Onlayn ictimai-siyasi qəzet
Siyavuş müəllim düz deyir, bahalı şeyləri xaricdə göstərmək məsləhətdir. Burada eləyəndə xalq qıcıqlanır, zəhmətkeşlərin tərbiyəsi pozulur, deyirlər, bizə də verin.
Amma axı var-dövləti xaricdə nümayiş etdirməyə də çətinliklər var! Məsələn, sabiq bankirlərimizdən birinin övrəti Britaniyada bahalı bazarlıqlar edirdi, tutub xeyli şey-şüyünü əlindən aldılar. Yadıma mövzuya uyğun bir ingilis yumoru düşdü: “Bəzəkli karyeralar çox zaman zolaqlı paltarla qurtarır”. Düzdür, ərini burada tutsalar da, övrət hələlik orada asudə gəzir, amma nə biləsən... Üstəlik, tısbağanı ya öldür, ya tərsinə çevir, eyni şeydir. O bahalı şey-şüyləri camaata göstərə bilməyib, yanıq verə bilməyib toplayacaqsansa, daha mənası nədir?
“Hərənin dərdi özünə dəvədir” demişlər dədələrimiz, milyarderin milyardlıq dərdi varsa, kasıbın da, misal üçün, uşaqpulu dərdi var. Adnan müəllim tutulanda şəxsən mən narahat oldum. Çünki yoldaş təkcə nöyütə su qatan idarədə işləmirdi, “Rahat” və “Bolmart” dükanlar şəbəkəsi də onun idi. Mən bu dükanlardan hərdənbir alver edirəm, nə gizlədim. Ümid edirəm, hələlik bu, cinayət sayılmır. Sayılsa, yəqin səmimi etirafımı nəzərə alarlar. Əlqərəz, telefonda proqramı açıb baxdım, sən demə, mənim ötən müddətdə “Rahat” mağazalar şəbəkəsində 2 manat 67 qəpik bonusum toplanmışdır. Əgər indi şəbəkənin başına nəsə pis iş gəlsə, əlaqədar orqanlardan xahiş edirəm, mənim bonusumu versinlər. Onu nə qədər əziyyətlə, alış-verişlə qazanmışam. Klassikin əsərində deyilən kimi, “bir abbasımı verin”. Ya da lap kosmik misal çəksəm, bu, Adnan müəllimkimilər üçün kiçik vəsait olsa da, bizim üçün böyük vəsaitdir. Poetik misal da çəkib pul mövzusunu müvəqqəti qapayıram: “Kaş millətdə ruh yaşasın!” (Müəllif yazını yarımçıq qoyub təcili bonusu xərcləməyə getdi - red.)
Davam edək. İnsan hüquqları üzrə müvəkkilimiz - milli ombudsman Səbinə xanım bu günlərdə aydın səmada şimşək kimi çaxan açıqlama yaydı. Deyir, aeroporta gedən taksilərin inhisara alınması, qiymətin qalxması insan hüquqlarına ziddir.
Həqiqətən, taksi bahadırsa, Adnan müəllim aeroporta necə getsin, var-dövləti xaricdə nə cür nümayiş etdirsin?
Bu bəyanatın nəsə ciddi nəticəsi olacaqmı? Şübhə etmirəm. Məsələn, ombudsman gələn dəfə aeroporta getməyə taksi tapmayacaq. Ya da onun qahımları Naxçıvandan Bakıya uçaqla gələrək, yolun qalan hissəsini piyada qət etməli olacaqdır.
Başqa nə nəticə ola bilər ki? Bizdə ombudsman institutunun haçan real təsir gücü olmuşdur? Uzağı, türmədəki hansısa yazığa qoğal keçirilməsinə şərait yarada bilər, o da həmişə yox, çün qoğal tülkünün inhisarındadır - burnunun ucunda saxlayır, kefi istəyəndə yeyir, istəməyəndə dığırlayıb əylənir.
Əslində biz aeroporta getmək imkanlarının hələ qalmasına sevinməliyik, çünki bütün dünyada koronavirus tüğyan edir, Operativ Qərargah vaxtaşırı karantin müddətini uzadır. Oradan da çıxa bilməsək, haradan çıxasıyıq? İnsan naşükür varlıqdır, başa düşürəm, ancaq daha pis ola bilərdi.
Bunun anekdotu da var. Deyir, iki nəfər olur, ölüm cəzası verilib, sabah asılacaqlar, kamerada bunların biri şükür edir, o biri əsəbləşir: “Nəyə şükür edirsən, sabah ölürük!” Şükür edən deyir: “Bala, şükür elə, daha pis ola bilərdi”. Sabah açılır, bunları aparırlar dar ağacının altına. Bu zaman çapar gəlir, cəllada deyir dur, təzə fərman var padşahdan, bunları asmazdan qabaq paz çalmaq lazımdır.
Əlbəttə, belə zalım hərəkətlər qədimlərdə, xan-bəy, AXC-Müsavat zamanında olurdu. İndi ədalət mühakiməsi var.
Sonda fürsətdən istifadə edərək bizim prokurorluqla Keniya prokurorluğu arasında əməkdaşlıq müqaviləsinin bağlanmasını alqışlayıram. Artıq bonuslarımızı Keniyada da nümayiş etdirəcəyik.
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ