etdiyi, ümumiyyətlə insanların olduğu ərazilərə gələn ilanları tutan, onları daha təhlükəsiz əraziyə uzaqlaşdıran qurum yoxdur. Ərazilərin ilanlardan təmizlənməsi üçün dövlətin heç bir mexanizmi yoxdur. İlanları qorxudan dərmanlama işlərini görmək üçün dövlət 1 manat da ayırmır. Özəl qurumlarda fəaliyyət göstərən mütəxəssislər mövcuddur ki, sakinlər ödəniş edərək bu xidmətdən yararlansın.
Tövsiyəm odur ki, ilanla qarşılaşdığınız zaman üzərinə getməyin. İlan onun üzərinə getməyənə heç zaman hücum etmir. Üzərinə karton qutu qoyun, bağlayın və təcrübəli birindən kömək istəyin”.
Azərbaycanda ilanları tutan, zərərsizləşdirən bir qurum yoxdursa, vətəndaşlar nə etməlidir?
Dövlət qurumlarının Əhmədlidə həyətinə ilan girmiş bir ailənin timsalında hərəkətsizliyi bu sahədəki boşluğu ortaya qoyur. Çıxış yolu kimi Hindistanda bu sahə üzrə min illərdir fəaliyyət göstərən peşəkar “ilantutan ailələri”ni göstərmək olar. Bu ailələr zəhərli ilanları sağ-salamat tutmaq, onları ərazidən uzaqlaşdırmaq və ekoloji balansı pozmadan problemi aradan qaldırmaqda çox təcrübəlidirlər. Və ya Azərbaycanda ilanları tutmaq üçün peşəkar yardım qurumu yaradıla bilər. Bu, həm də yeni bir ixtisas sahəsinin – “urban herpetoloq” xidmətinin formalaşmasına səbəb ola bilər.
Mənzər Novruzlu,
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ