Onlayn ictimai-siyasi qəzet
Dünya şahmat çempionu, tanınmış rusiyalı müxalifətçi Qarry Kasparovun adı Cənubi Sudanda dövlət çevrilişi planı ilə bağlı ABŞ-da açılan məhkəmə işində hallanıb.
Musavat.com Bloomberg agentliyinə istinadən xəbər verir ki, ABŞ federal prokurorlarının təqdim etdiyi materiallara əsasən, Harvard universitetinin təqaüdçüsü Piter Acak və daha bir fəal Avraam Kiç ölkələrində hakimiyyəti devirmək məqsədilə AK-47 avtomatları, “Stinger” raketləri və qumbaralar almaq üçün plan qurublar.
Onlar 2024-cü ilin martında silahların qeyri-qanuni ixracına dair cinayət işi çərçivəsində Arizona ştatında ittiham olunublar. Hər iki şəxs ittihamları rədd edib.
Məlumata görə, bu planın maliyyələşdirilməsində “Jane Street” treydinq şirkətinin həmtəsisçisi və tanınmış investor Robert Qranieri 7 milyon dollar vəsait ayırıb. O, bu vəsaiti verdiyini təsdiqləyib, lakin bu layihənin təfərrüatlarından xəbərsiz olduğunu və aldadıldığını bildirib.
Ən maraqlı məqam isə Qranieri ilə Acakı tanış edən şəxsin məhz Qarry Kasparov olmasıdır. Bloomberg qeyd edir ki, Kasparovun adı bu prosesdə çəkilsə də, ona qarşı hər hansı bir rəsmi ittiham irəli sürülməyib. Həmçinin, şahmat ustasının sözügedən çevriliş planından xəbərdar olub-olmadığı barədə məlumat yoxdur.
Kasparov məsələyə qısa reaksiya verərək bildirib:
“Mənim tarixim və dəyərlərim aydındır və dəyişməzdir. Mən ömrümün böyük hissəsini vətəndaş hüquqlarını müdafiə etməyə və dünyada demokratiyanın təşviqinə həsr etmişəm.”
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ