Onlayn ictimai-siyasi qəzet
Əsl qələbənin nə demək olduğunu bu qələbəyə maneçilik törətmək üçün dəridən-qabıqdan çıxan, həm birinci, həm də ikinci Qarabağ savaşında işğalçı Ermənistana hərtərəfli dəstək verən bəzi ölkələr qarışıq, hər kəsə göstərmiş Silahlı Qüvvələrimizin yaranmasının 107-ci ildönümünü qürurla qeyd etdiyimiz gün Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev vaxt ayırıb İran Prezidenti Məsud Pezeşkiana zəng vurdu. Bununla bağlı Azərbaycanın yaydığı rəsmi açıqlamada telefon danışığı zamanı qarşı tərəfə itkilərə görə başsağlığı verildiyi, atəşkəsin əldə olunmasının önəmliliyindən, bölgədə sülh və əmin-amanlıqdan danışıldığı bildirilir. Məncə, bu zəng həm də ona görə edilmişdi ki, bir neçə saat öncə həmən İranın ölkəmizə təzə təyin olunmuş səfiri Müctəba Dəmirçilinin etimadnaməsini qəbul edərkən Prezidentimizin də vurğuladığı kimi, Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycanda çox müsbət qarşılanmışdı.
Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat əlavə edib ki, amma dünənki telefon danışığıyla bağlı qarşı tərəfin yaydığı rəsmi xəbərdə bizdən “Sionist rejimin PUA-larının İrana hücumda Azərbaycanın hava məkanından istifadə etməsi haqda xəbərlərin araşdırılmasının" istənildiyi vurğulanır:
“Bu, belə bir istəkdə bulunana yumşaq desək, başucalığı və hörmət gətirmədiyi kimi, müsbət də qarşılanmır. Açığı, adam inanmaq istəmir ki, səsləndirdiyinin cəfəngiyyat olduğunu və onu uyduranların kimliyini, nə məqsəd güddüklərini dəqiq bilə-bilə İran Prezidenti bizi onun doğru olub-olmadığını araşdırmağa çağırıb.
Əgər rəsmi Tehranda Azərbaycanın öz hava məkanından onlara qarşı istifadə ediləcəyinə şərait yarada biləcəyi haqda azacıq da olsa şübhə varsa, onda səfir Müctəba Dəmirçilinin bu gün dediklərini necə başa düşək: "İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz".
Ümid etmək istərdim ki, səfirin bu dedikləri kimi, onun ölkəmizlə qonşuluğa, qardaşlığa, dostluğa əsaslanan əlaqələrin dərinləşməsində maraqlı olduqları haqda açıqlaması da həqiqəti əks etdirir”.
S.Alıyev bildirib ki, dövlət başçımızın həm dünən İran Prezidenti ilə telefon danışığı zamanı, həm də yeni səfirlərinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlərdən də göründüyü kimi, Azərbaycanın da istədiyi elə budur: “Yeri gəlmişkən, həmən telefon danışığı zamanı Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının(ECO) iyulun əvvəlində Azərbaycanda keçiriləcək Sammitinə də təkrar dəvət edilib. İran Prezidenti o vaxtadək bizim hava məkanımızdan ölkəsinə qarşı istifadə edilməsi haqda uydurmanı yayanların tam siyahısını tutub özü ilə Bakıya gətirsə, heç də pis olmazdı”.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ