Onlayn ictimai-siyasi qəzet
Bakı, Sumqayıt, Siyəzən Gəncə, Beyləqan, Şəki, Xaçmaz, Quba, Goranboy, İmişli, Sabirabad, Neftçala və Lənkəran şəhərlərində seçilmiş ümumitəhsil müəssisələrində yeni təmayül tədris modelinə start verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, şagirdlər, məsələn, fizika fənnini 10-cu sinif materialı əsasında öyrənməyə başlamazdan əvvəl həmin fənnin aşağı siniflərdə keçilmiş məzmununu təkrarlayıb möhkəmləndirirlər. V.Yaqublu bildirib ki, dərslərin keçirilməsində xüsusi bir yenilik gözlənilmir. “Lakin nəzərə alsaq ki, bu siniflərdə tədrisə sertifikasiya balı yüksək olan, akademik bilikləri və metodiki ustalığı ilə seçilən müəllimlər cəlb edilmişdir, əlbəttə ki, onlar öyrənmə prosesini daha səmərəli təşkil edəcəklər”.
Agentlik rəsmisi bildirib ki, dərslər günün birinci yarısında keçirilir: “Tədris planı bu siniflər üçün dövlət standartının yol verdiyi maksimum dərs saatı əsasında qurulub: həftədə 37 saat. Sual yarana bilər ki, bu az deyilmi? 37 saat müəllimin rəhbərliyi ilə öyrənmə üçündür. Bundan sonra şagirdlərin kiçik qruplarda və ya fərdi şəkildə ev tapşırıqlarını etməsi də öyrənmə vaxtını çoxaldır”. Şagirdlərin həmin siniflərə hansı şərtlər çərçivəsində qəbul edilməsinə gəlincə, o bildirib ki, birinci şərt ümumi orta təhsil səviyyəsini bitirmək barədə attestatın olmasıdır: “Şagird qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nin müvafiq altsistemi vasitəsilə həyata keçirilir. Bu zaman sinif komplektlərinin formalaşdırılması üçün minimum şagird sayı və təmayül istiqamətləri nəzərə alınır. Qəbul prosesi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinə əsasən, müraciət edənlərin topladıqları balların azalan ardıcıllıqla sıralanması yolu ilə və məktəbdə yer sayı nəzərə alınmaqla aparılır. Eyni bal toplamış namizədlər arasında seçim təmayül fənləri üzrə onların buraxılış sinfinin yekun (illik) qiymətlərinin orta balına əsasən aparılır".
Onun sözlərinə görə, bura sertifikasiya balı yüksək olan müəllimlər cəlb edilib: “Həm də bu şəxslərin iş təcrübəsi və metodiki bilikləri onlarda mövzunu daha səmərəli üsullarla öyrətmək səriştəsi yaradır. Burada onu da deməliyik ki, yalnız səmərəli üsullar deyil, üsulların müxtəlifliyi də səriştəli müəllimin silahıdır”.
Kamran Əsədov
Təhsil mütəxəssisi Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Mütəxəssisin fikrincə, yeni təmayül tədris modelinin tətbiqi Azərbaycan təhsil sistemində mühüm mərhələdir və bu layihə təhlil baxımından həm sosial, həm pedaqoji, həm də iqtisadi nəticələr doğuracaq: ""Təhsil haqqında" Qanunun 13-cü maddəsində "ümumtəhsil məktəblərinin əsas vəzifəsi şagirdlərin meyl və maraqlarına uyğun bilik və bacarıqların formalaşdırılması” qeyd olunur ki, yeni model bu prinsiplə tam uzlaşır. Həftəlik 37 saatlıq dərs yükünün müəyyənləşdirilməsi, təmayülləşmənin gücləndirilməsi və yalnız yüksək nəticə göstərmiş müəllimlərin prosesə cəlb olunması təhsildə keyfiyyətin artırılmasına yönəlmiş strateji addımdır. Statistik göstəricilər göstərir ki, hazırda ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin əksəriyyəti repetitor xidmətindən istifadə edir. Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin 2024-cü il hesabatına görə, abituriyentlərin 70 faizdən çoxu ən azı bir fənn üzrə repetitora müraciət edib. Bu isə valideynlər üçün əlavə maliyyə yükü yaradır. Yeni modelin tətbiqi ilə məktəbin özündə təmayül dərslərinin artırılması şagirdləri repetitordan asılılıqdan azad edə bilər. Bu, həm valideynin pul xərclərini azaldacaq, həm də uşaqların məktəbə marağını yüksəldəcək.
Müsbət tərəflərdən biri də odur ki, layihəyə yalnız sertifikasiyada minimum 51 bal, MİQ imtahanında 81 bal toplamış və azı 3 il iş təcrübəsi olan müəllimlərin cəlb olunması tədris keyfiyyətinə zəmanət yaradır. Bu seçim mexanizmi zəif hazırlıqlı müəllimlərin prosesdən kənarda qalmasına səbəb olsa da, ümumi nəticədə şagirdlərin peşəkar pedaqoqlardan bilik alması təmin ediləcək. Bununla yanaşı, müəllimlər öz üzərində işləməyə məcbur olur ki, bu da tədrisin davamlı inkişafına gətirib çıxarır. Mənfi tərəflər kimi şagirdlərin həftəlik dərs yükünün artması göstərilə bilər. Əgər dərs prosesində metodiki yanaşma yenilənməsə, 37 saatlıq dərs uşaqlar üçün əlavə yorğunluq yarada bilər. Buna görə də tədris yalnız saatların çoxluğu ilə deyil, müasir metodologiyalar, layihə əsaslı təlim və interaktiv dərs modelləri ilə zənginləşdirilməlidir. Əks halda, əlavə saatlar keyfiyyətli nəticə verməyə bilər.
Yeni modelin tətbiqi şagirdlərin asudə vaxtına da təsir edəcək. Əlavə saatlarla yanaşı məktəbdə dərs yükünün balanslı təşkili, bədən tərbiyəsi, incəsənət, texnologiya və STEAM fənlərinə diqqət onların inkişafına şərait yaradacaq. Bu isə təkcə akademik deyil, həm də sosial-emotional bacarıqların formalaşmasına xidmət edəcək".
Kamran Əsədov həmçinin qeyd edib ki, layihə təhsildə təmayülləşmənin real şəkildə həyata keçirilməsinə imkan verəcək, repetitorluğun təsirini zəiflədəcək, məktəbi valideyn və şagird üçün daha cəlbedici edəcək: “Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü həm idarəetmədə keyfiyyət yanaşmasının, həm də pedaqoji prosesdə yenilikçi baxışın nümunəsidir. Nazirliyin bu istiqamətdə atdığı addımlar həm valideynlərin yükünü azaldacaq, həm də şagirdlərin inkişafına yeni imkanlar açacaq. Bu səbəbdən layihə Azərbaycan təhsilində səmərəli islahatlardan biri kimi qiymətləndirilə bilər. Layihənin bölgələr üzrə tətbiqi nəticələrinə nəzər saldıqda, Bakıda və Sumqayıtda şagird sıxlığı nəzərə alınaraq bu modelin repetitor bazarına ciddi təsir göstərəcəyi proqnozlaşdırılır. Böyük şəhərlərdə valideynlərin əlavə xərcləri azalacaq və məktəbin nüfuzu yüksələcək. Gəncə və Lənkəran kimi regionlarda isə təmayül dərslərinin artırılması şagirdlərin öz bölgələrində ali təhsilə daha yaxşı hazırlaşmasına şərait yaradacaq. Siyəzən, Xaçmaz, Neftçala, Sabirabad və İmişli kimi rayonlarda layihə məktəbəqədər və orta təhsil imkanlarının balanslaşdırılmasına kömək edəcək, çünki burada repetitor xidmətləri daha az əlçatan idi. Şəki və Quba kimi mərkəzlərdə isə bu model şagirdlərin həm asudə vaxtını səmərəli dəyərləndirməsinə, həm də kənd-məktəb fərqinin azalmasına səbəb olacaq. Bu yanaşma nəticəsində bölgələr arasında təhsil keyfiyyəti fərqlərinin azalacağı və bərabər imkanların formalaşacağı gözlənilir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ