İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin soyuq müharibəsinin yeni dalğası: Podolyak Azərbaycana qarşı görün nə dedi

Kremlpərəst rusiyalı təbliğatçı Yuri Podolyak Rusiyanın Azərbaycanla münasibətlərinin gərginləşməsini və Azərbaycanın neft sektorunda qüsur aşkarlanmasını birbaşa əlaqələndirərək, açıq şəkildə Bakıya mesaj göndərib. O, bu qüsuru “tanrının qisməti” kimi izah etməklə yanaşı, Rusiyanın Azərbaycan siyasətindəki təzyiqini normal və qaçınılmaz bir proses kimi təqdim edir.

Musavat.com xəbər verir ki, Podolyakın bu mövqeyi Kremlin informasiya təbliğatının yalnız daxili auditoriya üçün deyil, həm də Azərbaycana yönəlmiş strateji təzyiq vasitəsi olduğunu göstərir.

Rusiya uzun illərdir ki, Azərbaycanın enerji və hərbi müstəqilliyini zəiflətmək üçün müxtəlif kanallardan istifadə edir. SOCAR-ın Ukraynadakı obyektlərinə edilən hücumlar, yalnız Ukrayna ilə bağlı görünən hərəkətlər deyil, həm də Azərbaycanın enerji təhlükəsizliyinə açıq təhdiddir. Bu hücumlar Azərbaycanın regional enerji təsirini məhdudlaşdırmaq, SOCAR-ın fəaliyyətini çətinləşdirmək və Azərbaycanı strateji qərarlarında Rusiyaya asılı vəziyyətə salmaq məqsədilə həyata keçirilir.

Bundan başqa, Rusiya Azərbaycana qarşı informasiya müharibəsini genişləndirir. Diasporamıza yönəlik təzyiqlər, həmçinin müxtəlif platformalarda yayılan dezinformasiya kampaniyaları, ölkənin daxili sabitliyini sarsıtmaq və müstəqil siyasət yürütmə qabiliyyətini məhdudlaşdırmaq üçün istifadə olunur. Podolyak kimi təbliğatçılar bu prosesin açıq simalarıdır, onların verdiyi mesajlar yalnız provokativ olmaqla kifayətlənmir, həm də Azərbaycanın strateji qərarlarını yönləndirməyə hesablanıb.

Buna baxmayaraq, Azərbaycan balanslı və müstəqil siyasətini qorumaqda davam edir. Ukraynaya göstərilən humanitar və enerji dəstəyi, SOCAR-ın qaz tədarükü layihələri, eləcə də Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir və Kremlin təzyiqlərinə qarşı dayanıqlı strategiya qurmağa imkan verir. Beləliklə, Podolyakın bəyanatları və Rusiyanın açıq təhdidləri Azərbaycanın enerji və siyasi müstəqilliyinə qarşı genişmiqyaslı soyuq müharibənin bir hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycan isə həm diplomatik, həm iqtisadi, həm də hərbi sahədə atdığı addımlarla bu təzyiqlərə qarşı cavab verir və regional balansı qorumağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR