Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasını idarə edənlərin yeritdiyi xarici, regional və daxili siyasət öz ətrafında elə bir durum yaradıb ki, artıq, demək olar ki, yaxınlığında yerləşən bütün ölkələr onun çökməsini, süqut etməsini, kiçilməsini, hərbi baxımdan zəif dövlətə çevrilməsini istəyir.
Buna səbəb Kremlin ətraf dünyaya orta əsrlərdə olduğu kimi ekspansionist nəzərlərlə baxması, imperiya ambisiyaları ilə yanaşması, dünya ağalığına can atması, müasir xalqları, onlara mənuib insanları “ağalar və kölələr” bölgüsünə ayırmasıdır.
Keçmiş sosialist düşərgəsinə, eləcə də dağılmış SSRİ-yə daxil olan müstəqil ölkələrdə tez-tez təkrar olunan bir fikir var, deyirlər, RF prezidenti Vladimir Putin və onun başçılıq etdiyi hərbi-sənaye kompleksi süqut etmiş SSRİ-ni bərpa etmək istəyir. Bu fikirdə həqiqət var, amma tam deyil.
Məsələ ondadır ki, Putin və komandası SSRİ-nin ərazisini, sərhədlərini bərpa etmək istəyirlər, amma kommunizm ideologiyası ilə idarə olunan sovet rejimini bərpa etmək istəmirlər. Bu xüsysda onlar çar Rusiyasını, rus imperiyasının üsul-idarəsini, mülkədarlar və rəiyyət sistemini bərpa etməyi üstün tuturlar.
Bu halda hazırda müstəqil olan respublikaların nəinki suvereniteti olmur, muxtariyyatı formal xarakter daşıyır və yeni formalaşan rus dövləti federativ ölkə kimi yox, unitar, şaquli tabeçiliklə, çar vaxtında olduğu kimi qubernatorlar vasitəsi ilə idarə olunur. Niyyət aşağı-yuxarı belədir. Müasir rus “ziyalılar”ı, politoloqlar, siyasətçilər, patriotlar kəsimi “o biri xalqlar”ın özlərini idarə etmək haqqını xor görürlər.
Bu üzdən ətrafdakı müstəqil dövlətlər Rusiyanın indiki kimi olmamasını, öz içinə yığışmasını, başqa sözlə, çökməsini istəyirlər, amma heç biri “rus ayısı”nın cəmdəyinin onun üstünə çökməsini istəmir. Məşhur aktyor Şon Konnerinin çəkildiyi məşhur “Son həddə” filmindəki adamyeyən ayının lap axırlarda ucu itilənmiş paya ilə öldürülməsi, yırtıcının filmin qəhrəmanının üzərinə çökməsi epizodunu xatırlayın).
Əgər 3 il öncə “rus traktoru”nun kotanı Ukraynada kötüyə ilişməsəydi, bu gün postsovet məkanında tamamilə başqa bir mənzərə yaranmış olardı.
O vaxt Kreml Qafqazı və Orta Asiya respublikaların ram etməyə ehtiyac hiss etmirdi. Moskva onları onsuz da üzüyola sayır, “gəlin yeni, ciddi bir ittifaq quraq” təklifi verəcəyi halda yerlərdən “davay, davay” sədası eşidəcəyinə əmin idi. Ona görə də Kreml əvvəlcə kürəyini Qərbə söykəmiş Ukraynadakı müqavimət ocağını söndürməyə girişdi, qarşısında böyük bir tonqal çatıldı.
İndi onun postsovet məkanında Rusiyanın yanında Belarusdan başqa bir dövlət qalmayıb. Hətta ermənilər belə öz gələcəklərini Qafqazda onlara dövlət qurmuş Rusiya ilə ittifaqda yox, Avropa ilə əməkdaşlıqda görürlər.
Moldova da o fikirdədir. Bu ölkənin daxilində bir aktiv (Dnestryanı) və bir passiv (Qaqauziya) separatizm vulkanı olsa da, Kişinyov onların püskürəcəyi palçıq lavasından qorxmur və hesab edir ki, onun Avropaya aparan yolunu heç nə kəsə bilməz.
Qazaxıstan və Özbəkistan artıq neçə ildir ki, qapı-pəncərələrini Türk Dövlətləri Təşkilatına və Avropaya açıb, eyni zamanda Çinlə münasibətlərini yaxşılaşdırıb.
Türkmənistan neytrallığını qorumaqda qərarlıdır və Rusiyanın dominant olduğu dövlətüstü birliklərdə candərdi iştirak edir, Kremli yola verir.
Qırğızıstan uzaq Moskvadan yavaş-yavaş uzaqlaşmağı, yaxın Pekinlə və türk dünyası ilə yaxınlaşmağı üstün tutur.
Bölgənin “yetim”i Tacikistan isə nə etnik qohumluğu çatan İrana, nə qulağının dibində təhlükə kəsb edən Əfqanıstana, nə də dərəyə çökən duman kimi yavaş-yavaş regionu öz ağuşuna alan Çinə güvənmir, ona görə də Rusiya ilə ehtiyatlə dolanmağa çalışır.
İndi maraqlı olan odur ki, bütün qonşuları ilə açıq və gizli şəkildə intriqada, qeyri-dost münasibətlərində olan, hətta qonşuluğunda olmayan, ancaq yaxınlığında (bir ölkə o yanda) yerləşən dövlətləri qorxudan, təhdid edən ölkə bu siyasəti ilə haraya qədər gedəcək?
Bu dövlət 103-107 il əvvəlki kimi yeni Yefremovun komandanlıq etdiyi ordu birləşmələri ilə Qafqazı, yeni Frunzenin rəhbərliyi ilə Xivədən Tibetə qədər uzanan Türküstan (yüz il əvvəl bu bölgə bu cür adlanıb) ellərini işğal edəcəyini düşünürsə, yanılır, belə tarixlər ikinci dəfə təkrar olunmur.
Rusiya qonşuları ilə dinc, yanaşı yaşamağı öyrənməli, bütün dünya ilə savaşmaqdan imtina etməlidir. Onda olan ərazidə 100-ə yaxın ortabab dövlət yerləşə bilər. Ərazisinə görə dünyanın birinci, resurslarına görə yenə hamıdan öndə olan dövlətin qarnının sancısı heç də torpaq və sərvət deyil, onun əsas niyyəti Avrasiyada şəriksiz ağa olmaq, dünyanı idarə edən iki supergücdən birinə çevrilməkdir. Bu isə müqavimət doğurur.
Araz Altaylı, Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ