Onlayn ictimai-siyasi qəzet
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask daha bir narkotik analizinin mənfi nəticəsini ictimaiyyətlə bölüşüb.
Musavat.com xəbər verir ki, bu dəfə test saç nümunəsi üzərində aparılıb və heç bir narkotik maddə izinə rast gəlinməyib.
Mask bu barədə “X” (keçmiş Twitter) platformasında paylaşım edərək, "The Wall Street Journal" və "The New York Times" kimi nüfuzlu media orqanlarını yalan informasiya yaymaqda ittiham edib.
“Bu saxta 'jurnalistlər' WSJ və NYT mənim haqqımda açıq-aşkar yalan danışdılar. İndi isə gəlin onların narkotik test nəticələrinə baxaq. İnanın, heç biri keçə bilməz”, — deyə Mask yazıb.
O, paylaşımına laboratoriya tərəfindən verilmiş rəsmi narkotik test nəticəsini də əlavə edib.
Bu çıxış Mask haqqında mediada yayılan bəzi ittiham xarakterli materiallara birbaşa cavab olaraq qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl də Mask bir neçə dəfə narkotik maddələrdən istifadə iddialarını təkzib etmiş, özünü qəsdən hədəf seçilmiş şəxs kimi təqdim etmişdi.
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ