Onlayn ictimai-siyasi qəzet
İranın hüquq-mühafizə orqanları İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıqda ittiham olunan daha bir şəxsin edam olunduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, rəsmi məlumatlara görə, Məcid Musayibi adlı şəxs İsrail xüsusi xidmət orqanı ilə casusluq əlaqələrinə görə ölüm hökmünə məhkum edilib və bu hökm ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.
İranın məhkəmə sistemindən verilən açıqlamada bildirilir ki, Məcid Musayibi “Mossad” agenti ilə əlaqəyə keçərək dövlətə qarşı fəaliyyət göstərib. İddialara görə, Musayibi Fars Körfəzi ölkələrindən birində “Deyvid” adlı Mossad agenti ilə görüşüb və onunla davamlı əlaqə saxlayıb. O, öz fəaliyyətinə dair həftəlik hesabatları xüsusi kommunikasiya platformaları vasitəsilə ötürürmüş.
Əvəzində isə ona kriptovalyuta ilə ödəniş vəd olunub. İran hüquq-mühafizə orqanları bunu ölkənin milli təhlükəsizliyinə ciddi təhdid kimi dəyərləndirib və bu əsasla Musayibi barəsində ən ağır cəza – ölüm hökmü çıxarılıb.
Məhkəmə rəsmiləri bildiriblər ki, hökmdən verilmiş bütün apellyasiya şikayətləri rədd edilib, qərar hüquqi baxımdan bütün mərhələlərdən keçib və hüquqi cəhətdən qüvvəyə minib.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ