Onlayn ictimai-siyasi qəzet
Zəngəzur dəhlizinin açılmasına olan diqqət Tehranı yenidən regionun “ağa”sı havasına salıb. İsraillə 12 günlük savaşda ciddi itkilərlə çıxan Tehran rejimi özünü toparlayan kimi yenidən regional mövqeyini möhkəmlətmək niyyətinə düşüb. Halbuki hələ də yeni müharibə təhlükəsi sovuşmayıb.
Belə ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bir neçə gün əvvəl İranla mübarizənin hələ başa çatmadığını vurğulayaraq, Suriyada İrana bağlı hədəflərə, eləcə də Livanda “Hizbullah”a qarşı əməliyyatların davam etdiriləcəyini bildirib. “İsrail ordusu bir neçə cəbhədə hücum əməliyyatları həyata keçirməlidir. Hava üstünlüyümüzü və kəşfiyyat imkanlarımızı daha da gücləndirəcəyik”, - deyə Baş Qərargah rəisi vurğulayıb.
ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifindən ən çox əndişə edən də İrandır. Yeri gəlmişkən, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Birləşmiş Ştatların bu ölkədəki səfiri Kristina Kuinn ilə regional vəziyyəti müzakirə edib. Mətbuata açıqlamada bildirilib ki, görüşdə tərəflər regionda kommunikasiyaların blokadadan çıxarılması imkanlarını da nəzərdən keçiriblər.
Bu hərəkətlilik fonunda Tehran yenidən diqqəti özünə cəlb etmək niyyətinə düşüb. “Biz üçüncü tərəflə bağlı məsələləri gündəmə gətirmək niyyətində deyilik, lakin vurğulayırıq: Zəngəzur da daxil olmaqla, regionda heç bir tranzit marşrutu İranın həssas və mühüm maraqları nəzərə alınmadan həyata keçirilə və dayanıqlı ola bilməz”. Bunu İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sudeif Bədri deyib.
Aydındır ki, Zəngəzur dəhlizində İranın “həssas və mühüm maraqları” dedikdə Azərbaycanla Türkiyənin əlverişli coğrafi məkanda quru və dəmir yolu vasitəsilə birləşməsini, eləcə də ölkəmizin qısa yolla Avropaya çıxışını nəzərdə tutur. Nə qədər bəzəkli sözlərlə pərdələməyə çalışsalar da, əvvəldən də bəllidir ki, Zəngəzur dəhlizinin açılması İranın geosiyasi maraqlarına uyğun deyil.
İran hökuməti düşünür ki, Türk dünyasının bütövləşməsi onun ərazi bütövlüyünə böyük təhlükədir. Çünki İran əhalisinin yarıdan çoxu, əsasən də Güney Azərbaycan bölgəsində, türk xalqlarıdır. Tehran hakimiyyəti düşünür ki, Türk dünyasının bu cür bütövləşməsi Güney Azərbaycan məsələsini qabarda bilər və bu da İran dövlətini parçalayar. İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı məhz bu məsələdən qaynaqlanır. Qalan digər məsələlər bəhanədən başqa bir şey deyil.
Qulamhüseyn Əlibəyli
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a şərhində bildirib ki, İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olması bir neçə amillə şərtlənə bilər. Onun sözlərinə görə, xüsusilə iki amili qeyd etmək lazımdır: “Biri budur ki, İran Azərbaycan-Türkiyə tandemindən cinin dəmirdən qorxduğu kimi qorxur. Ona görə də Azərbaycanın Türkiyə ilə yaxınlaşması, bütövlükdə Türk dünyası ilə birləşməsi kimi mümkün olan proseslərin qarşısını almağa çalışır. Zəngəzur dəhlizi açılarsa, Mərkəzi Asiyadan, hətta Çinin uyğurlar yaşayan bölgəsindən başlayaraq Türkiyəyə qədər uzanan bir tranzit yolu yaranmış olur. Bu səbəbdən də İran bu yolun açılmasına qarşıdır. Çünki bu dəhliz faktiki olaraq Türk dünyasını birləşdirir, bir araya gətirir. İran isə istəmir ki, Türk dünyası bir arada olsun”.
Q.Əlibəyli söyləyib ki, digər tərəfdən, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd olan bölgələrində azərbaycanlılar yaşayır: “İran hər vasitə ilə çalışır ki, həmin bölgəni fars əyalətləri arasında bölüşdürsün və azərbaycanlıları farsların arasında itirib-batırsın. Eyni zamanda kürdlərdən də istifadə etməyə çalışır. Həmin ərazilərə müxtəlif formalarda kürd ailələri köçürülür ki, gələcəkdə Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd olan hissələrində kürdlər yerləşdirilsin. Əslində bu, İsrail və ABŞ-ın əsrin əvvəllərində hazırladığı bir plan idi. Bu, rəsmi şəkildə doktrina kimi qəbul olunmuşdu. Məqsəd Cənubi Azərbaycan və Suriya torpaqları hesabına bir kürd dövləti yaratmaq və Türkiyəni həmin dövlətlərlə mühasirəyə almaq idi. Belə bir plan var və bu plan yavaş-yavaş həyata keçirilir”.
Hüquqşünas xatırladıb ki, məsələn, bir neçə ay əvvəl Urmiyada baş verən etirazların əsas səbəblərindən biri təkcə gölün qurudulması deyildi, həmin etirazlar həm də Türkiyə ilə həmsərhəd olan bölgəyə kürdlərin köçürülməsi ilə bağlı narahatlıqdan qaynaqlanırdı: “Türkiyə də bu məsələni anlayır və bu baxımdan, Suriya ilə birgə hərəkət edərək bu planın qarşısını almağa çalışır”.
Q.Əlibəyli qeyd edir ki, Zəngəzur dəhlizi ilə bağlı ikinci istiqamət sırf iqtisadi xarakter daşıyır: “Uzun müddətdir ki, İran Bəndər-Abbas limanının yenidən qurulması üçün sərmayələr cəlb etməyə çalışır. Bu limanı Zəngəzur dəhlizinə alternativ olaraq təqdim etmək niyyətindədir. Doğrudan da, tarixən İpək Yolunun bir qolu İranın cənubundan keçib. İran bu layihə üzərində uzun müddətdir ki, işləyir. Avropa Birliyi də əslində bu layihəyə maraq göstərir və Mərkəzi Asiya ölkələrini də bu layihəyə qoşmaq planı var idi. Ola bilər ki, həmin plandan tamamilə əl çəkməyiblər. Amma ABŞ-ın Zəngəzur dəhlizinə maraq göstərməsi və həmin dəhlizin 99 il müddətinə Amerikanın hansısa özəl şirkətinə icarəyə verilməsi tələbi onların planlarına müəyyən dəyişikliklər gətirib. Çünki artıq anlayırlar ki, Türk dünyasının birləşməsinin qarşısını almaq mümkün olmayacaq. Ona görə də mövcud şəraitdən istifadə edərək çalışırlar ki, Zəngəzur dəhlizi gec-tez açılsın”.
Xatırladaq ki, iyulun 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Zəngəzur dəhlizi üzrə ölkəsinin rəsmi mövqeyinə dair suala cavab verib. Deyib ki, dəhlizlər suverenliyə və ərazi bütövlüyünə xələl gətirməməlidir. Diplomat bildirib ki, region ölkələri arasında əlaqələrin genişləndirilməsi dəstəklənsə də, bu proses heç bir halda suverenlik və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməlidir.İyulun 18-də isə Ermənistan və İranın təhlükəsizlik şuralarının katiblərinin telefon danışığı olub, regionda kommunikasiyaların açılması müzakirə edilib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ