Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında Osmanlı İmperiyasının qarşılaşdığı tarixi təhdidlərdən danışarkən, Azərbaycan üçün milli birliyin və dövlətçiliyin simvolu olan Şah İsmayıl Xətaiyə yönələn fikirləri geniş rezonans doğurub. Ərdoğan çıxışında Şah İsmayılı da Osmanlıya qarşı “təhdidlər” sırasında göstərərək, belə deyib:
“Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz "eyvallah" demədik. Teymur filləri və ordusu ilə gəldi, Anadolu boyunca hər yeri işğal etdi. Amma biz usanmadan, sınmadan müqavimət göstərdik. Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir,” - deyə Türkiyə lideri vurğulayıb.
Bu fikirlər Azərbaycan ictimaiyyətində ciddi narazılıqla qarşılanıb. Çünki Şah İsmayıl təkcə siyasi lider deyil, həm də Azərbaycan tarixində milli dövlətçiliyin qurucusu, ədəbi-mənəvi irsin daşıyıcısı kimi qəbul edilir. Ərdoğanın Əmir Teymur barədə dedikləri də - xüsusilə “kürd və ərəbin ortaq qələbəsi” vurğusu - tənqidlərə səbəb olub.
Kamran İsmayılov
Tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “Yeni Müsavat”a bildirib ki, Türkiyə tarixşünaslığında Səfəvilər İmperiyası İran dövləti kimi qəbul edilir: “Ərdoğan da bu konsepsiyadan çıxış edir. Çaldıran döyüşü imperiyaların savaşı idi. Qoşunun tərkibində müxtəlif etnosların nümayəndələri var idi. Orada türkə, ərəbə və kürdə də rast gəlinə bilərdi. Ərdoğan bu baxımdan qeyd edir. O bilsəydi ki, Azərbaycan ictimaiyyəti buna sərt reaksiya verəcək, heç bu məsələni qabartmazdı. Türkiyədə hələlik Səfəvilər İmperiyasını Azərbaycan dövləti kimi qəbul etmirlər, İrana bağlayırlar. Ərdoğan da Türkiyə tarixçilərinin nöqteyi-nəzərindən çıxış edir”.
Boran Əziz
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dosenti Boran Əziz də mövzu ilə bağlı fikrini şərh edib: “Ortaq türk tarixinin, dilinin yaradılması istiqamətində atılmaqda olan addımlar alqışlanmalıdır. Təəssüf ki, bəzən bu ideyanın reallaşması ilə uyuşmayan fikirlərə də rast gəlirik və bu, bizi üzür. Xüsusilə belə fikirlər Türk Dövlətləri Təşkilatının yaradılmasında müstəsna xidməti olan adamların dilindən eşidildikdə isə daha üzücü olur. Vaxtilə Səfəvi İmperiyası ilə Osmanlı İmperiyasının, yaxud da Əmir Teymurla Osmanlı İmperiyası arasında olan ziddiyyətləri qabartmağa çalışırlar. Hesab edirəm ki, bizi ayıran belə məsələlərdənsə, birləşdirən, birliyimizi gücləndirən amillərdən bəhs etmək və təbliğ etmək daha doğru olardı. Səfəvi dövləti 32 türk tayfası tərəfindən yaradılıb. Ona görə də bir türkin digər türk üzərində hansısa qələbəsini öymək, zənnimcə, o qədər də doğru addım deyil”.
Onun sözlərinə görə, Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətdə olarkən onların rəsmi dövlət dini şiəlik idi: “Amma bu, Osmanlı sultanları, o cümlədən sultan III. Muradla Cahanşah arasında yaxın qardaşlıq münasibətlərinin yaranmasına mane ola bilməmişdi. Bunu Cahanşahın Osmanlı elçilərini qəbul edərkən, söylədiyi fikirlər də sübut edir. Tarixə bir az da nəzər sala bilərik - Ağqoyunlu tayfa ittifaqı hakimiyyətdə olarkən onların rəsmi dövlət dini sünnilik idi. Buna baxmayaraq, onlar həmin dövrdə Osmanlı İmperiyası ilə müharibə vəziyyətində olublar, Otluqbeli döyüşü baş verib. Yaxud da Əmir Teymurun rəhbərlik etdiyi imperiyada təriqət Osmanlı İmperiyasındakı ilə eyni idi. Belə olan halda onların müharibəsinin səbəbi nə idi? Ona görə də hesab edirəm ki, tarixdə qalmalı olan məsələləri qabartmaq lazım deyil.
Biz 1555-ci il mayın 29-da imzalanmış Amasya sülh müqaviləsini və ya İstanbul sülh müqaviləsini xatırlada bilərik. Amma bunlar arzuolunan deyil. Biz belə şeylərin üstündən keçərək türkləri birləşdirən xətləri daha çox təbliğ etməliyik. Şah İsmayıl Xətai də, Əmir Teymur da türkün nəhəng sərkərdələridir. Onlar böyük bir miras qoyub gediblər".
Hikmət Babaoğlu
Deputat Hikmət Babaoğlu bildirib ki, Ərdoğan 1736-cı ildə Suqovuşanda Nadir şah Əfşarın irəli sürdüyü ideyanı təkrar edir: “Nadir şah Suqovuşanda qurultay keçirdi və türk tayfalarının verdiyi səslə legitim bir hakimiyyət formalaşdırdı. Orada məqamnamə adlı sənəd qəbul edildi. Həmin sənəddə Ərdoğanın bugünkü müraciəti o vaxt Nadir şah tərəfindən Osmanlı Türkiyəsinə edildi. Müraciətdə bildirildi ki, məzhəbçilikdən qurtulmaq lazımdır. Deyirdi ki, kim öz məzhəbini digərininkindən üstün hesab edirsə, bu, Çaldıran döyüşünə gətirib çıxarır. Eyni millətin mənsublarını bir-birinə qarşı qoyur. Mənə elə gəlir ki, Çaldıran döyüşündə irəli çıxan səbəblərdən biri məzhəbçilik idi. Ərdoğan isə bu gün Nadir şahın dediyini təkrar edərək, türklərin məzhəbçilikdən xilas olmasını irəli sürür. Ona görə də Ərdoğanın çıxışında pozitiv ideya axtarmaq lazımdır, nəinki tarixi keçmişə qayıdaraq ziddiyyət axtarmaq. Bu, doğru deyil”.
Deputat da əlavə edib ki, ərəblər və kürdlər hər zaman türk və Azərbaycan imperiyaları içərisində yaşayıblar: “Min illərdir ki, bu belədir. Lakin bu gün nə ərəb torpaqlarında, nə də kürdlərin yaşadığı coğrafiyada sülh var. Bunun əsas səbəblərindən biri də məzhəbçilikdir. Ondan xilas olsaq, bu, hamımızın qələbəsi olacaq. Məzhəbçilik Azərbaycan xalqının da parçalanmasına gətirib çıxarıb. Bu gün fars şovinist dairələri məhz məzhəbçilik təəssübkeşliyi əsasında 30 min azərbaycanlını əsir edib. Onların hüquqlarını tanımır. Bu isə bizi bölmək istəyənlərin işinə yarayır. İraqda, Suriyada da şiə və sünni qrupları arasında mübarizə gedir. Azərbaycanda isə məzhəblər vəhdətdədir. Şiə və sünnilər bərabər namaz qılırlar. Bu model mənimsənilsə, əsl qələbə o zaman olacaq”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ