İnsanlara hürriyət, millətlərə istiqlal!

“Daşnaksütyun” həmişəlik bağlanır? - Paşinyan bu yaxşılığı etsə...

Ermənistanda bu faşist partiyasının qadağan və terror təşkilatı elan olunmasına çağırışlar var - iki fərqli baxış

“Daşnaksütyun Erməni İnqilab Federasiyasını qadağan etmək barədə yenidən düşünməyin vaxtıdır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu hakim Mülki Müqavilə partiyasından olan deputat Hasmik Akopyan öz feysbuk səhifəsində yazıb.

O, xüsusilə qeyd edib: “Əziz dostlar, əminəm ki, təhlükəsizlik sistemimizin Daşnaksütyun üzvlərinin evlərindən aşkarlayaraq müsadirə etdiyi arsenalı siz izləyirsiniz (söhbət müsadirə edilən partlayıcı maddələrdən gedir - red.). Əslində onlar təkcə daşnaklar deyil, həm də terror təşkilatçılarıdır. Artıq Daşnaksütyunu yenidən qadağan etmək və onu terror təşkilatı elan etmək barədə düşünməyin vaxtı çatıb”.

Sirr deyil ki, Azərbaycan və Türkiyə ilə sülhə ən böyük əngəllərdən biri məhz faşist xislətli daşnaklar və onların himayə etdiyi qüvvələrdir. Bəs Paşinyan bu əngəli aradan qaldıra, “Daşnaksütyun”u bu dəfə həmişəlik bağlaya bilərmi?

gunay agamali.jpeg (96 KB)

Günay Ağamalı

Deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, “Daşnaksütyun” adlı radikal və şovinist təşkilat Ermənistanın nifrət, zorakılıq və etnik təmizləmə ideologiyasının daşıyıcısıdır: “Bu ”təşkilatın" fəaliyyəti yalnız Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları və düşmənçilik toxumu səpməklə kifayətlənməyib, eyni zamanda, Ermənistanın öz gələcəyini də zəhərləyib. Bu gün artıq Ermənistan cəmiyyətinin içindən də səslər yüksəlir ki, bu terrorçu mahiyyətli qurumun fəaliyyətinə hüquqi və siyasi şəkildə son qoyulsun. Hazırda Daşnaksütyun partiyası siyasi partiya statusunda fəaliyyət göstərsə də, onun ideologiyası və fəaliyyət mexanizmi demokratik dəyərlərin prinsiplərinə ziddir. Onların Fransa, Livan və digər ölkələrdə fəaliyyət göstərən üzvləri erməni diasporunun maliyyə dəstəyi ilə qondarma soyqırımı, Böyük Ermənistan xülyasını siyasi alətə çevirməklə erməni cəmiyyətində nifrət əsaslı ritorikanı dərinləşdirir".

Deputat vurğuladı ki, məhz bu səbəbdən, təhlükəsizlik orqanlarının Daşnaksütyunla bağlı aşkarladığı faktlar və ifşa olunan məsələlər göstərir ki, bu təşkilat nə sülhə, nə sabitliyə, nə də xalqlar arasında qarşılıqlı inam mühitinə xidmət edir: “Əksinə, bölgədə revanşizmi, terroru və nifrəti körükləyən, keçmişin qaranlıq ideologiyalarına xidmət edən alətdir. Təbii ki, indiki situasiyada Ermənistan daxilində siyasi dinamika olduqca qeyri-stabildir. Paşinyanın ”real Ermənistan" çağırışları fonunda Azərbaycanla mövcud sülh gündəliyi Daşnaksütyun kimi radikal müxalifət seqmentini fəallaşdırıb. Onlar köhnə narrativləri canlandırmağa çalışan bütün qüvvələrdən dəstək almağa çalışırlar. Bu isə öz növbəsində ölkədaxili böhrana səbəb olur. Əgər Paşinyan gerçəkdən ölkəsinin gələcəyini düşünürsə, “Daşnaksütyun”la bağlı hüquqi addımlar atmaqdan çəkinməməlidir. Bu, yalnız Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına, həm də Ermənistanın daxilində sabit cəmiyyət qurulmasına xidmət edər".

azer huseynov.JPG (30 KB)

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, politoloq Azər Hüseynov bu çağırışların iki qardaş ölkə tərəfindən diqqətlə izlənildiyini bildirdi: “Ermənistanın siyasi palitrasında radikal və ekstremist yönümlü partiyaların başında gələn ”Daşnaksütyun" (Erməni İnqilab Federasiyası) artıq bir neçə onillikdir ki, regionda sülhə mane olan əsas ideoloji və siyasi aktorlardan biri kimi çıxış edir. Bu təşkilat, yalnız Azərbaycan və Türkiyəyə qarşı düşmən ritorikası ilə deyil, həm də 20-ci əsrin əvvəllərindəki qanlı hadisələrdəki rolu, silahlı dəstələr vasitəsilə həyata keçirdiyi terror aktları və separatizm çağırışları ilə tanınır. Şübhəsiz ki, belə bir qadağanın rəsmi şəkildə həyata keçirilməsi Azərbaycan və Türkiyənin maraqlarına tam uyğun gələcək. Çünki “Daşnaksütyun” tarixi cinayətlərə ilham vermiş, erməni millətçiliyini hərbi ekstremizmə yönəltmiş, diaspor və daxili siyasi çevrələr vasitəsilə sülh cəhdlərini pozmağa çalışan ənənəvi qüvvədir. Lakin “Daşnaksütyun”un rəsmi olaraq bağlanması, onun cəmiyyətə təsir imkanlarının məhdudlaşdırılması, erməni siyasi sistemindən kənarlaşdırılması hələ Ermənistan cəmiyyətindəki revanşist, şovinist və militarist düşüncələrin tam olaraq yox olması demək deyil. Bu ideoloji xəttin kökləri çox daha dərindir və yalnız bir partiyanın fəaliyyətinə son verməklə bu problemin aradan qalxacağını düşünmək sadəlövhlük olardı".

Politoloq Paşinyan üçün yaranan fürsətlərdən də söz açdı: “Ermənistan cəmiyyəti, xüsusən də İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra ciddi sarsıntılar yaşamış və bu, müəyyən mənada Paşinyana islahatlar üçün fürsət yaradıb. Burada diqqət çəkən başqa bir mühüm məsələ isə erməni siyasi çevrələrinin situativ davranışıdır. Ermənistan cəmiyyətində və hakimiyyətində sülhə yönəlik çağırışlar, Azərbaycanla münasibətləri normallaşdırmaq meylləri, daha çox məğlubiyyətin yaratdığı geosiyasi reallıqların nəticəsidir. Ermənistan bu gün həm hərbi, həm iqtisadi, həm də diplomatik cəhətdən zəifdir. Azərbaycan isə təkcə regional güc olaraq deyil, həm də Qərb və Türk dünyası ilə inteqrasiyada böyük uğurlar əldə etmiş bir ölkədir. Bu kontekstdə Ermənistan üçün sülh bir ideoloji seçim deyil, zəruri geosiyasi adaptasiya formasıdır. Azərbaycan cəmiyyəti və siyasi elitası isə bu prosesləri soyuqqanlı şəkildə izləməli və ”Daşnaksütyun" kimi qüvvələrin zəiflədilməsini təqdir etsə də, ehtiyatlı yanaşmağı da unutmalı deyil. Əgər bu addım səmimi niyyətin məhsulu olaraq atılarsa və ardınca cəmiyyətin ideoloji təmizlənməsi istiqamətində davamlı tədbirlər görülərsə, onda bu, yalnız Ermənistan üçün yox, regionun bütövlükdə sabitliyi üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər. Ermənistan cəmiyyəti millətçi-neofaşist düşüncələrdən qurtulmaq istəyirsə, bu, yalnız “Daşnaksütyun”un bağlanması ilə yox, geniş miqyaslı ictimai və mədəni islahatlarla mümkün ola bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR