Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə məlumatında qeyd olunub. Bildirilib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kompleks tədbirlər davam etdirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, komissiyanın yaradılması Azərbaycanı informasiya sabotajlarından qorumaq zərurətindən doğub:
“Müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb. Bu Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq”.
A.Nağıyev bildirib ki, komissiya, həmçinin görülmüş işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq:
“Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə həyata keçirir”.
Deputat qeyd edib ki, son illər dünyada texnoloji müstəvidə aparılan hibrid müharibələr və kiberhücumların intensivləşməsi fonunda informasiya təhlükəsizliyi məsələsi milli təhlükəsizlik səviyyəsinə yüksəlib:
“Bu baxımdan, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) kritik informasiya infrastrukturlarının mühafizəsinə yönəlik birgə Komissiya yaratması tam vaxtında verilmiş qərardır. Bir daha vurğulamaq lazımdır ki, kritik informasiya infrastrukturu dedikdə, dövlətin idarəçiliyində, iqtisadiyyatında, enerji, nəqliyyat, rabitə, maliyyə, səhiyyə və digər həyati vacib sahələrdə istifadə olunan texnoloji sistemlər, serverlər, məlumat bazaları nəzərdə tutulur. Bu sistemlərin pozulması yalnız texniki yox, həm də siyasi, iqtisadi və sosial təhdidlər doğura bilər. Bugünkü dünyada kiberməkanda edilən bir hücum ölkənin real iqtisadiyyatına, əhalinin psixoloji durumuna və dövlətin idarəetmə mexanizminə ciddi təsir göstərə bilər”.
Arzu Nağıyevin sözlərinə əsasən, Azərbaycanın qarşısında dayanan əsas təhdidlərdən biri kiberterror, informasiya sabotajları və xarici xüsusi xidmət orqanlarının texnoloji casusluq cəhdləridir:
“Biz artıq görürük ki, regionda gərginlik fonunda kiberhücumlar yalnız fərdi deyil, həm də mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Buna qarşı yalnız texniki yox, həm də sistemi və hüquqi əsasları olan dövlət nəzarət mexanizmləri işləməlidir”.
Deputat xüsusi olaraq vurğulayıb ki, komissiyanın yaradılmasında məqsəd təkcə monitorinq aparmaq deyil:
“Həmçinin çatışmazlıqları aşkar edib, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturunun sahibi olan qurumlara tövsiyələr vermək, əməli tədbirləri koordinasiya etməkdir. Komissiyanın üzvləri həm texniki mütəxəssislər, həm hüquqşünaslar, həm də təhlükəsizlik təhlilçilərindən ibarət olacaq. Bu da o deməkdir ki, əməliyyat və analitik bacarıqlar birləşdirilərək qabaqlayıcı tədbirlər görüləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanında da açıq şəkildə göstərilir ki, DTX bu sahədə səlahiyyətli orqandır, XRİTDX isə xüsusi rabitə, şifrələmə və texniki təhlükəsizlik sahəsində onunla birlikdə fəaliyyət göstərir. Bu ikili struktur həm hüquqi, həm də texniki baxımdan sinxron və səmərəli fəaliyyətin təminatıdır”.
Arzu Nağıyev bir vacib məqamı da qeyd edib:
“Dövlət qurumlarının öz informasiya sistemlərini təftiş etməsi və müəyyən olunmuş standartlara cavab verməsi artıq təkcə tövsiyə xarakterli deyil. Bu, dövlət təhlükəsizliyi məsələsidir. Komissiya bu prosesləri sistemli və fasiləsiz şəkildə izləyəcək. Bu, o deməkdir ki, hər hansı bir qurumda zəif hal aşkarlandıqda, dərhal tədbir görüləcək və bu haqda hesabat hazırlanacaq. Son olaraq, bu addım vətəndaşın öz məlumatlarının təhlükəsizliyinə birbaşa təsir edən önəmli islahatdır. Bu komissiyanın işi nəticəsində elektron xidmətlərdən tutmuş bank əməliyyatlarına, səhiyyə sistemindən təhsil şəbəkəsinə qədər bütün sahələrdə informasiya təhlükəsizliyi artırılacaq. Bütün bu proseslərin fonunda Azərbaycan müasir dövrün kibertəhlükələrinə qarşı daha hazırlıqlı, çevik və sistemli cavab verən bir dövlətə çevrilir. Bu isə bizim müstəqilliyimizin rəqəmsal təminatı deməkdir”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ