İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu kənddə yaşlılar iki əsa ilə gəzir – İLGİNC SƏBƏB

Zaqatala rayonu, Aşağı Tala kəndində uzun illərdir yol problemi, daha doğrusu, yolsuzluq problemi yaşanır.

Kəndin daxili yolları yararsız vəziyyətə düşüb. Kənddə hər kəs yolun bərbadlığından şikayətçidir. Yolun müxtəlif hissələrində dərin çatlar, böyük çuxurlar var. Dağılmış yollar kənd arası nəqliyyatın hərəkətini kəskin çətinləşdirir.

YARAR.jpeg (2.83 MB)

Sakinlər kənddə olan Musavat.com-un əməkdaşına deyiblər ki, yolsuzluq gündəlik həyatlarına təsir etməklə yanaşı, təhlükəsizlik baxımından da ciddi risklər yaradır.

Uşaqlar məktəbə gedəndə yollarda ayaqları daşlara ilişir, çuxurlara düşürlər, yaşlılar üçün də gediş-gəliş problemlidir. Yağışlı günlərdə vəziyyət daha da ağırlaşır. Yağış yağan kimi kənd yollarında göllər yaranır.

Aşağı Tala sakinlərinin ən böyük narahatlıqlarından biri də xüsusilə yağışlı havalarda çuxurların su ilə dolması, yollarda iri gölməçələrin əmələ gəlməsidir. Sakinlərin dediyinə görə, bu zaman kəndin bəzi hissələri gölə çevrilir, piyada hərəkəti mümkün olmur, avtomobillər də təhlükə ilə üz-üzə qalır.

Aşağı Tala sakini Kamran Həmzəyevin sözlərinə görə, yolsuzluq illərin probleminə çevrilib:

“Yağmursuz havada durum bərbad, yağışlı hava ondan da bərbaddır. Yağış yağan kimi gölməçələr yaranır, maşınlar gölməçələrə düşüb zədələnir. Elə yağış yağmayanda da zədələnir.
Bu yollar kəndin dolanışıq mənbəyi olan təsərrüffat işlərini də çətinləşdirib. Fermerlər də bu haldan narazıdır”.

Zakir Məmmmədov isə bildirib ki, mal-qaranı otlağa aparmaq, ümumiyyətlə, bu yolda hərəkət etmək də əzaba dönüb. Kəndin yaşlıları artıq bir əsa ilə yox, iki əsa ilə gəzməyə məcbur qalıblar.

Aşağı Tala sakini ağbirçək Həlimət Həmzəyev vəziyyəti belə izah edir:

“İllərdir bu kənddəyəm, kəndimi çox sevirəm, lakin yolları haqqında eyni fikirdə deyiləm. Yollar daşlı-kəsəkli, yolun yarısı var, yarısı yoxdur. Çölə çıxanda necə gəzim, hardan keçim bilmirəm. Dağa çıxmaq bu yolda gəzməkdən daha rahatdır. Yaşlı adamam, bu yollarda necə hərəkət edim? Hələ məktəblilərə yazığım gəlir, körpələr məktəbə gedəndə əziyyət çəkirlər.

Biz kasıb camaatıq, özümüz düzəldə bilmirik. Ancaq çuxurları doldururuq, o da bir müddətlikdir”.

YARAR SON.jpeg (286 KB)

Kənd sakinləri aiddiyyəti üzrə qurumlara həm şifahi, həm də yazılı olaraq müraciət etmələrinə baxmayaraq, illərdir heç bir tədbir görülməyib. Sakinlərin sözlərinə görə, burada yaşayan çoxdur, yaşlılar, uşaqlar, fermerlər. Yolun bu vəziyyətdə olması onların həyatına ciddi təsir göstərir. Sakinlərin son ümidi isə problemi ictimailəşdirmək olub. 

İnarə Hünbət
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR