Onlayn ictimai-siyasi qəzet
Qarabağa Böyük Qayıdış prosesi artıq bütün sahələr üzrə uğurla icra olunmaqdadır. Bu proses çərçivəsində üzümüzə gələn bazar günü Xankəndi şəhərində ilk dəfə qəbul imtahanı keçiriləcək. Mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən məlumat verilib. DİM həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində qəbul imtahanları keçirəcək. Qeyd edək ki, bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.
İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər də iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə, 21 abituriyentin iştirakı nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, DİM 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məktəb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.
Qeyd edək ki, bu həftənin əvvəli də Qarabağa köçsüz keçmədi. Belə ki, Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Bununla da Kəngərli kəndinə Bakıdan 15 ailə (65 nəfər), Ağdam rayonundan 12 ailə (47 nəfər), Bərdə rayonundan 12 ailə (45 nəfər), Yevlax şəhərindən 8 ailə (35 nəfər), Göyçay rayonundan 2 ailə (9 nəfər), Zərdab rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 50 ailə (207 nəfər) köçürülüb.
Artıq Kəlbəcərə də köç planlaşdırılır. Bu ayın sonu, gələn ayın əvvəllərində şəhərə ilk köç reallaşa bilər. Bu barədə Kəlbəcərdən olan sabiq deputat, Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov məlumat verib: “Bu il nəzərdə tutulan köç karvanının təxminən may ayının sonu - iyun ayının əvvəllərində yola düşməsini gözləyirik. Bizdə olan məlumata görə, artıq Kəlbəcər şəhərində 300-dən çox ailənin köçürülməsi üçün şərait yaradılıb”.
Sabiq deputatın sözlərinə görə, tikinti-quruculuq işləri də uğurla davam etdirilir: “Bu işlər başa çatandan sonra digər işğaldan azad olunmuş bölgələrimizdəki kimi, Kəlbəcərə də mütəmadi olaraq mərhələli şəkildə köç dalğası davamlı xarakter alacaq. Uğurlu-xeyirli olsun”.
Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir.
Teleqraf.az-ın Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu FHN-in əməkdaşı Ələkbər Ələkbərov işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mediatur mina təhlükəsi ilə mübarizə istiqamətində aparılan tədbirlərin gedişatı və ictimaiyyətin məlumatlandırılması məqsədi daşıyır: “Növbəti belə mediatur Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ağdam rayonuna təşkil edilib”.
Ələkbər Ələkbərov bildirib ki, hazırda Ağdam rayonunda 37 min 154 hektar ərazi minalardan təmizlənib. Əməliyyatlar nəticəsində ümumilikdə 31 min 105 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib: “Vətən müharibəsindən sonra aidiyyəti qurumlarla yanaşı, FHN-in xüsusi təyinatlı qüvvələri də bu işlərə cəlb olunub. Nazirliyin əməkdaşları yüksək səviyyədə təlim kurslarından keçib və ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə müasir avadanlıqlarla təchiz olunublar. Ərazilərin təmizlənməsi prosesində mexaniki vasitələrdən də geniş istifadə olunur”.
Ağdam rayonunun Sarıcalı kəndinin ərazisində son iş həftəsi günündə tapılan 44 ədəd tank əleyhinə mina partladılaraq zərərsizləşdirilib.
Bu barədə “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov deyib. O bildirib ki, hazırda Sarıcalı kəndinin ətrafında təhlükəsizlik məqsədilə əlavə ərazilər təmizlənir: “Təmizləmə fəaliyyətinə ANAMA-nın mina axtarma heyəti ilə yanaşı, mexaniki minatəmizləmə vasitələri, həmçinin xüsusi təlim keçmiş minaaxtaran itlər cəlb olunub. Bura minalarla, partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri sayılır. Gün ərzində piyada və tank əleyhinə minalar, o cümlədən müxtəlif təyinatlı partlamamış hərbi sursatlar aşkar olunur. Sarıcalı kəndinin ərazisində son iş həftəsi günündə tapılan 44 ədəd tank əleyhinə mina partladılaraq zərərsizləşdirilib”.
Yazını hazırladı: Cavanşir ABBASLI
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ