İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin BMT-də qaldırdığı o məsələ: Xəzərin suyu niyə azalır? – Səbəblər və həllər

Sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısı çıxışında siyasi və iqtisadi məsələlərlə yanaşı, ekoloji problemlərə də diqqət çəkib.

Prezident xüsusilə Xəzərin vəziyyətindən narahatlığını ifadə edərək bildirib ki, dəniz suyu sürətlə azalır və bu, ciddi ekoloji təhlükə yaradıb:

“2022-ci ildə Xəzəryanı dövlətlərin dövlət başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini gündəmə gətirmişdim. Təəssüf ki, bu gün vəziyyət daha da ağırdır. Xəzər dənizi sürətlə kiçilir və bunun əsas səbəbi iqlim dəyişməsi deyil”.

Dövlət başçısı xəbərdarlıq edib ki, bu prosesin davam etməsi gözlənilməz və ağır nəticələrə gətirib çıxara bilər. Onun sözlərinə görə, ekoloji faciənin qarşısını almaq üçün Xəzəryanı dövlətlərin birgə fəaliyyəti zəruridir:

“Gözlənilməz nəticələr doğura biləcək ekoloji faciənin qarşısını almaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri vacibdir. Azərbaycan bu problemin həlli üçün BMT ilə də sıx əməkdaşlıq etməyə hazırdır”.

İlham Əliyevin çıxışı beynəlxalq auditoriyada Xəzərin gələcəyi ilə bağlı ciddi çağırış kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu mövzu yalnız region ölkələrinin deyil, həm də qlobal ekoloji gündəmin tərkib hissəsinə çevrilə bilər.

17588334151939017219_1200x630.jpg (445 KB)

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Musavat.com-a bildirib ki, hər bir su obyektinin, xüsusi ilə qapalı göllərin su balansı var: ”Bir gölə nə qədər su gəlirsə, o qədər də çıxmalıdır ki, onun səviyyəsi sabit qalsın. Əgər gəlir və çıxar arasındakı fərq çoxalırsa, əlbəttə, gölün səviyyəsi aşağı düşəcək.

Xəzər qapalı göldür, çayların gətirdiyi su buxarlanma ilə çıxır. Lakin son 30 ildə çayların suyunda kəskin azalma baş verir, buxarlanma isə olduğu kimi qalır və ya daha çox olur. Bu da Xəzərin səviyyəsinin azalmasına səbəb olur. Xəzər dənizinə əsas su gətirən çay Volqadır. Dənizə gələn suların 80-faizindən çoxu Volqanın payına düşür. Volqanın suyunun azalması isə Xəzərin səviyyəsinə təsir edir. Hazırda Volqa boyunca, şimaldan cənuba doğru 8 iri su anbarı mövcuddur ki, onların ümumi sahəsi 30 min kv km-dən çoxdur. Su anbarlarının əksəriyyəti elə dəniz adlanır. Məsələn, Kuybışev və Rıbinsk anbarları buna nümunədir. Bu anbarlarda buxarlanma son dərəcə yüksəkdir. Eyni fikirləri Samara su anbarına da aid etmək olar. Volqaboyu şəhərlərdə məskunlaşmanın getdikcə artması, əhalinin Sibirdən tədricən Volqa hövzəsinə köçməsi suya olan təlabatı artırır. Nəticədə Volqanın suyu azalır. Bu da təbii ki, Xəzərin səviyyəsinin düşməsinə gətirib çıxarır. Kür və Ural çayı isə Xəzərə tökülən suyun çox kiçik hissəsini təşkil edir.
Bu yaxınlarda Rusiyanın Baş nazirinin ofisində belə bir müzakirə getdi ki, artıq Rusiya Volqa sualtı kanallarını saxlaya bilmir. Suyun altından kanal çəkilib ki, gəmilər sərbəst hərəkət edə bilsinlər. Xəzər dənizinin səviyyəsi həmin ərazidə o qədər düşüb ki, kanalı su ilə təmin etmək çətinləşib. Bu isə Rusiyanın Xəzərə çıxışını zəiflədir. Rusiyanın elə gəmiləri var ki, Mahaçqala limanında qalıb və başqa yerə hərəkət edə bilmir”.

1756271626_1755957539_xezer-denizi-cekilme-modern.jpg (81 KB)

Ekoloq deyir ki, yaranmış vəziyyət Azərbaycana da təsir edir və gəmiçilik imkanlarını məhdudlaşdırır: “Bu problemin həlli Xəzər hövzəsində sudan istifadəni azaltmaqdır. Yəni uzunmüddətli dövrdə bütün ölkələr bir araya gəlməlidirlər ki, Xəzərin çaylarını xilas etsinlər. Dövlətlər öz aralarında belə bir məcburetmə mexanizmi işləyə bilərlər ki, hər bir ölkə öz ərazisində olan çaydan Xəzərə nə qədər su verəcəyi ilə bağlı kvota götürsün. Bu baxımdan Rusiyanın imkanları genişdir, Volqa onun ərazisindədir. Azərbaycanın imkanları məhduddur. Çünki Kür çayı Volqa ilə müqayisədə çox kiçikdir və transsərhəd çaydır. Ermənistana, Gürcüstana necə əmr edək ki, su götürməsinlər. Onların Xəzərə çıxışları yoxdur və heç maraqlı da deyillər. Üstəlik də su götürmələrini getdikcə artırırlar”.

Ekoloq bildirir ki, problemin həlli istiqamətində müvafiq suvarma texnologiyalarına keçmək lazımdır: “Sudan asılılığı azaltmaq lazımdır. İqtisadiyyatlar suya çox bağlanıblar. Bu, doğru deyil.

Rusiya Volqanın suyundan eqoistcəsinə istifadə edir. O ölkədə bu cür layihələrdə ekoloji prioritet ən axırda gəlir. Stalinin təbiəti dəyişmə planı olub və Xəzər dənizini qurutmaq istəyib. SSRİ-də zavod tikəndə heç vaxt fikirləşmirdilər ki, ekoloji nəticələr nə olacaq. Onun bəlasını uzun illər Azərbaycan da çəkib. Beləliklə, Rusiya Volqa üzərindəki iri su anbarları vasitəsilə Xəzərin taleyini faktiki olaraq öz əlində cəmləyib”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR