İnsanlara hürriyət, millətlərə istiqlal!

İran prezidentinin bir günlük Bakı səfəri: Pezeşkian nə gətirdi, nə apardı - TƏHLİL

İran–Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı nələr gözləmək lazımdır?

Musavat.com bildirir ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri İran mediasında geniş şəkildə işıqlandırılıb. Baxmayaraq ki, ölkə gündəminin əsas hadisəsi Bəndər-Abbas Şəhid Rəcai limanında baş verən partlayışdır. Partlayış və onun ağır nəticələri və hökumətin təxribat ehtimalı ilə bağlı açıqlamaları ölkə gündəminin əsas mövzusudur. Yeri gəlmişkən, İran prezidentinin Azərbaycana səfərinin Bəndər-Abbas hadisələrinə görə təxirə salınacağı ilə bağlı xəbərlər yayılsa da, sonradan bu məlumatlar təsdiqini tapmadı. Ancaq güman olunur ki, səfər bu səbəbdən qısa müddətli – bir gün oldu.

Demək olar ki, bütün İran mediası səfərə böyük yer verib, səfərin əhəmiyyətinə xüsusi vurğu edib. Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycan və İran hökumətləri arasında 7 anlaşma memorandumunun imzalandığı vurğulanıb. Həmçinin Pezeşkianın Qarabağın Azərbaycan torpağı olması ilə bağlı açıqlamasına geniş yer verilib. Həmçinin İran prezidentinin Şəhidlər Xiyabanı, Fəxri Xiyabanı və Həzrət Həkimənin hərəminə (Bibiheybət) ziyarətinə yer ayırıblar. 

1745851267812120963_1200x630jpg_1745852839.jpg (94 KB)

Bundan başqa Pezeşkianın Bakı səfərində Prezident İlham Əliyevin İranla əməkdaşlığın inkişafında maraqlı olması ilə bağlı açıqlamalarına xüsusi yer ayrılıb. 

Qeyd edək ki, İran mediasında əsasən rəsmi xəbərlərə yer ayrılıb, geniş şərhlərə yer verilməyib. Güman ki, qarşıdakı günlərdə Pezeşkianın Azərbaycan səfəri və əlaqələrin hazırkı vəziyyəti və perspektivləri haqda şərh və analizlər yayımlanacaq.

Qeyd edək ki, İran–Azərbaycan münasibətləri son illərdə soyuq olub, hətta ciddi narazılıq və ittihamlarla müşayiət olunub. Lakin son iki ildə müəyyən yumşalma müşahidə olunub. Ötən ilin mayında mərhum prezident İbrahim Rəisi Azərbaycana sərhədə gəlmiş və burada Azərbaycan prezidenti ilə görüşmüş və əlaqələrin inkişafı barədə mesajlar verilmişdi. 

Məsud Pezeşkian prezident seçildikdən dərhal sonra ilk telefon danışıqlarından birini Azərbaycan prezidenti ilə etmiş və İlham Əliyev iranlı həmkarını Azərbaycana səfərə dəvət etmişdi.

Bilinir ki, Azərbaycan əsilli Məsud Pezeşkian prezident seçkilərində ilk dəfə etnik amili önə çəkib və kampaniya dövründə etnik qruplara hesablanmış kampaniya aparıb. Xüsusən də azərbaycanlı olması səbəbi ilə İranda etnik azərbaycanlılar seçkilərdə Pezeşkiana ciddi dəstək veriblər. 

5e3acc38dd33b5aa533c9e0651435103.jpg (208 KB)

Məsud Pezeşkianın azərbaycanlı olması, eyni zamanda “islahat” qanadına mənsub olması onun Azərbaycanla əlaqələrin inkişafına öncəlik verəcəyini göstərirdi. Bir qayda olaraq, “islahat” qanadından olan siyasətçilər qonşu ölkələrlə, xüsusən də İranla həssas münasibətlərə malik Azərbaycanla əlaqələri qarşılıqlı maraqlar prizmasından yanaşaraq münasibətləri normal saxlamağa çalışır. Ancaq sirr deyil ki, İranda mühafizəkar qanad içərisində Azərbaycana qarşı sərt münasibət tərəfdarları var. Bu qrupa yaxın şəxs və media Azərbaycana qarşı sərt tənqid xətti aparır, Bakının Türkiyə yaxınlaşması, Qərb və İsraillə əlaqələrini tənqid edirlər. Qeyd etmək lazımdır ki, bu qrup İranda son illərdə ciddi bir anti-Azərbaycan kampaniyası aparıb. 

680fb0af4d7d0680fb0af4d7d11745858735680fb0af4d7ce680fb0af4d7cf.jpg (211 KB)

Lakin hazırda münasibətlərin dövlətlər arasında müsbət atmosferdə olması, qarşılıqlı etimad doğuran addımlar bu qrupların Azərbaycana qarşı açıq hücumlarına imkan vermir. Ancaq məsələn, İsrail baş naziri Netanyahunun mayda Azərbaycana səfər edəcəyi ilə bağlı xəbərlər İranda bu qruplar tərəfindən Azərbaycan hakimiyyətinə qarşı tənqidlərə səbəb olub.

Ancaq ümumilikdə belə demək olar ki, hazırda iki ölkə münasibətlərində yüksələn yaxınlaşma var və bu fonda narazı və əks qrupların səsləri o qədər də yüksəkdən gəlmir. Son bir neçə ildə baş verənlər göstərdi ki, Tehranın Bakıya təhdid və təzyiq siyasəti əks effekt verir və nəticədə İranın Cənubi Qafqazdan sıxışdırılmasına səbəb olur. Yəni başqa sözlə, gərgin münasibətlər İranın dövlət maraqlarına zərbə vurur. Bu səbəbdən də İran Azərbaycanla münasibətlərdə hələ mərhum İbrahim Rəisinin zamanında ciddi reviziyaya gedərək dəyişməyə başladı. Bu ilin əvvəlində Bakıya gəlib Azərbaycan prezidenti ilə yüksək səviyyəli görüşlər keçirən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf mühafizəkar hərbi cinahın təmsilçisi idi. 

1524473.jpg (22 KB)

İndi isə Məsud Pezeşkianın prezident olması Azərbaycanla münasibətləri daha üst səviyyəyə çıxarmaq üçün yeni fürsətlər yaradır. Lakin risklər də var, çünki hər iki ölkə daxilində və xaricdə ciddi qüvvələr iki ölkə münasibətlərinin pozulmasına çalışır. İran parlamentinin spikeri Qalibafın Bakıda səfərdə olduğu saatlarda Azərbaycanın bir sıra internet resurslarına İran adı altında edilən hücum iki ölkə münasibətlərini pozmağa yönəlmiş cəhd idi. Bu mənada qarşıdakı dövrdə də iki ölkə münasibətlərini pozmaq üçün daxildə və xaricdən müəyyən təxribat cəhdlərinin olması mümkündür.

Lakin hazırkı şərtlər onu göstərir ki, hər iki ölkə hökumətləri münasibətlərin yaxşılaşmasında maraqlıdır, bu isə müəyyən qədər ümidvericidir. Xüsusən də hazırkı İran hökumətinin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini unutmamaq lazımdır.

 

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR