İnsanlara hürriyət, millətlərə istiqlal!

Karnavallar şəhərində sammit – Adı qumar oyununu xatırladan BRİCS siyasi bəyanat verəcək

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində qlobal bir sammit keçiriləcək. Bu, BRİKS sammitidir.
Zirvə görüşündə 10 ölkənin liderləri iştirak edəcək. Ancaq yayılan informasiyalardan belə anlaşılır ki, iki ölkəni prezidentlər yox, onların səlahiyyətli şəxsləri təmsil edəcək. Bu, iki dövlət başçısından biri Rusiya prezidenti Vladimir Putin, o biri Çin sədri Si Cinpindir.

Onlar dünyaya karnavalları ilə məşhur olan Rio de-Janeyroya getməyəcəklər.

Putinlə bağlı məsələ aydındır. O, 3 ildən çoxdur ki, öz ölkəsindən kənara çıxa bilmir, ən uzaq getdiyi yer postsovet ölkələrinin paytaxtı olur. Çünki Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinə dair həbs orderi var və Roma statutuna uyğun olaraq bu qanunu ratifikasiya edən ölkələrin ərazisinə daxil olarsa, saxlanılmalıdır.

Ölkələrin çoxu BCM-in yurisdiksiyasını, qanunlarını tanıyır. Hətta bəzi ölkələr açıq şəkildə BCM-in orderinə baxmayaraq, Putinin ölkəyə gələcəyi halda onu saxlamaqdan imtina edəcəklərini desələr də, Rusiya prezidentinin o cür vədlərə inanmadığı, öz təhlükəsizliyini riskə atmaq istəmədiyi açıq-aşkardır.
Çin liderinin Braziliyaya gedə bilməməsi isə, rəsmi informasiyaya görə, Cinpinin görüş və tədbirlər proqramındakı gərginliklə bağlıdır. Pekindən bildirilib ki, ölkənin nümayəndə heyətinə baş nazir Li Qianq rəhbərlik edəcək.

Ancaq belə bir qeyri-rəsmi informasiya da var ki, Si Cinpin artıq BRİCS sammitində iştirak etməyi vaxt itkisi hesab edir.

BRİCS.JPG (53 KB)

                                                   2023-cü il sammiti

Səbəbin nə olmasından asılı olmayaraq Çin liderinin Rioya getməyəcəyi faktı Braziliya tərəfini məyus edib və o bunu gizlətmir. Çünki may ayında Braziliya prezidenti Lula da Silva “xoş niyyət jesti” edərək Pekinə səfər edib və Çin sədrinin qarşılıq verəcəyinə ümid etdiyini dilə gətirib. İndi məlum olur ki, Cinpin Lula da Silvanın sözünü yerə salır.

Təşkilatın iki lider dövlətinin sammitdə birinci şəxslər səviyyəsində iştirak etməməsi BRİKS-in əhəmiyyətini bir qədər xələl gətirməyə qadirdir. BRİKS üzvü olan dövlətlərin hamısı etiraf edir ki, bu təşkilatın mpvcudluğu Çin olmadan mümkün deyil.

BRİCS 2006-cı ilin iyununda yaradılıb. Hazırda ona 10 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, BƏƏ, Efiopiya və İndoneziya. Təşkilatın adı bu ölkələrin 5-nin (təsisçilərin) adının ingilis dilindəki variantlarının baş hərfindən əmələ gəlir: B- Brazil, R-Rossia, İ – İndia, С -China, S - South Africa). 2010-cu ilə qədər təşkilatın adı BRIC olub, sonra bu abbreviatura Cənubi Afrika Respublikasının assosiasiyaya qoşulması ilə BRİCS-ə çevrilib. Təşkilata sonradan üzv olanların adı isə bu abbreviaturaya ona görə əlavə edilməyib ki, ad absurd şəkil alar, tələffüz olunmaz hala gələrdi. Hər halda, hiss olunur ki, təşkilatın adını yaradanlar onun məşhur idman və qumar oyununun (bric) adıyla assosiasiya olunacağından çəkinməyiblər.

bric-1.JPG (40 KB)

BRİCS təşkilatı iqtisadiyyatı dinamik inkişaf edən dövlətlərin birliyi kimi ərsəyə gəlib, ancaq bu təşkilat elə ilk günlərdən ABŞ və onun müttəfiqlərinin formalaşdırdığı alyanslara rəqib kimi xarakterizə olunmağa başlayıb.

Bu da ona görə belə alınıb ki, bu dövlətlərin dördünün də ABŞ ilə bir çox intriqaları və fikir ayrılıqları olub və var. Hazırda İran, Efiopiya və İndoneziya da BRİCS-də təmsil olunur.

Cənubi Afrikada keçirilən sammitdən sonra Səudiyyə Ərəbistanı 2023-cü ildə BRİCS-ə üzv olmağa rəsmən dəvət olunub. Krallıq assosiasiyaya tamhüquqlu üzv olmaqda maraqlı olduğunu bildirib, lakin üzvlük üçün tələb olunan daxili dövlət prosedurları hələ tamamlanmayıb. Hazırda Səudiyyə Ərəbistanı BRİKS-in işində müşahidəçi qismində iştirak edir.

2025-ci ilin yanvar ayından BRİCS-də tərəfdaş dövlət statusu da tətbiq edilir. Bu, başqa ölkələrə təşkilatın tədbirlərində iştirak etmək, təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüslər həyata keçirmək imkanı verir. Tərəfdaşlar strateji qərarların hazırlanmasında iştirak etməsələr də, gündəliyin formalaşmasına təsir etmək imkanına malikdirlər. 2025-ci il yanvarın 1-dən BRICS-ə aşağıdakı ölkələr tərəfdaş statusu alıblar: Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Tayland, Uqanda, Özbəkistan və Nigeriya.

BRICS-in məqsədi Qərb iqtisadiyyatlarından asılılığı azaltmaq üçün bərabər və davamlı iqtisadi sistem yaratmaqdır.

Hazırda BRİCS ölkələrinin daxili ticarət dövriyyəsinin 1 trilyon dollara çatdığı bildirilir. Bunu Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.

topası.JPG (62 KB)

Ehtimal var ki, BRİCS-in Braziliyada keçiriləcək növbəti sammitində Yaxın Şərqdə baş verən son hadisələr fonunda əsas müzakirə mövzularından biri də İsrail və İran arasında qarşıdurma olacaq. Çünki İran BRİCS-in üzvüdür. Assosiasiya bu yaxınlarda regionda zorakılığın artmasına son qoymağa çağıran bəyanat dərc edib. İştirakçılar mülki nüvə obyektləri üzərində yaxınlaşan təhlükədən ciddi narahat olduqlarını bildiriblər və Yaxın Şərqdə nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad zona yaradılması təşəbbüsü ilə çıxış ediblər. Eyni zamanda, bu mövzunun sammitin yekun bəyannaməsinə və onun yekun formalaşdırılmasına daxil edilməsi gözlənilir.

Ona görə də yəqin ki, İran prezidenti Məsud Pezeşkian Brazilyaya gedəcək.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR