Onlayn ictimai-siyasi qəzet
Bakının kirayə ev bazarı burada, Nizami rayonundakı Dakar meydanı yaxınlığında yaşanır. Bu meydanın düz yanındakı parkın ön hissəsində həmişə qələbəlikdir. Burada makler toplaşır və axşama qədər əlində telefon, gözündə ümid müştəri axtarırlar.
Hər yoldan keçənə “Kirayə ev istəyirsiz?”, “Neçə otaqlı olsun?” kimi çağırışları burada tez-tez eşidilir. Bu gün həmin bazara biz də baş çəkdik. Maklerlərdən İlqar bəy artıq neçə ildir bu meydanın “köhnə simalarındandır”.
O, əvvəlcə ehtiyatla danışsa da, sonra ürəyini açdı:
“Əvvəl avqust-sentyabrda tələbə axını başlayanda burda yer tapmaq olmurdu. İndi elə bil heç Bakıda tələbə gəlmir. Həm müştəri azdır, həm də ev sahibləri elə qiymət deyir ki, adam utanır bu qiyməti müştəriyə, tələbəyə deməyə”.
Maklerin giley-güzarı əsassız deyil. Ötən ilə nisbətən qiymətlər az qala 30-40 faiz artıb. Əvvəllər 250 manata verilən köhnə bina evləri indi 300-350 manatdan başlayır. İkiotaqlı köhnə evlər 450-600 manat arası dəyişir. Yeni binalarda isə qiymətlər daha “cib yandırır”. 1 otaqlı mənzil 400-500, ikiotaqlı 600-700, üçotaqlı mənzillər isə 1000 manatdan yuxarıdır. Metroya yaxın, təmirli, əşyalı evlərdə isə bu qiymətlər lap ikiqat artır.
Makler Aydın bəy isə daha maraqlı məqamları dilə gətirdi:
“Bəziləri gəlir, deyir 1 illik qalacam, 2 aydan sonra çıxır. Ev sahibi bizi günahlandırır. Bəziləri evi zibilxanaya çevirir, kommunal borc buraxıb qaçır. Sonra biz düşürük ev sahibinin əlinə. Amma ev sahibinə də söz demək olmur. Hələ qiyməti də istədikləri qədər qaldırırlar...”
Aydın bəy deyir ki, indi əsasən tələbələr, imkansız ailələr, yeni ailə quran cütlüklər kirayəyə maraq göstərir. Amma onlar da bu qiymətlərə yaxın düşə bilmir:
“Bir tələbə 600 manat verə bilər? Valideyn onu necə göndərsin Bakıya? Əvvəl 150-200 manatlıq otaqlar tapılırdı, indi o qiymətə ancaq yataqxana verirlər...”
Ən acınacaqlısı odur ki, nə sakin razıdır, nə makler, nə də ev sahibi. Ev sahibləri “bahalaşıb” deyib qiymət artırır, maklerlər “bizim qazancımız qalmır” deyir, müştərilər isə “qapıdan girəndə qiymətdən dönürük” şikayəti edir.
Dakar meydanında isə qələbəlik azalmır. Bu bazara uzun müddət “ucuz ev” tapmaq ümidi ilə gəlib gedənlərlə maklerlərin sövdələşmələri bitmək bilmir.
Mənzər SOLTANLI,
İnarə HÜNBƏT,
Fotolar müəlliflərindir
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ