İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimlinin Aİ bayrağına sığınmasının sirri

Bu, AXCP sədrinin Avropadan pul qoparmaq cəhdidir?

Müxalifətin fəaliyyətinə yaxından bələd olan ekspertlərdən biri deyib ki,  AXCP-nin daxil olduğu və hələ də üzv olaraq qaldığı Milli Şura 2013-də təsis olunarkən ilk günlərdə proqramında Avroatlantik məkana inteqrasiya ilə bağlı hər hansı müddəa yer almayıb. Hətta bu məsələ üzərində ikitirəlik yaranmışdı. O vaxtdan çox sular axıb və indi Milli Şurada ancaq Əli Kərimli özünü “həqiqi müxalifət” elan edib.

Ən acınacaqlısı isə odur ki, Rəsulzadənin adını dilə gətirərək onun irsindən bəhs edən bu qrup, eyni zamanda Avropa İttifaqının bayrağını qaldırmaqdan çəkinmir. Bəli, Azərbaycan xalqının müstəqillik günündə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun abidəsinə yürüş zamanı Avropa İttifaqının rəmzini nümayiş etdirirlər. Axı bu bayrağın bizim dövlət müstəqilliyimizlə, suverenliyimizlə nə əlaqəsi var? Əksinə, bu təşkilatın bəzi institutları illərdir Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən qüvvələrə açıq və gizli dəstək verir. Avropa Parlamentində separatçı rejimin “nümayəndələri” tribunaya çıxarılır, erməni terrorçuları “mülki fəallar” kimi təqdim olunur, Ermənistanın təcavüzkar siyasəti isə “insan haqları” adı altında ört-basdır edilir.

Azərbaycan Aİ ilə münasibətlərində əvvəlki siyasətini davam etdirir, amma Ukrayna kimi ölkələrin Avrointeqrasiyasının nə ilə nəticələndiyini də unutmur.  Azərbaycan ölkənin  təhlükəsiz gələcəyini Aİ-də görmür. Azərbaycan Cümhuriyyətinin 107-ci yaşında Əli Kərimli və tərəfdarlarının Aİ bayrağına sığınması cəmiyyətdə mənfi reaksiyalar doğurub. Bəs görəsən, adı olub özü olmayan  Milli Şura niyə məhz indi Aİ bayraqlarına sığınıb? Bu, Əli Kərimlinin Aİ-dən pul qoparmaq cəhdidirmi?

aydin_huseynov_280919.jpg (32 KB)

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Milli Şura adlanan qurum Rusiyadakı bəzi dairələrin xeyir-duası ilə yaradılmış “Milyarderlər ittifaqı”nın davamı olaraq ortaya çıxarılmışdı: "Lakin Azərbaycan cəmiyyəti ayıq-sayıq cəmiyyətdir. Ona görə də bu aldadıcı taktikanı da cəmiyyət dərhal başa düşdü və Milli Şuranın ardınca getmədi. Milli Şura qarşısına qoyulan məqsədə çatmaq iqtidarında olmadığını tam isbatladıqdan sonra şimaldan ona olan ümidlər kəsildi. Bundan sonra Milli Şura, əslində AXCP yenidən rəng dəyişərək zaman-zaman sifarişlərini yerinə yetirdiyi Avropa İttifaqına sığınmaq yolunu seçdi. Qərbdəki anti-Azərbaycan dairələrin sifarişi ilə mitinqlər təşkil etdilər, müxtəlif sabitliyi pozmağa xidmət edən aksiyalara əl atdılar. Lakin bunlar da nəticəsiz qaldı. Ehtimal etmək olar ki, son illərdə Avropadan onlara verilən "paket" ya azalıb, ya da kəsilib. Ona görə də Əli Kərimli və Milli Şura adlanan dəstə Avropa İttifaqının bayrağını 28 May Müstəqillik Günündə qaldırmaqla “sizin xidmətinizdə davam edirik və etməyə hazırıq” mesajını verir. Ölkənin müstəqillik günündə başqa bir qurumun bayrağını qaldırmağın adı başqadır".

hikmet.jpg (238 KB)

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat” açıqlamasında bildirib ki, marginal müxalif qrupun Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Avropa İttifaqının bayrağını qaldırması Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinə və ideallarına təhqirdir: “Rəsulzadə və AXC-nin digər qurucuları Azərbaycanı məhz Avropa işğalçılarından, general Tomsondan və digər düşmənlərdən xilas edərək, bu dövləti qurmuşdular. Bu gün Azərbaycan Prezidenti üçrəngli bayrağımızı öz müttəfiqləri, iki qardaş ölkənin liderləri ilə birlikdə dünyanın ən uca yerində tikilmiş Laçın Hava Limanında dalğalandırdığı bir vaxtda marginal müxalifətin hərəkəti Azərbaycan xalqının maraqlarına ziddir. Çünki məhz marginal müxalifətin qaldırdığı bayraq altında birləşən kollektiv Qərb, başda Fransa Azərbaycan bayrağının Xankəndidə, Şuşada, Laçında dalğalanmasını istəmir. Avropa İttifaqı Ermənistana monitorinq missiyası göndərir və onlar əllərindəki ən müasir cihazlarla Azərbaycanın mövqelərini Ermənistan ordusuna ötürməklə casusluq edirlər. Bu elə müxalifətin bayrağını qaldırdığı Avropa İttifaqına üzv ölkələrdir. Aydın görünür ki, bu müxalif qruplar Azərbaycan dövlətinin və xalqının dəyərlərinin yanında deyil, əksinə, Ermənistanda Aİ-nin bayrağını qaldıran Avropa müşahidə missiyasının, Aİ-nin himayə etdiyi ermənilərin yanındadırlar. Ona görə də bu cür hərəkətlər Azərbaycan dövlətinin, xalqının keçmişinə, bu gününə, Azərbaycan Xalq Cümhuriyyəti dəyərlərinə, Rəsulzadə ideologiyasına xəyanətdir”.

Niyameddin 11.jpeg (96 KB)

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Milli Şuranı 2013-cü ildə Azərbaycanda  keçirilən prezident seçkisində Rusiya yaratmışdı: “Milli Şura Rusiyanın layihəsi olub. Rusiya Prezident İlham Əliyevə qarşı hazırlanan bu layihəyə Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd irəli sürmüşdü. Rüstəm İbrahimbəyov da hakimiyyətə gəlmək üçün alışıb yanan Əli Kərimlini, Cəmil Həsənlini, İsa Qəmbəri və digərlərini bir araya gətirmişdi. Xatırlayırsınzsa, Milli Şura adından Putinə şanlı məktub yazıb xahiş etdilər ki, Rüstəm İbrahimbəyovu Rusiya vətəndaşlığından azad etsin.  Sonra da Milli Şura fiaskoya uğradı. Putin Bakıya gəlib, Prezident İlham Əliyevlə görüşəndən sonra Rusiya üçün Milli Şuranın əhəmiyyəti qalmadı. Milli Şura deyilən marginal qrup "fit müxalifəti"dir. Kənardan bir fitlə idarə olunan müxalifətdir. Onlar hansı Avroatlantik inteqrasiyadan danışır? Məgər Qərb və Avropa Əli Kərimlinin kim olduğunu və Milli Şuranı Rusiyanın yaratdığını bilmir?! Əli Kərimlinin pul qoparmaq məsələsinə gəldikdə isə əlbəttə ki, bu birmənalı belədir. Pul üçün Əli Kərimli tək Qərblə deyil, İran molla rejimi ilə də əməkdaşlıq edər. Əli Kərimlinin olduğu Milli Şura deyilən qrupdan zaman-zaman pul qarşılığında həm Rusiya, həm Avropa, həm də İran İlham Əliyevə qarşı istifadə edib. Əli Kərimlini yaxından tanıyan adamların hər biri təsdiq edər ki, onun pula çox böyük sevgisi var. Pul almağı xoşlayır, xərcləməklə arası yoxdur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR