İnsanlara hürriyət, millətlərə istiqlal!

Körpələrdə artan infarkt - səhv diaqnoz, yoxsa...

Pediatr: “Belə körpələrin doğulan kimi ürəkləri mütləq şəkildə müayinə olunmalıdır”

Sumqayıt şəhərində yerləşən uşaq xəstəxanasında üzücü hadisə yaşanıb.  Sumqayıt şəhər sakini, 6 aylıq körpə Alparslan Elməddin oğlu Cəfərli infarktdan ölüb. Faktla bağlı araşdırma aparılır.

İnvaziv-kardioloq Muxtar Müseyibovun sözlərinə görə, uşaqlarda infarkt səbəbilə baş verən ölüm halları olmur. Onun sözlərinə görə, infarktın səbəbi əmələ gələn laxtaların ürəyi qidalandıran damarları tıxamasıdır: “Uşaqlarda isə adətən anadangəlmə ürək problemləri nəticəsində ölüm halları ola bilər”.

Uşaq kardioloqu Elnur İmanov Sherg.az-a bildirib ki, bəzi mürəkkəb anadangəlmə ürək qüsurları uşaqlarda infarkta səbəb ola bilir.

Azərbaycanın ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov Redaktor.az-a danışaraq bildirib ki, uşaqda infarktın baş verməsi çox nadir rast gəlinən haldır: “Bu nadir halların səbəbləri arasında doğuşdan gələn ürək qüsurları və tac damarlarında anomaliyalar yer alır. Həmçinin bəzi hallarda ailəvi, genetik keçişli dominant hiperlipidemiya adlı xəstəliklər uşaqlarda erkən yaşlarda infarkta səbəb ola bilər. Bu, qanda xolesterin səviyyəsinin həddən artıq yüksək olması ilə əlaqəlidir. Lakin konkret olaraq bu uşağın vəziyyəti ilə bağlı dəqiq fikir bildirmək çətindir. Çünki infarkt diaqnozunu təsdiqləmək üçün əlimizdə kifayət qədər tibbi məlumat və sübut olmalıdır”.

Qeyd edək ki, son illərdə uşaqlarda ürək əməliyyatlarının həcmində böyük artım müşahidə olunub.

Bəs bu problemi öncədən müəyyən eləmək olarmı?

Qeyd edək ki, ürək infarktı əsasən yaşlı insanlara xas olsa da, bəzi xüsusi tibbi vəziyyətlər və genetik pozğunluqlar uşaqlarda da infarkta səbəb ola bilər. İnfarkt - ürəyin bir hissəsinə qan axınının dayanması nəticəsində həmin toxumanın oksigensiz qalaraq zədələnməsidir. Böyüklərdə bu, əsasən ateroskleroz (damarların tutulması) səbəbilə olur. Uşaqlarda isə səbəblər fərqlidir. Mütəxəssislər bildirirlər ki, uşaqlarda infarkt halları bir sıra hallarda müşahidə oluna bilər. Misal üçün, Kavasaki xəstəliyi zamanı, bu, əsasən 5 yaşdan aşağı uşaqlarda rast gəlinən nadir iltihabi damar xəstəliyidir. Koronar arteriyalarda anevrizmalar yarana bilər, bu da infarkta səbəb ola bilər. Genetik hiperlipidemiya (qanda yağların çoxluğu), uşaq doğuşdan xolesterini yüksəkdirsə, bu damarların tez tutulmasına səbəb ola bilər. Familial hiperkolesterinemiya ağır formadadırsa, erkən yaşda infarkt mümkündür. Doğuşdan ürək qüsurları varsa, məsələn, koronar arteriyaların anormal yerləşməsi, stenozlar və s. Travma və ya ağır zərbə zamanı - sinə nahiyəsinə güclü zərbə (məsələn, idman zamanı) koronar arteriyanın zədələnməsinə səbəb ola bilər. Koaqulopatiya (qanın laxtalanma pozuntuları) - qan çox laxtalanırsa, damar tıxanıqlığı yarana bilər. Ciddi infeksiyalar və ya sistem xəstəlikləri - məsələn, COVİD-19 sonrası multisistem iltihabi sindrom (MIS-C) infarkt riskini artıra bilər.

Uşaq kardioloqları bildirirlər ki, inkişaf etmiş ölkələrdə belə hallar ildə 1 milyondan az uşaqda qeydə alınır. Uşaq infarktlarında diaqnoz və simptomlar böyüklərdə olduğu qədər açıq olmaya bilər. İnfarkt şübhəsi varsa, EKQ, troponin testi, echo-kardioqrafiya mütləq aparılmalıdır.  Uşaqlarda infarktın əlamətləri isə müxtəlif formada ola bilər. Uşaqlar ağrını böyüklər kimi izah edə bilmədiyindən simptomlar fərqli ola bilər: sinə ağrısı və ya sıxılma, təngnəfəslik, zəiflik, halsızlıq, mavi dodaqlar və ya barmaqlar, qusma, başgicəllənmə (xüsusilə körpələrdə), bayılma.

Azərbaycanda estetik əməliyyatlar sürətlə artır”-Vaqif Qarayev

Vaqif Qarayev

Pediatr Vaqif Qarayev 6 aylıq körpənin infarktdan ölməsi barədə yayılan məlumatlara münasibət bildirib. O, “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, yayılan xəbər natamamdır və hələlik tibb personalından heç bir rəsmi açıqlama verilməyib: “6 aylıq uşağın infarktdan ölməsinə inanmıram. Xəbər tam deyil, orada bir tibbi açıqlama yoxdur. Müvafiq müayinə nəticələri açıqlanmalıdır ki, biz əmin olaq - həqiqətən bu uşaqda infarkt olub, ya yox. İnfarkt nədir? Bu, ürəyin qidalanmasının pozulmasıdır, damar patologiyası ilə əlaqədar baş verir. Bəzən doğuşdan mürəkkəb ürək qüsurları ilə dünyaya gələn uşaqlarda da infarkt ola bilər”.

Həkim qeyd edib ki, o da yalnız ehtimallarla danışa bilər, çünki həmin uşaqla bağlı müayinənin aparılıb-aparılmadığı məlum deyil: “Əgər ölüm səbəbi ürəklə bağlıdırsa, bu zaman ürək qüsurlarından şübhələnmək olar. Həmin uşaqla bağlı digər versiyalar da səsləndirilib, yəni başqa səbəbdən öldüyü bildirilir. Ola bilər ki, genetik olaraq ailəsində infarkt riski var. Uşaq vaxtından əvvəl doğulubsa, doğuşdan sonra küvəzdə saxlanılıbsa, bu tip faktorlar da infarkt riskini yarada bilər. Bu səbəbdən, belə körpələrin doğulan kimi ürəkləri mütləq şəkildə müayinə olunmalıdır. Ən azı exo-kardioqramma aparılmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR