Onlayn ictimai-siyasi qəzet
Düşənbədə keçirilən MDB sammiti zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi barədə müzakirə baş verib. Putinin “iki ölkə arasında ticarət dövriyyəsinin həcmi nə qədərdir?” sualına Paşinyan cavab verib ki, 2025-ci ildə bu rəqəm 4 milyard dollar, 2024-cü ildə isə 9 milyard dollar təşkil edib. Lakin Rusiya prezidenti bu fikirlə razılaşmayaraq “real göstəricilər daha yüksəkdir” deyib. Paşinyan isə “ola bilər” cavabını verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” xüsusi məlumat yayıb.
“Bundan sonra ‘Vətəndaş Müqaviləsi’ partiyasının rəsmiləri və deputatları Paşinyanın səhv etmədiyini sübut etməyə çalışaraq, müxtəlif rəqəmləri müqayisə ediblər. Eyni zamanda, bir sıra ekspertlər maraqlı mənzərə ortaya qoyurlar. Ermənistan Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 2024-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 12 milyard 401 milyon 604,4 min dollar təşkil edib. Beləliklə, 2024-cü il tarixi maksimum olub və 2023-cü illə müqayisədə demək olar ki, iki dəfə artım qeydə alınıb.
Bununla yanaşı, 2025-ci ilin avqust ayına dair məlumatlara görə, real ticarət dövriyyəsi təxminən 4,5 milyard dollar olub, halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 9,2 milyard dollar idi. Başqa sözlə, Paşinyan faktiki olaraq “ili səkkiz aya endirib”, yəni illik göstəriciləri deyil, səkkiz aylıq rəqəmləri müqayisə edib”,-deyə qəzet yazır.
Qəzetin yazdığına görə, aparılan tədqiqatlar göstərir ki, 2025-ci ilin sonuna qədər Ermənistan-Rusiya ticarət dövriyyəsi azı 7 milyard dollara çatacaq ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli azalmadır. Bununla belə, Rusiya hələ də Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır və ölkənin ümumi xarici ticarət dövriyyəsinin 34,8 faizini təmin edir.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ