Onlayn ictimai-siyasi qəzet
Gələn həftə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü tamam olacaq. Artıq bir neçə ildir ki, Azərbaycan özünün ərazi bütövlüyünü təmin edərək varisi olduğu Cümhuriyyətimizin yaranma gününü qeyd edir.
Amma bizim dövlət və millət olaraq hədəflərimiz var ki, onlardan da biri Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə soydaşımızın öz yer-yurdlarına ləyaqətli qayıdışına nail olmaqdır. Absurd olanı budur ki, 1918-ci ilin mayında Azərbaycanın tarixi torpaqlarında elan olunan və İrəvan xanlığının mərkəzinin paytaxt olaraq güzəştə gedilməsi nəticəsində indiyədək “kadastr sənədi olmayan” oyuncaq respublika elan etmiş ermənilər Azərbaycanın haqlı tələblərini icra etməkdən yayınırlar. Üstəlik, elə bu günlərdə Ermənistanın xarici siyasət idarəsinin təmsilçisi Qərbi Azərbaycanla bağlı rəsmi Bakının tələblərinin qarşılığında yersiz iddialar səsləndirib. Azərbaycan torpaqlarını havadarlarının dəstəyi ilə ilhaq etmiş ermənilərin hələ də son illərdə baş verənlərdən dərs götürməməsi növbəti illərdə erməni faşizminin yenidən baş qaldıra biləcəyinə şübhə yeri qoymur. Ermənilərin əsassız iddiaları və Azərbaycanın tarixi faktlara söykənərək irəli sürdüyü tələblərdən yayınması sadəcə gərginliyi tətikləyə bilər ki, bunu özləri də yaxşı anlayırlar.
Zamanında erməni-rus tarixçiləri özləri də Ermənistan adlanan ərazilərin əsl sahiblərinin azərbaycanlılar olduğunu yazıblar, bu barədə faktlar arxivlərdə qalmaqdadır. Cəmi 23 ay yaşayan və bolşevik Rusiyasının təcavüzü nəticəsində süquta uğrayan birinci respublikamızın tarixinin yorulmaz araşdırmaçısı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Musavat.com-a videomüsahibəsində erməni yalanlarını alt-üst edən tutarlı faktları səsləndirib və saxta iddiaları darmadağın edib.
Anar İsgəndərov bildirib ki, əgər Ermənistan Azərbaycanın şərtlərinə əməl edərək, konstitusiyasını dəyişməkdən və digər addımlardan imtina etsə, sülhü imzalamaqdan yayınsa, o halda Azərbaycan dövləti 1918-20-ci il Cümhuriyyət xəritəsini – o xəritə ki, 1920-ci ildə Paris Sülh Konfransında dövlətimiz de-fakto tanınarkən qəbul olunub və Millətlər Liqasının arxivində saxlanılır – danışıqlar masasına qoya bilər. Zəngəzurun qərb hissəsinin ermənilərə verilməsindən tutmuş, 1969-cu ilin may ayında bir sıra kəndlərimizin ilhaqının parlamentlər səviyyəsində rəsmiləşdirilməsinədək bir sıra qara səhifələrə işıq salan professor Azərbaycanın tarixi ərazilərinin qəsbi ilə bağlı məsələlərin də gündəmə gətirilməsini mümkün saydı. Ermənilər Zəngəzur dəhlizini açmasalar...Ən yaxşısı oxucularımız şok açıqlamalarla dolu müsahibəni sonadək izləsinlər.
Musavat.com olaraq çox qiymətli tarixçi alimlə sensasion faktlarla zəngin müsahibəni təqdim edirik:
Elşad Paşasoy,
Foto: Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ