Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Polşanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.
Musavat.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd edib.
Səfir Polşa Prezidenti Andjey Dudanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş edib.
Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirib və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.
Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Sudanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda iki ölkənin uğurlu əməkdaşlığını vurğulayıb.
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri ilə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Zirvə toplantısı və Antalya Diplomatiya Forumu çərçivəsində görüşlərini, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələri məmnunluqla xatırladıb.
Səfir Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana çatdırmağı xahiş edib.
Səfir Azərbaycanın Sudanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi birliyinə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirib. O, iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Sudan tərəfindən işçi qrupunun yaradıldığını vurğulayıb.
Ənəs Eltayeb Elqaylani Mustafa sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərinin artırılmasını xahiş edib.
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ