Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev 25 sentyabrda Birləşmiş Ştatlarda çox önəmli bir çıxış edib. Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edən Dövlət Başçısı çox ciddi mesajlar verib. Bu, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra Azərbaycan Prezidentinin BMT tribunasından ilk çıxışı idi.
Ölkə rəhbəri BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin yerinə yetirilmədiyini ali tribunadan bir daha dünyaya bəyan etdi. Eyni zamanda 30 illik səmərəsiz danışıqlardan sonra Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etdiyini önə çəkdi. Cənab Prezident Azərbaycanın yeni bir dövrə qədəm qoymasından, həm müharibədə, həm də sülhdə qazanılan qələbədən söz açdı.
Sitat: “Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.
Azərbaycan rəhbəri digər istiqamətlər üzrə də dövləti və xalqı naminə tarixi çıxış edib.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov Musavat.com-a bildirdi ki, Qalib ölkənin liderinin dünyanın ən mötəbər siyasi kürsüsündən sülh çağırışları ilə çıxış etməsi doğrudan da tarixi hadisədir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışın ruhu, məzmunu sözün tam mənası ilə əsl sülhsevərlik nümunəsidir. Dövlətimizin başçısının BMT kürsüsündən səsləndirdiyi mesajlar ölkəmizin Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olması üçün əsas təşəbbüskar rolunda çıxış etdiyini göstərir.
Cənab Prezident çıxışının əvvəllində bildirdi ki, o, uzun illər ərzində BMT kürsüsündən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışıb, lakin bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacaq. Qalib ölkənin liderinin çıxışının bu cür sülh anonsu ilə başlanması möhtəşəm başlanğıc idi.
Azərbaycanın 30 ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ilin sentyabrında BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu və 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizin işğal altındakı ərazilərimizi azad etdiyini sessiya iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı, 2020-ci il noyabrın 10-nun Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdüyünü bildirdi. İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam uyğun olaraq bərpa etdiyini xüsusilə vurğuladı.
Beləliklə, BMT kürsüsündən bütün dünyaya bəyan edildi ki, Azərbaycan BMT qətnamələrinin icrasını öz gücüylə həyata keçirən hələlik yeganə qalib ölkədir. Belə bir ismarıcın məhz BMT kürsüsündən səsləndirilməsinin böyük mənəvi və tarixi əhəmiyyəti var. Prezidentin çıxışı Qarabağda qazandığımız tarixi Zəfərin beynəlxalq miqyasda möhkəmləndirilməsinə xidmət edir. Bu, həm də onu göstərir ki, döyüş meydanında öz hədəflərinə çatan Azərbaycan diplomatik müstəvidə də öz milli maraqlarını qorumağı bacarır.
Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Azərbaycan tərəfinin Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdiyini bildirən Prezident İlham Əliyev onu da nəzərə çatdırdı ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik və müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Danışıqların yekun mərhələsi kimi bu ilin avqust ayının 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin mətninin paraflandığını və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin Birgə Bəyanat imzaladıqlarını diqqətə çatdıran dövlətimizin başçısı, Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əhəmiyyətini də vurğuladı.
Ümumilikdə avqust ayında ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmaların tarixi əhəmiyyət daşıdığını vurğulayan Cənab Prezident, bu razılaşmaların sülhə təkan verməklə yanaşı, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığını və bütövlükdə Vaşinqton Sammitinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarə olduğunu xüsusi olaraq qeyd etdi”.
Siyasi şərhçi onu da vurğulayıb ki, son vaxtlar ABŞ-Azərbaycan münasibətlərində həqiqətən də çox ciddi müsbət irəliləyişlər nəzərə çarpır: “Bu irəliləyişlərin əldə edilməsində heç şübhəsiz ki, Prezident Trampın da mühüm rolu var. Bu mənada Prezident İlham Əliyevin BMT-dəki çıxışı zamanı Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür etməsi uğurlu diplomatik addımdır. Bu, Azərbaycan Prezidentinin sülh naminə görülən işlərə və əməyi keçən tərəfdaşlarımıza verdiyi yüksək qiymətin göstəricisidir.
Dövlətimizin başçısının çıxışında postmünaqişə dövründəki hədəflərimiz və görülən işlərlə bağlı üç mühüm məqamın yer almasını da xüsusilə qeyd etməliyik. Belə ki, birincisi, Cənab Prezident qeyd etdi ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramına start verdi. Həmçinin, bu da qeyd olundu ki, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan edib, 65 məscidimizi məqsədli şəkildə dağıdıb. Dağıdıcılıq və vandalizm hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın dövlət siyasəti olub, lakin biz isə onların yerlə-yeksan etdiyi kənd və şəhərlərimizi bu gün yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.
Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran növbəti hədəflərdən biri də işğal dövründə Ermənistan tərəfindən ərazilərimizdə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. Bu, ən ağır humanitar problemlərdən biridir. Prezident İlham Əliyev BMT kürsüsündən bəyan etdi ki, 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir. Beləliklə, BMT kürsüsündən bir daha dünya birliyinin diqqətinə çatdırıldı ki, Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir.
1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyi postmünaqişə dövründə Azərbaycanın diqqət mərkəzində olan növbəti əsas məsələdir. Prezident İlham Əliyev bildirdi ki, bu məsələ xüsusi diqqət və tədbir görülməsini tələb edir. Çünki Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq Ermənistan dövləti itkin düşmüş və ya əsir götürülmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində indiyə qədər heç bir konstruktiv addım atmayıb. Dövlətimizin başçısının bu məsələni BMT kürsüsündən səsləndirməsi rəsmi İrəvanın bu məsələyə görə xüsusi məsuliyyət daşıdığını xatırlatmaq məqsədi daşıyır.
Öz çıxışında həmçinin qlobal çağırışlara da toxunan və bu çağırışlara cavab tədbirlərinin inklüziv, ədalətli və ümumbəşəri olmalı olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bir çox qlobal təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə sadiqlik göstərdiyini, qlobal səviyyədə humanitar yardım səyləri ilə çıxış etdiyini, təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə sahəsində böhranlardan zərər çəkən ölkələrə yardımlar göstərdiyimizi diqqətə çatdırdı.
Çıxışının sonunda Azərbaycanın yeni bir dövrə qədəm qoyduğunu bildirən Cənab Prezident sessiya iştirakçılarının diqqətinə çatdırdı ki, biz həm müharibəni udduq, həm də sülhü qazandıq, işğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Bizim bu müsbət təcrübəmizi paylaşmağa hazır olduğumuzu bildirən Prezident İlham Əliyev sonda hamını sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmağa çağırdı: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.
Ümid edək ki, istər Ermənistan rəhbərliyi, istərsə də dünya birliyi bu çağırışa səssiz qalmayacaq. Qalib bir ölkənin sülh və ədalət mesajını o ölkənin rəhbəri qədər mükəmməl çatdıra biləcək ikinci şəxs yoxdur. Prezident İlham Əliyev bu missiyanı uğurla yerinə yetirdi və sülh yaradan qalib lider obrazını hamıya əyani şəkildə nümayiş etdirdi. Prezidentin Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində əldə etdiyi irəliləyişləri BMT kürsüsündən xüsusi vurğu ilə qeyd etməsi isə sülh prosesinə daha da təkan verəcək. İlham Əliyevin sülh nitqi Azərbaycanın diplomatik qələbəsidir”.
Cavanşir Abbaslı,
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ