Onlayn ictimai-siyasi qəzet
“Pautina” (“Hörümçək Toru”) xüsusi əməliyyatından sonra Rusiya strateji aviasiyasını Uzaq Şərqdəki “Ukrainka” aerodromuna köçürməyə məcbur olub.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Malyuk bildirib.
Onun sözlərinə görə, bu, Ukraynaya raket və pilotsuz təyyarə zərbələrini endirməyi çətinləşdirib.
“Onlar strateji təyyarələrini ən şərq nöqtəyə, “Ukrainka” aerodromuna köçürməyə məcbur oldular. İndi Ukrayna ərazisinə yaxınlaşmaq üçün çox böyük məsafə qət etməli olurlar. Bu da təyyarələrin hissələrinə və istismar müddətinə mənfi təsir göstərir”, – Malyuk deyib.
UTX rəhbəri əlavə edib ki, əməliyyat nəticəsində Rusiya növbəti raket və pilotsuz təyyarə hücumlarını daha az təyyarə ilə həyata keçirir.
Xatırladaq ki, iyunun 1-də həyata keçirilən “Pautina” (“Hörümçək Toru”) əməliyyatında UTX il yarım çalışaraq pilotsuz uçan aparatlarla Rusiya aerodromlarına zərbə endirib. Əməliyyat zamanı dron evləri adlanan xüsusi qurğulardan istifadə olunub.
Hücum nəticəsində 41 Rusiya təyyarəsi vurulub, onların böyük əksəriyyəti strateji bombardmançılar olub. Pilotsuz təyyarələr “Belaya”, “Dyagilevo”, “Olenya” və “İvanovo” hərbi bazalarına zərbələr endirərək Rusiya strateji aviasiyasının təxminən 34%-ini zədələyib.
İqbal RZAYEV,
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ