İnsanlara hürriyət, millətlərə istiqlal!

İdarə rəisinin işində 12 milyon manat ziyan var – PULLAR HARDADIR?

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, eyni zamanda Bayraq Meydanının keçmiş rəisi İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Musavat.com xəbər verir ki, prosesdə Fuad Babayevin vəkili vəsatətlə çıxış edib.

Vəkil bəzi sənədlərin sübutlar siyahısına əlavə olunmasını istəyib:

“Bir şirkət yaradılıb və görüntü yaradılıb ki, guya bu şirkət yeyinti məqsədilə qurulub. Amma şirkətin hesabına köçürülən vəsaitlər təyinatı üzrə xərclənib və hesabda qalıb”.

Məhkəmə vəsatəti təmin edərək həmin sənədlərin işə əlavə olunması barədə qərar qəbul edib.

Daha sonra İlqar Mustafayevin vəkili vəsatət verib.

Vəkilin sözlərinə görə, ittihamda 2020-2023-cü illərdə gəmilərdən əldə edilən gəlirlərin mənimsənildiyi iddia olunur:

“Guya gəmilərdən ayda 3-7 min, ildə isə 13 min sərnişin istifadə edib. Amma pandemiya dövründə, xüsusilə 2020-ci ildə insanlar SMS icazəsi ilə küçəyə çıxırdı. Bu qədər sərnişinin istifadəsi mümkün deyildi. Bulvar İdarəsinin həmin dövrə aid alt sənədlərinin məhkəməyə təqdim edilməsini istəyirik”.

Məhkəmə bu vəsatəti isə baxılmamış saxlayıb.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaq zamanı müəyyən edilib ki, İlqar Mustafayev vəzifədə olduğu dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərləri ilə birlikdə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil ediblər. Bununla da quruma məxsus qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyətinin təşkili, gəmi gəzintiləri və digər fəaliyyətlərdən əldə edilmiş 12 milyon manatdan artıq vəsait mənimsənilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan çox vergi borcunu dövlət büdcəsinə ödəməkdən yayındığı, həmçinin cinayət yolu ilə əldə etdiyi 10 milyon manatdan artıq vəsaiti özü və yaxınlarının adına əmlaklar almaqla leqallaşdırdığı bildirilir.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələrlə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə İlqar Mustafayev barəsində həbs qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər barəsində isə polis nəzarətinə verilmə tədbiri seçilib.

Cinayət işi üzrə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlakın üzərinə həbs qoyulub.

Proses avqustun 18-də davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR