İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın İrəvan səfirindən düşmən kimi açıqlamalar, böhtanlar: Sübhani niyə erməniçilik edir

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin iyunun 27-də verdiyi açıqlamalar İran-Azərbaycan münasibətlərinə yeni kölgə salıb. Ermənistanın ərazi bütövlüyünü qorumaq adı altında səsləndirilən bəyanatlar, əslində bir çox hallarda Azərbaycana yönəlmiş siyasi mesajlar və ittihamlarla doludur.

Musavat.com xəbər verir ki, Sübhaninin bu dəfəki mətbuat konfransı da əvvəlkilərdən fərqli olmayaraq, açıq-aşkar erməni tərəfinin mövqeyini müdafiə edən və Azərbaycanı ittiham edən ritorika ilə yadda qalıb.

Səfir bəyan edib ki, dünya artıq başa düşüb: İranla təhdid dili ilə danışmaq olmaz.

“Biz ölməyə hazırıq, lakin bizimlə təhdid və güc dili ilə danışanlara dözməyəcəyik. Biz təcavüzkarı hücumları dayandırmağa məcbur etdik və İran xalqının iradəsini diktə etməyə davam etməyə hazırıq”, – deyə o bildirib.

TEHRANN.jpg (63 KB)

Bu çıxışın fonunda Sübhaninin İran ərazisinə guya Azərbaycanın ərazisindən pilotsuz uçan aparatların daxil olması barədə kəşfiyyat məlumatlarına istinadla irəli sürdüyü iddialar ciddi narahatlıq doğurur.

“Qonşu ölkələrdən İran ərazisinə az sayda PUA-ların daxil olması barədə məlumat aldıq. Buna görə də İran və Azərbaycan prezidentləri arasında keçirilən telefon danışığında prezidentimiz cənab Əliyevdən bu məsələ ilə bağlı ciddi araşdırma aparmağı xahiş etdi. Biz həmin araşdırmanın nəticəsini gözləyəcəyik,” – deyə o bildirib.

Azərbaycan tərəfinin bu iddiaları araşdıracağına dair rəsmi mövqeyi olsa da, Sübhaninin davam edən təkidli şübhələri və “sionist rejimin Azərbaycanın ərazisindən istifadə etmiş ola biləcəyi” ilə bağlı sözləri birbaşa diplomatik etiketə ziddir. Səfir deyir ki:

“Azərbaycan bizi əmin edib ki, öz ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Lakin biz sionist rejimi yaxşı tanıyırıq – onlar heç bir qanuna əməl etmirlər, fürsətdən istifadə ediblər”.

Bu açıqlamalar, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı etimadsızlıq ifadəsidir. Halbuki Azərbaycan, həm regionda sülhə, həm də İranla mehriban qonşuluğa sadiqliyini bütün rəsmi mövqelərində və əməli fəaliyyətində nümayiş etdirir.

Ən narahatedici məqamlardan biri isə budur ki, Mehdi Sübhaninin çıxışları getdikcə daha çox bir İran diplomatının deyil, Ermənistan tərəfdarı olan bir millətçi təbliğatçının ritorikasına çevrilir. Onun illərdir davam edən açıqlamaları və davranışları Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanır və sual doğurur: Sübhaninin məqsədi regionda barışa xidmət etməkdirmi, yoxsa Azərbaycan-İran münasibətlərini qəsdən zədələmək?

Unudulmamalıdır ki, Azərbaycan dövləti İranla dostluq və mehriban qonşuluq münasibətlərinə daim hörmətlə yanaşıb. İranın ərazisinə yönəlmiş heç bir təhdidin və ya platformanın Azərbaycan torpağından qaynaqlanmasına yol verilməyib və verilməyəcək – bu rəsmi mövqedir.

İRAN MUNAS.jpg (61 KB)

Lakin belə bir geosiyasi gərginlik fonunda İranın Ermənistandakı səfirinin ardıcıl olaraq Azərbaycana qarşı düşmən ritorikası nümayiş etdirməsi, İran diplomatiyasının neytrallıq prinsiplərinə ziddir və ikitərəfli münasibətlərə zərər vurur.

Müşahidəçilərin fikrincə, bu çıxışlar Ermənistan daxilindəki daxili siyasi oyunlara İranın dolayı müdaxiləsini xatırladır, çünki hazırda Paşinyan hökuməti ilə erməni kilsəsi və Rusiyapərəst dairələr arasında gərginlik yaşanır. İran səfirinin tam da bu gərginlik fonunda Ermənistana siyasi dayaq olması, geosiyasi tərəfkeşlik siqnallarını gücləndirir.

Nəticə olaraq, Azərbaycanın səbrini yoxlamaq, onun prinsipial və konstruktiv mövqeyinə qarşı ittihamlar irəli sürmək, nə regiona sülh gətirər, nə də İranın diplomatik reputasiyasına fayda verər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR