Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 13-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov dörd Xəzəryanı dövlətin diplomatik missiyalarının rəhbərləri ilə görüş keçirib. İclasda Azərbaycanı səfir Rəhman Mustafayev təmsil edib. Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı dövlətlər arasında sammitə və yüksək səviyyəli görüşlərə hazırlıqla bağlı geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yada salaq ki, ötən həftə Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb. Bu müqavilənin müddəalarına görə, heç bir xarici dövlətin və ya qeyri-regional dövlətin Xəzər dənizinin daxili işlərinə qarışmaq hüququ olmayacaq. Vurğulanır ki, Xəzər dənizinin təhlükəsizliyini yalnız Xəzəryanı dövlətlər özləri təmin etməlidir.
2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər dənizinin statusu haqqında konvensiya imzalandı. Konvensiyada təhlükəsizlik məsələlərinə də toxunularaq Xəzər dənizində tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması, tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir tərəfin öz ərazisini digər dövlətlərə verməməsi kimi prinsiplər, həmçinin tərəflərə məxsus gəmilərin (mülki və hərbi) ərazi sularından keçidi, daxili sulara daxil olması və tərk etməsi şərtləri də göstərilib. “Xəzər beşliyi” adlanan və aralarında Azərbaycanın da olduğu ölkələrin su sərhədlərini müəyyənləşdirən bu Konvensiya barədə müxtəlif fikirlər mövcuddur. Bəziləri imzalanan sazişin yalnız Rusiyanın lehinə oluduğunu, digər ölkələrin isə güzəştə getdiyini önə sürürlər. Azərbaycanın rəsmi orqanları isə Xəzərin statusunda böyük nailiyyətlər qazandığını iddia edirlər.
Dünyada təsbit olunmuş neft ehtiyatlarının 6%, təbii qazın isə 8%-ni özündə cəmləşdirən bu göl həm də balıqçılığı ilə böyük şöhrət qazanıb. Dünya kürü ehtiyacının 90%-ə yaxını Xəzərdə istehsal olunur. Bu qədər iqtisadi önəmə sahib olan su hövzəsinin hansı ölkə tərəfindən necə istifadə ediləcəyi təkcə region dövlətlərini deyil, həm də qlobal güc mərkəzlərini də yaxından maraqlandırır. Üstəlik, Xəzər dənizi Çin və Avropa arasında qurulan İpək yolu marşrutunun da mühüm keçid nöqtələrindəndir.
İndi yenidən tərəflərin belə bir sənəd imzalaması haqlı suallar doğurub. Lavrovun isə dörd Xəzəryanı dövlətin diplomatik missiyalarının rəhbərləri ilə görüşmək zərurəti ortaya çıxıb. Rusiyanın Xəzəryanı ölkələrə xüsusi diqqətin səbəbi nədir?
Arzuxan Əlizadə
Deputat Arzuxan Əlizadə qeyd etdi ki, Lavrov növbəti illik görüş keçirib və hər il belə toplantılar olur. Onun sözlərinə görə, xarici işlər nazirləri səviyyəsində görüşlər olur, bu dəfə isə səfirlər səviyyəsində danışıqlar aparılıb: “Görünür ki, Rusiya Xəzər dənizinə ciddi əhəmiyyət verir və su sərhədi olan ölkələrlə əməkdaşlıqda özünü maraqlı göstərir. Əslində isə Rusiya fikirləşir ki, Xəzəryanı ölkələrlə gərginliyi olarsa, Cənubi Qafqaza və Orta Asiyaya təsirləri azala bilər. Ona görə hələ iki il əvvəl Lavrov Xəzər Şurasının yaradılmasını təklif etmişdi. Bu ad altında təşkilat yaranardısa, nizamnamə gündəmə gələcəkdi və burada Rusiya dominant olacaqdı. Amma müharibə ardıcıl şəkildə Rusiyanın strateji itkilərinə səbəb olur. Yəni hətta Xəzərdə əvvəlki mövqeyə sahib deyil. Qara dənizdə də gücü o səviyyədə deyil. Bu səbəbdən Xəzər hövzəsi ölkələrinə diqqəti artırıb”.
A.Əlizadə vurğuladı ki, Xəzərin təhlükəsizliyi ilə bağlı növbəti müzakirələr istisna edilmir: “Bu da dövlət başçıları, diplomatlar səviyyəsində gündəmə gətirilə bilər. Eyni zamanda Xəzər Şurasının yaradılması təklifi ilə yanaşı, 5 ölkənin məsuliyyət daşıdığını deməklə ona işarə vurur ki, onlar kənar qüvvələri regiona cəlb etməsinlər, təsir imkanları tanınmasın. Çünki gələcəkdə Xəzəryanı ölkələrin ikitərəfli və çoxtərəfli əlaqələri fonunda regiondan kənar dövlətlərin Xəzər dənizinə çıxışı istisna edilmir. Bu da Rusiyanın maraqlarına uyğun gəlmir və özünün təsir dairəsindən kənara çıxılmasını istəmir”.
Ramiyə Məmmədova
Analitik Ramiyə Məmmədova isə qeyd etdi ki, əvvəla Aktau Konvensiyasının tələblərinə nəzər salanda mühüm bir nüansa diqqət yetirmək lazımdır: “Bu da qlobal güc mərkəzlərinin geostrateji savaşlarının sənəddə öz əksini tapmasıdır. Belə ki, konvensiyada sahildaş dövlətlər xarici orduların Xəzərdə məskunlaşmasına izn verməyəcəkləri öhdəliyi götürüblər. Rusiya üçün bundan vacib hal yoxdur. Bu gün NATO ilə Ukraynada döyüşən Rusiyaya suda, havada, quruda ciddi problemlər yaranıb. Qara dənizdəki donanması xeyli dərəcədə sıradan çıxarılıb, Türkiyə hesabına çıxış əldə edir. Ona görə də Rusiya üçün NATO-nun şərqə doğru genişlənməsi məsələsi təkcə quruda yox, sularda da "qırmızı xətt" sayılır. Halbuki Finlandiya və İsveç alyansa qoşulmaqla Baltik gölü “NATO gölü”nə çevrildi. Eyni zamanda, az əvvəl dediyim kimi, Qara dənizdə ciddi itkiləri var. İndi Rusiya istəməz ki, okeana çıxışı olmayan Xəzərə də sahil ölkələrindən birinin vasitəsilə kənar güclər gələ bilsinlər".
Ekspert qeyd etdi ki, Lavrovun və ümumən Rusiyanın tez-tez Xəzər mövzusuna qayıtması bu narahatlıqdan irəli gəlir: “Çünki geostrateji qarşıdurmada yalnız quruda getmir. Rusiya regiondan kənar ölkələrin gəmilərini Xəzərdə arzulamır. Yeri gəlmişkən, İran da Rusiya kimi yanaşır. Hətta Xəzərdən uzaqda yerləşən Çinin də dövlət maraqlarına uyğundur. İntəhası, Xəzərin Azərbaycan, Qazaxıstan və Türkmənistan sektorunda neft-qaz layihələri gerçəkləşir. Bu işlərə böyük miqdarda kapital yatırılıb. Xüsusən də ABŞ enerji layihələrində iştirak edir. Vaşinqtonun Konvensiya ilə razılaşacağını gözləmək sadəlövhlük olardı. O baxımdan, ABŞ-nin regiona dənizdən həmlələri, təsir gücünü artırmaq cəhdləri davam edəcək. Xüsusən də NATO-nun Qara dənizdə lövbər salması onun Xəzərdə də təsirlərini gücləndirmək iştahını artırır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ