Onlayn ictimai-siyasi qəzet
Bu həftə media qarşısına çıxan Ermənistanın ikinci prezidenti Robert Köçəryan öz komandası ilə 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Sabiq prezident ölkədə real dəyişikliklərə gətirib çıxara biləcək digər siyasi qüvvələrin də meydana çıxacağına ümid etdiyini qeyd edib. O, seçkilərdə iştirakından danışaraq bildirib ki, daha çox səs toplaya bilsələr, başqa bir namizəd üçün kənara çəkilməyə hazırdır. Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Qalib gələn partiya baş nazirliyə namizəd irəli sürmək hüququ qazanacaq.
“Ermənistanın keçmiş prezidentləri arasında "ən xəyanətkar bəyanat" yarışında hazırda Robert Köçəryan birinci yerdədir". Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib. Rubinyanın sözlərinə görə, Levon Ter-Petrosyan və onun iki siyasi “övladı” - Serj Sərkisyan və Köçəryan sanki bir-biri ilə yarışır, kim xalq qarşısında daha xəyanətkar bəyanat verəcək. “Hələlik bu yarışda Köçəryan liderdir”, - deyə Rubinyan istehza ilə qeyd edib.
Baş nazir Nikol Paşinyan onları debata çağırmaqla kifayətlənib. Ermənistan parlamentinin sədri Alen Simonyan isə bildirib ki, ölkənin ikinci prezidenti Robert Köçəryanın mətbuat konfransına baxmayıb və baxmaq niyyəti də yoxdur.
Maraqlıdır ki, rəy sorğularına görə nəinki Paşinyana, hətta həbsdəki milyarder Samvel Karapetyana da uduzan Köçəryan hakim komandaya meydan oxuyur, iddia ortaya qoyur. Eks-prezidentin Moskva səfərindən və Rusiyanın Ermənistan üzrə kuratoru ilə görüşündən sonra aktivləşməsi, növbəti mübarizənin anonsunu “dostu” Putinin ad günündə elan etməsi Ermənistanda da müzakirə olunmaqdadır. Moskva səfərindən sonra “xortalayaraq” iddialı çıxışlar edən eks-prezident Kremlin dəstəyini almasının görüntüsünü yaradır, yoxsa Rusiyanın onunla bağlı planı var?
Tural İsmayılov
Siyasi şərhçi Tural İsmayılovun fikrincə, Köçəryanın yenidən siyasi səhnəyə çıxması nə siyasi yenilənmə, nə də xalq istəyidir: “Bu, bir nəfərin şəxsi revanş və qorxu sindromunun təzahürüdür. Köçəryan özünü hələ də 90-cı illərin "müharibə qalibi" kimi təqdim etməyə çalışır, amma reallıqda artıq köhnəlib, yararlılıq funksiyasını itirib".
Ekspert qeyd etdi ki, Köçəryan uzun illərdir Moskvanın regiondakı “əldən çıxmış kartı” rolunu oynayır: “İndi o, Kremlin gözündə bir vasitə kimi yenidən aktuallaşmaq istəyir. Putinlə dostluğunu xatırladaraq Ermənistan siyasətindəki boşluqdan istifadə edib "geridönüş planı" qurur. Amma bu dəfə şərait tam fərqlidir. Rusiya artıq Qafqazda əvvəlki kimi hegemon deyil. Ukraynada bataqlığa düşmüş, sanksiyalar altında sıxılan bir Kreml Köçəryan kimi köhnə fiqurlar vasitəsilə təsir imkanlarını bərpa etməyə çalışır. Yəni Köçəryan bu gün siyasi oyunçu yox, Moskvanın “yararsız ehtiyat planı”dır".
Bununla belə, T.İsmayılov hesab edir ki, Ermənistanda xalq artıq Köçəryan-Sərkisyan modelinə qayıtmaq istəmir: “Paşinyana yönəlik narazılıq artıb, amma bu, Köçəryan üçün siyasi fürsət deyil. Cəmiyyət onu korrupsiya, oliqarxiya simvolu kimi görür. Onun prezidentliyi dövründə Ermənistan həm iqtisadi, həm də mənəvi tənəzzül yaşadı. Dövlət klanlara bölündü, mafioz strukturlar siyasəti ələ keçirdi. Onun hakimiyyəti xalqın yox, Qarabağ klanının diktaturasına çevrilmişdi. İndi həmin adam özünü "alternativ qurtarıcı" kimi təqdim etməyə çalışır. Lakin artıq heç kim bu nağıla inanmır. O, Kremlə “mən hələ işə yaraya bilərəm” mesajı verir. Kreml üçün bu, Paşinyanı təzyiq altında saxlamaq üçün bir vasitədir. Köçəryan da bu rolu məmnuniyyətlə oynayır, çünki siyasi həyatda qalmaq üçün yeganə dayağı Moskva olub".
Ekspertə görə, Rusiya Köçəryanı açıq şəkildə müdafiə etmir: “Sadəcə, "səssiz dəstək" formatında onu gündəmdə saxlayır. Kremlin hesabı budur ki, Paşinyan zəiflədikcə, cəmiyyətdə “köhnə sabitlik” nostaljisi yaranacaq və Köçəryan həmin boşluğa sızacaq. Lakin bu planın işləməyəcəyi ortadadır. Ermənistanda müasir siyasi reallıq fərqlidir. Paşinyanla bağlı bütün tənqidlərə baxmayaraq, onun simasında cəmiyyət ən azı “Moskvasız siyasət” modelinə ümid bəsləyir. Köçəryan isə bu xəttin tam əksidir - o, Ermənistanı yenidən Rusiyanın ucqar quberniyasına çevirmək istəyir".
Ekspert vurğuladı ki, əslində Köçəryanın əsas məqsədi seçkiləri udmaq deyil, siyasi immunitet qazanmaqdır: “Çünki onun hələ də araşdırılmamış korrupsiya dosyeləri, biznes əlaqələri və qanunsuz sərvətləri var. Seçkilərə qatılmaqla o, özünü "toxunulmaz" etmək istəyir. Amma Paşinyan hökuməti artıq bu planın fərqindədir və onu siyasi manevr meydanında tək buraxmaq niyyətində deyil". T.İsmayılov şübhə etmir ki, Ermənistan hakimiyyətində və cəmiyyətində Köçəryana qarşı nifrət artıq sistemlidir: “Siyasi meyit” ifadəsi sadəcə emosional deyim deyil, reallığın təsviridir. Köçəryan artıq ictimai legitimliyini itirib. O, indi Rusiyaya arxalanaraq Ermənistanda xaos yaratmağa, Paşinyanın daxili dayaqlarını sarsıtmağa çalışır. Bu isə təkcə siyasi yox, milli təhlükəsizlik məsələsidir. Çünki Köçəryan və onun kimi revanşistlər Ermənistandakı rusiyapərəst lobbinin əsas qidalanma mənbəyidir".
Siyasi şərhçi qeyd etdi ki, Moskva bu lobbi vasitəsilə İrəvanda qərbyönümlü xətti əngəlləmək, Ermənistanı Qərb inteqrasiyasından uzaq tutmaq istəyir: “Köçəryan isə bu planın könüllü iştirakçısıdır. O, özünü "müstəqil siyasətçi" kimi göstərsə də, əslində Kreml üçün sadəcə bir “səs mənbəyidir”. Paşinyan üçün bu vəziyyət həm təhlükə, həm də fürsətdir. Təhlükə ondadır ki, Moskva yenidən daxili sabitliyi pozmaq üçün Köçəryan kartından istifadə edə bilər. Fürsət isə ondadır ki, cəmiyyət Köçəryanın təxribatçı ritorikasını görüb “köhnə sistem”ə qayıtmaq istəməyəcək. Köçəryan bilir ki, real seçki yarışında uduzacaq. Amma debat təklifi ilə “hələ varam” təəssüratı yaratmaq istəyir. Reallıq isə budur ki, Ermənistanın gələcəyi Köçəryan kimi revanşistlərdə deyil. Onların siyasətdə qalması Moskvanın marağını təmin etsə də, erməni xalqının rifahına, təhlükəsizliyinə zərbə vurur. Paşinyanın zəiflikləri çoxdur, amma o, heç olmasa Ermənistanı “Köçəryan keçmişindən” uzaq saxlamağa çalışır".
T.İsmayılov bildirdi ki, Köçəryanın həbsi də istisna deyil: “Əgər o, Kremlin adından daxili sabitliyi pozmağa cəhd etsə, Paşinyan hökuməti bu dəfə güzəştə getməyəcək. Ermənistan hakimiyyəti onu siyasi meydandan hüquqi yolla tam təmizləməyə çalışacaq. Son nəticədə Köçəryan nə Rusiya planlarını həyata keçirə biləcək, nə də erməni cəmiyyətini 2000-ci illərin qaranlığına qaytara biləcək. Onun səhnəyə dönüş cəhdi artıq tarixi ironiyaya çevrilib. Ermənistan üçün bu, keçmişlə gələcəyin son qarşıdurmasıdır - və görünür, keçmiş bu dəfə tam uduzacaq”.
E.PAŞASOY,
“Yeni Müsavat”
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ