Onlayn ictimai-siyasi qəzet
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin qalmaqallı icraçı direktoru Vüsal Məmmədov vəzifədən uzaqlaşdırılıb.
Musavat.com xəbər verir ki, Vüsal Məmmədov bu post bir il tutmağa nail ola bilmədi.
Vüsal Məmmədov çoxsaylı şikayətlər və narazılıqlardan sonra işdən kənarlaşdırılıb.
Bir müddət əvvəl Musavat.com saytında V.Məmmədovun fəaliyyətindən şikayətçi olan yerli sakinlə arasındakı məhkəmə çəkişməsi barədə ətraflı yazı dərc etmişdik.
Belə ki, 1988-ci il təvəllüdlü Adəm Bağırov özünə məxsus "TikTok" və "Facebook" səhifələrində Vüsal Məmmədovu rüşvətxorluqda, qanunsuzluqda ittiham edərək onun ünvanına nalayiq ifadələr səsləndirmişdi.
Adəm Bağırov Naxçıvan səhiyyəsində Vüsal Məmmədovun rəhbərliyi dövründə çoxsaylı qanunsuzluqların olmasını iddia edərək bununla bağlı paylaşımlar etmişdi. O, qardaşına əlilik dərəcəsi ala bilmədiyindən, iş qəzasından sonra ödənilməli olan sığorta ödənişini tam olaraq əldə etmədiyindən bu cür mövqe ortaya qoymağa başlamışdı.
Adəm Bağırov iradlarının bir çoxunda haqlı olsa da V.Məmmədovu təhqir etdiyi üçün haqsız duruma düşmüşdü.
Vüsal Məmmədov təhqir edilməsi və böhtanla üzləşməsi ilə bağlı məhkəməyə üz tutaraq Adəm Bağırovun cəzalandırılmasını istəmişdi.
Məhkəmədə ifadə verən Adəm Bağırov əməlindən peşman olduğunu, Vüsal Məmmədovdan üzr istədiyini demişdi. Bildirmişdi ki, Vüsal Məmmədovdan üzbəüz üzr istəməyə cəhd etsə də buna nail ola bilməmişdi.
A.Bağırov əlavə etmişdi ki, ona Naxçıvan səhiyyəsində baş verənlərlə bağlı anonim nömrələrdən də məlumatlar gəlirmiş: "Deyilirdi ki, sən bunları paylaş, biz nə edəcəyimizi bilirik. Yazırdılar, sonra da nömrələr silinirdi. Mənə deyirdilər ki, müəyyən yazılardan sonra kimi haradan götürəcəklərini bilirlər".
V.Məmmədov məhkəməyə müraciət edərək Adəm Bağırovu bağışlamadığını, ona qanunla nəzərdə tutulmuş cəza verilməsini istəmişdi.
Məhkəmənin hökmü ilə Adəm Bağırov barəsində 6 ay azadlığın məhdudlaşdırılması cəzası çıxarılmış, həmçinin 1000 manat cərimə edilmişdi.
İ.Muradov,
Musavat.com
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ