İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçikadan Azərbaycanın suverenliyinə hücum - sərt təpki

Benilüks ölkələrinin ard-arda təxribatçı fəaliyyəti təsadüfi deyil - “ilanın başı” göründü

İyulun 17-də Belçika Nümayəndələr Palatası Azərbaycanın suveren ərazisində - Qarabağda keçirdiyi antiterror tədbirlərini təhrif edən və ölkəmizə qarşı əsassız ittihamlarla dolu olan qətnamə qəbul edib. Musavat.com-un məlumatına görə, sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn reallıqlarına zidd olmaqla yanaşı, açıq şəkildə Ermənistanın və onun dəstəklədiyi separatçı ermənilərin mövqeyini müdafiə edir. 

Belçika parlamenti qondarma “artsax” rejiminə qarşı keçirilmiş qanuni antiterror əməliyyatını “hücum” kimi qiymətləndirib və bu addımın beynəlxalq hüquqa zidd olduğunu iddia edib. Halbuki Azərbaycan həmin ərazidə öz suverenliyini bərpa edib və bu, BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə tam uyğundur.

sehla3.png (547 KB)

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsindən sonra qlobal erməni şəbəkəsi və onların havadarları daha da aktivləşərək ölkəmiz əleyhinə beynəlxalq hərəkat formalaşdırmağa çalışırlar. Ekspert bunu Azərbaycanın 1994-2020-ci illərdə beynəlxalq platformalardakı aktivliyi ilə müqayisə edib: “O dövrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını beynəlxalq hüquqi müstəvidə ifşa etməyə çalışırdı və bu sahədə xeyli uğurlu nəticələr də əldə olunmuşdu. 2020-2023-cü illərdə Azərbaycanın hərbi əməliyyatlarının arxasındakı hüquqi bazis, hüquqi əsaslandırma məhz elə ötən 30 ildə əldə olunan beynəlxalq sənədlər idi. Hazırda Ermənistan hakimiyyəti Azərbaycanla sülh quruculuğu üzərinə fokuslansa da, Avropada və Amerikada revanşist qüvvələrin dəstəyi ilə təxribatçı fəaliyyətlər tam sürəti ilə davam etməkdədir. Onlar Azərbaycanın öz torpaqlarını azad etməsini legitimsizləşdirməyə, Qarabağ ermənilərinin könüllü köçünə "etnik təmizləmə", “soyqırımı” donu geyindirməyə, Azərbaycana qarşı beynəlxalq sanksiyalara və təzminat iddialarına nail olmağa çalışırlar. Onların, xüsusilə Fransanın təsir gücünün yüksək olduğu Benilüks ölkələrindən anti-Azərbaycan fəaliyyətinə start verməsi də təsadüfi deyil. 2024-cü ilin dekabrında İsveçrə parlamentinin aşağı, bu il 18 martda isə yuxarı palatasında tamamilə təxribatçı xarakterli qərarın qəbul olunmasına nail olmalarını xatırlamaq olar". 

Ekspert dedi ki, bu qərara görə Qarabağ ermənilərinin geri dönüşünün təşkilinə dəstək üçün qarşıdakı bir il ərzində beynəlxalq “sülh forumunun” keçirilməsini öz məqsədi elan edən “İsveçrə Sülh İnisiativi” adlı qrup yaradıldı: “Bu qrupun təsis iclasındakı açıqlamalar tamamilə təxribat dolu idi. Burada çıxış edən keçmiş qondarma rejimin Ermənistandakı nümayəndələrinin yaratdığı "Komitə" rəhbəri, Köçəryan dövründə Ermənistan XİN vəzifəsini daşımış Oskanyanın açıqlamalarına baxmaq yetərlidir. O, Qarabağın heç zaman müstəqil Azərbaycanın ərazisi olmadığı, hətta I respublika dövründə belə erməni idarəsində olduğuna dair saxta tezis irəli sürür. Bu tezisi yaymaqla keçmiş qondarma rejimin gələcəkdə təkrar dirçəldilməsinə dair ümidlər bir arada beynəlxalq arenaya daşınır".

Ş.Cəlilzadənin sözlərinə görə, Belçika parlamentinin bu cür təxribata qoşulması sadəcə təəssüf doğurmur, həm də Azərbaycanın Qarabağa dair həqiqətləri dünyaya çatdırmaqda erməni yalanları qarşısında geri qaldığını göstərir: “Azərbaycanın Avropa parlamentlərində, ABŞ Konqresində lobbiçilik və təbliğat fəaliyyətini gücləndirməsi, Qarabağın keçmiş və müasir tarixi ilə bağlı reallıqları Avropa və ABŞ qanunvericilərinin diqqətinə daha dolğun şəkildə çatdırması arzuolunandır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, istər Belçika, istər İsveçrə parlamentində qəbul edilən qətnamə və qərarlar olsun, istər də ABŞ Konqresinə ötən il təqdim olunan "Arsaxın gəlirlərinin bərpası" aktı olsun (bu akt təzminat iddiasını irəli sürürdü), yaxud Avropa Parlamentinin ötən illərdə qəbul etdiyi qətnamə və çağırışlar olsun - bütün bunlar real siyasətə təsir etməyəcək alətlərdir". 

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR