İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda rejim niyə dəyişmədi?..

Yaddaşım aldatmırsa, Lev Tolstoyun möhtəşəm  “Hərb və sülh” romanı rus kübar məclisinin təsvirindən başlayır.

Diqqətçəkən detal bu idi ki, rus zadəganları öz dillərində yox, fransız dilində danışırdılar, yəni Rusiyanın elitası doğma dillərinə belə həqarətlə yanaşırdı,

Buradan belə bir formal nəticə çıxırdı ki, Fransa və fransızlar artıq rusların beyinini zəbt edibdi, bunun hərbi-siyasi işğala çevrilməsi isə sadəcə, zaman məsələsidir.

Amma sonrakı hadisələr nə göstərdi? Bonapart Rusiyaya və ruslara çox şey vəd etmişdi, təhkimçıliyi ləğv edəcəyini bildirmiş, hətta konstitusiya boyun olmuşdu.

Fəqət, faydası olmadı bütün bu vədlərin: Napoleon Bonapart Moskvanı da tutmuağa müvəffəq olsa da Rusiya və ruslar onu qəbul etmədi və böyük sərkərdə geriyə, Fransasına qayıtmalı oldu, üstəlik, öz hesabatlarında yazdı ki, mən Rusiyaya şaxta ilə yox, ordu ilə döyüşməyə getmişdim.

Beləcə, bir daha deyirik ki, rus cəmiyyəti ona mütərəqqi haqlar vəd edən özgəni yox, öz despotunu, despotik ölkələrini üstün tutdu. Hərçənd Fransanın və Napoleonun təsiri bütüh hallarda sonrakı illərdə Rusiyanın həyatında özünü göstərdi: dekabristlər üsyanı oldu, hətta çap Puşkin kimi şairdən şəhərdə olacağı təqdirdə kimin yanında olacağını soruşanda o, qayıtmışdı ki, əlbəttə, dekabrist dostlarımın yanında!..

Daha sonra isə digər bir şair - Lermontov yazacaqdı ki, əlvida çirkli Rusiya! Yəni dediyim budur ki, Fransa olmasa da Böyük Fransa İnqilabı, xüsusən də bonapartizm Rusiya üçün təsirsiz qalmadı, ilk dəfə olaraq Rusiya cəmiyyəti ilə çar hakimiyyəti arasında böyük çat yarandı, ona görə ki, Rusiya Napoleona qarşı müharibədə qalib olsa da onların çarı özünü mütərrəqi hökmdar kimi göstərməkçün fransızlara hətta onların konstitusiyanı saxlayacağını vəd etmişdi və bu da rusiyalı zadəganları xeyli qeyzləndirmişdi: görəsən, onların çarı öz təbəələrinə bu iltifatı göstərmir?..

Bəli, bu qədər uzun girişdən sonra keçək əsas mətləbə. Qonşu İranla bağlı da müəyyən gözləntilər vardı.

Düzdür, ciddi siyasi təhlilçilər bunu güman etməsələr də bütün hallarda qonşu ölkədə siyasi rejimin dəyişməsi də tam istisna da olunmurdu.

Amma yenə də olmadı. Biz iranlı mollaların təşkil etdiyi “qələbə paradları”na, “mitinq”lərinə də ciddi yanaşmırıq, çünki ən zəif hakimyyət, xüsusən də qeyri-demokratik hakimiyyətçün beş min-on min insanı bir yerə toplamaq elə də çətin məsələ deyil, hətta yoldaş Kim Çen In da bundan artığını edə bilir!

Həm də İranda hakimiyyət dəyişməsi üçün şərait yenidən yetişmədi. Düzdür, Təl-Əviv iddia edirdi ki, Tehran rejimi mütləq dəyişməlidir. Amma bizə elə gəlir ki, Vaşinqton işə ona görə tez qarışdı ki, müharibə Təl-Əvivin yox, onun senarisilə bitsin, ən azı ona görə ki, Tehranın nüvə epopeyasında müvvəqqəti fasilə - pauza İsralin maraqlaırna qəti cavab vermir, çünki indiki İran rejimi qaldıqca İsrail üçün təhlükə də qalacaq...

Amma ABŞ təşəbbüsü götürdü. Tez bir zamanda prezident Trampın adından belə bəyanat yayıldı ki, İranda rejim dəyişməsi olmayacaq, ona görə ki, xaosa gətirib çıxara bilər.

Gəl, bir sual açıq qaldı: bəs rejim dəyişməsə nə olacaq, heç olmasa, regionda sülh olacaqmı, axı hətta Şimali Koreya və onun böyük rəhbəri Kim Çen In də demir ki, bizim nüvə hədəfimiz ya Cənubi Koreya, ya da Çin olacaq! Hətta onlar belə hansısa ölkəni “xəritədən siləcəklərini” açıq demirlər - əlbəttə, mən uzaq şərq siyasəti üzrə mütəxəssis deyiləm. Kim Çen In da çox hoqqalardan çıxır, di gəl, öz bioloji instinkti ilə təhlükəni də yaxşı hiss edə bilir...

O ki qaldı ABŞ-a, çoxdan bir məsələni təxmin etmişik özümüz üçün. Vaşinqton nəyin bahasına olursa-olsun, müsəlman ölkələrinə öz qəlibini sırımaq istəyir. Bu da bəzi hallarda ya teokratiyadır, ya da ki, monarxiya. 

Uzağa niyə gedək? Fətullah Gülən kimin senarisidir? İranda bir şey olanda keçmiş şahın oğlu - Rza Pəhləvini atırlar ortaya. Düzdür, bu adam özü üçün yox, guya İran üçün nəsə etmək istədiyini iddia edir. Amma iranlılar ona inanırmı? Bir-iki il bundan əvvəl qonşu ölkədə vəziyyət rejim üçün əməlli-başlı pisləşmişdı. Amma Rza Pəhləvi səhnədə görünən kimi hər şey dəyişdi, siyasi ehtiraslar söndü, sanki İran əhli bir daha ABŞ-ı özü üçün kəşf etdi.

Əlbəttə, istəmərik ki, bizim indi yazdıqlarımız mollaların, iranlı ideoloqların mövqeyilə səsləşsin. Yox, bunu heç bir halda istəmərik. Amma Vaşinqtonun da siyasətində bir çox məqamları başa düşə bilmirik. Bilirsiniz, bunu nə qədər qəlizləşdirsələr də, dolaşdırsalar da bütün Dünyada mübarizə - savaş iki şey arasında gedir: azadlıq və qeyri-azadlıq.

ABŞ da demək olar, yaranandan, xüsusən də dünya siyasətinə daha fəal müdaxilə etməyə başlayandan sonra birincinin - azadlığın tərəfində olub. Bəs indi nə baş verir?

Doğrudanmı, hansısa rejim ABŞ üçün təhlükəli deyilsə, onun qalması və vətəndaşlarına acılar yaşatmağa davam etməsi məqbuldur?..

Bunda despotik rejimlərin vətəndaşlarının da suçu az deyil. Məhz buna görə də əvvəldə Napoleonun Rusiyaya yürüşündən danışdıq.

Çox nadir hallarda azadlıq kiməsə hədiyyə edilə bilir. Həm də “bizimkilər və özgələr” məsələsi yalnız bioloji məzmun kəsb edəndə bir fayda vermir, axı millət həm də müəyyən siyasi dəyərlər əsasında formalaşan toplumdur...

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR