Onlayn ictimai-siyasi qəzet
Paytaxtın son günlərdə diqqət çəkən problemlərindən biri skuter qəzalarının artmasıdır. Demək olar ki, hər gün yollarda qəza törədən bir skuter sürücüsünə rast gəlirik. Bu qəzalar nəticəsində ağır xəsarət alanların sayı da az deyil.
Müsahibimiz Türkan xanım öz bloq hesabında anasının skuter qəzasında xəsarət alması ilə bağlı video paylaşmışdı. Təfərrüatları soruşduqda, hadisənin kiçik bir toqquşma olmadığını öyrəndik. Anası İlhamə Alıyeva axşam saatlarında həyat yoldaşı ilə birgə Nərimanov rayonu, Təbriz küçəsində piyada zolağından keçmək istəyərkən, iki yeniyetmənin birlikdə sürətlə sürdüyü skuter ona çırpılıb. Yoldaşı İlhamə xanımın yerə yıxıldığını və huşunu itirdiyini görüb. Təcili yardıma zəng etsələr də, İlhamə xanım təxminən yarım saat ayılmayıb. Təcili tibbi yardım maşınında özünə gələndə aldığı zərbənin təsirindən ona avtomobilin dəydiyini zənn edib.
Türkan xanımın sözlərinə görə, anası Kliniki Tibbi Mərkəzdə həkim müayinəsindən keçib. Başından və bədənindən ciddi zədələr alıb. Hazırda çənə, qulaq və bel nahiyəsindəki ağrılardan əziyyət çəkir və yenidən həkimə müraciət edəcək. Ailə bir neçə gün sonra hadisəni törədən yeniyetmələrin valideynləri ilə əlaqə saxlaya bilib. Sonda qarşı tərəf ikinci müayinənin xərclərini ödəyəcəyini bildirib.
Bu, sadəcə bir skuter qəzası məsələsi deyil. Avtomobillər üçün təhlükəli vəziyyət yaradan, öz həyatını da riskə atan sürücülər var. Bəzən skuterin əyləcinin nasazlığı və sürətinin idarəolunmaz olması bu qəzalara səbəb olur. Lakin əsas problem yol hərəkəti qaydalarını bilməyən və onlara əməl etməyənlərin çoxluğudur.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqələr Şöbəsinin məsələ ilə bağlı paylaşdığı xəbərdarlıqda qeyd olunub:
Skuterlərin istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:
• bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
• piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
• işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
• gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
• azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.
Məsələ ilə bağlı yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Musavat.com-a açıqlamasında deyib ki, skuterlərlə bağlı təhlükəsizlik qaydalarının pozulmasının əsas səbəbini nəzarət mexanizminin zəif olmasıdır.
Onun sözlərinə görə, skuterlərin üzərində fərqləndirici nişan və ya digər element olmadığı üçün cərimə tətbiq edilməyəcəyini bilən şəxslər çox kobud qayda pozuntularına yol verirlər:
“Dəfələrlə deyilməsinə baxmayaraq, skuterlərə iki nəfər minirlər, park və bulvar ərazilərində çox təhlükəli sürüş nümayiş etdirirlər, qəzalar törədir və insanlara xəsarət yetirirlər. Ümumi istifadədə olan yollara velosiped və skuterlə yalnız 14 yaşdan yuxarı şəxslər çıxa bilər. Lakin bəziləri valideynlərinin və ya özündən böyük şəxslərin şəxsiyyət vəsiqələri və bank kartları ilə qeydiyyatdan keçərək müxtəlif qəzalar törədirlər”.
Ekspert təklif edir ki, bu cür qəzaların qarşısını almaq üçün nəzarət mexanizmi gücləndirilsin:
“Sürətin yaş həddinə görə tənzimlənməsi üçün sistem qurulsun və skuterlər üz tanıma sistemi ilə qeydiyyata alınsın. Bu halda istifadəçinin yetkinlik yaşına çatması təsdiqlənər və hər hansı qayda pozuntusu zamanı üz tanıma sistemi vasitəsilə aşkarlanaraq cəza tədbiri görülə bilər. İndi gənclərin bir qismi məqsədli şəkildə hadisə törətmək, skuteri maşınların üstünə sürərək insanları narahat etmək istəyirlər”.
Elməddin Muradlı həmçinin skuterləri kirayə verən şirkətlərin də öz məsuliyyətlərini dərk etməli olduqlarını bildirib. O, şirkətlərin kütləvi informasiya vasitələrinə geniş çıxış imkanlarının vacibliyini və bu imkanlardan istifadə edərək maarifləndirmə işi aparmalı olduqlarını vurğulayıb:
“Skuterlər ölkəmiz üçün yenilikdir. Lakin yaratdığı problemlər və baş verən qəzalar səbəbilə Parisdəki kimi tam qadağa olunmasa yaxşıdır”.
Mənzər Novruzlu
Fotolar müəllifindir
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ